Türkiyə ilə viza məsələsində İran bəhanəsi

“İsraildən silah alanda İran nəzərə alınmırdı, məsələ Türkiyəyə gələndə Tehranın təzyiqləri yada düşdü?”

Ilham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında iki ölkə arasında viza rejiminin ləğvinə tədricən nail olunacağını bildirib. Onun sözlərinə görə, müəyyən kateqoriya insanlar – iş adamları, elm adamları, tanınmış şəxslər vardır ki, onların gəliş-gedişi üçün daha da asan rejim tətbiq oluna bilər:
“Bütövlükdə isə bizim müəyyən mexanizmlərimiz, daxili prosedurlarımız hələ tamamlanmayıb. Əlbəttə ki, Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. Bilirsiniz ki, Azərbaycanın heç bir ölkə ilə vizasız giriş müqaviləsi yoxdur. Türkiyə tərəfi bu mövzuda Azərbaycan tərəfinin mövqeyini anlayır. Birgə səylə bu məsələnin həlli üçün addımlar atacağıq(Turan)”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirir ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci Qəbələ toplantısı da iki ölkə arasında viza məsələsinə aydınlıq gətirmədi: “Yenə adı açıqlanmayan ”texniki məsələlərin” həll olunmadığı əsas gətirildi. Mətbuatda Iranın adı hallandırılıb. Belə xəbərlər yayılıb ki, Azərbaycan Türkiyə ilə vizanı ortadan qaldırıb, Iranla vizanı qüvvədə saxlasa, bu rəsmi Bakıya kobud desək baha başa gələ bilər. Başqa xəbərlər də var ki, rəsmi Bakı Ankaradan xahiş edib ki, Qəbələdə viza məsələsi gündəmə gətirilməsin, bunun səbəbi soruşulduqda isə yenə Iranın adı çəkilib. Əgər Irana görə Türkiyə ilə viza məsələsinin həlli uzanırsa, bu o deməkdir ki, iki strateji müttəfiqin arasına üçüncü dövlət girib. Belə çıxır ki, Iran artıq hər məsələdə Azərbaycanı şantaj edə bilər. Türkiyə ilə viza məsələsinin həll olunmaması Iranın şantajına baş əyməkdir. Buna baxmayaraq, əvvəlki fikrimdə qalıram, yəni Türkiyə ilə viza məsələsinin həll olunmamasında Iran amili çox şişirdilib. Mən başa düşmürəm, rəsmi Bakı xarici və təhlükəsizlik siyasətinin formalaşmasında nə vaxtdan Iran amilini nəzərə almağa başlayıb? Heç rəsmi Bakı Iranın düşməni olan Israildən 1 milyard dollardan artıq silah aldıqda Tehran amilini nəzərə almırdı.Heç rəsmi Bakı Iranın düşməni olan Israildən 1 milyard dollardan artıq silah aldıqda Tehran amilini nəzərə almırdı. Nə oldu da, Türkiyə ilə viza məsələsində Tehranın mümkün təzyiqləri yada düşdü? Fikir verin, son illər türkiyəli jurnalistlər Ilham Əliyevə eyni sualı verirlər: “Viza məsələsi nə zaman həll olunacaq?”. Bu illərdə cavabda da dəyişiklik olmayıb: “texniki məsələləri həll etməyə çalışırıq”. “Texniki məsələnin” həlli 6-cı ilinə daxil olub”.
E.Şahinoğlunun fikrincə, Türkiyə ilə viza məsələsinin həllinin yubanmasını iki dövlət arasındakı münasibətlərin ruhunda axtarmaq lazımdır: “Baxmayaraq ki, Türkiyə ilı enerji əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir, rəsmi Bakı Türkiyə vətəndaşlarına qapıları açmağa hazır deyil. Məsələ burasındadır ki, açılan qapılardan yalnız iş adamları, yeni texnologiyalar gəlməyəcək. Türkiyənin həyat şərtləri, dünyaya baxışları, fikir müxtəlifliyi də gələcək. Buna isə Azərbaycan hakimiyyəti içində hazır olmayanlar var”.  

Gültəkin