Sevda Ələkbərzadə Qüdsdə konsert verib

Qüdsdə Beynəlxalq “Jerusalem Sacred Music Festival” musiqi festivalı keçirilib. Müsabiqədə Azərbaycanı əməkdar artist Sevda Ələkbərzadə təmsil edib. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Argentina, Avstraliya, Bolqarıstan, Yunanıstan, Fransa və digər ölkələri təmsil edən ifaçılar çıxış ediblər.

Festival çərçivəsində S.Ələkbərzadə 2 min illik tarixi olan qədim mağarada geniş konsert proqramı ilə çıxış edib. Müğənni konsertdə “Şəbi-Hicran”, “Sevdalı dünya”, “Gül açdı”, musiqi albomlarından ən sevilən mahnılarını səsləndirib. Müğənnini konsertdə məşhur Mark Eliyaxın ansamblı müşayiət edib.

S.Ələkbərzadənin solo ifasında səslənən muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb. Təşkilatçılar ən gözəl konsertlər sırasında Azərbaycanın adını xüsusilə vurğulayıblar.

Müğənni bundan əvvəl də ABŞ, Belarus, Böyük Britaniya, Fransa, İtaliya və digər ölkələrdə keçirilmiş beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmişdi (AzərTAc).