“Biz istintaqdan yox, həbsdən narazıyıq”

“Bizim Nigarın barəsində açılmış cinayət işindən və onun istintaqının aparılmasından narazılığımız yoxdur”. Bunu barəsində həbs qətimkan tədbiri seçilərək həbs edilmiş və dünən Kürdəxanıda yerləşən təcridxanaya köçürülmüş müsavatçı fəal Nigar Yaqublunun atası Tofiq Yaqublu bu gün musavat.com saytının reportyorunun sorğusuna cavab olaraq deyib.

T.Yaqublu bildirib ki, qəza zamanı qızının nə dərəcədə təqsirli olub-olmaması istintaq nəticəsində meydana çıxacaq və son sözü məhkəmə deyəcək.

Bununla belə, T.Yaqublu qızının barəsində həbs qətimkan tədbiri seçilməsindən narazıdır və bunu həm qanunlara. həm mentalitetə zidd sayır: “Çünki bənzər hadisələrin demək olar ki, heç birində qadınlara qarşı bu cür sərt cəza seçilmir. Presedentlər də var. Bu, cinayət deyil. Qızım və qohumum qəzaya uğrayıb, biri vəfat edib, biri yaralanıb. Buna görə onu həbs etmək yersizdir. Həbs olunmaya da bilərdi. Zatən bu cür xətalara görə cinayət məcəlləsində elə bir sərt cəza da nəzərdə tutulmayıb”.