h hacizade

“Azərbaycana hakimiyyət dəyişikliyi lazımdır”

h hacizade“Qorxurlar ki, Kəmaləddin Heydərov onları aldadar. Ramiz Mehdiyevə isə, ümumiyyətlə, inanmırlar”

Hikmət Hacızadə: “İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsi Azərbaycanın gələcəyinə ziyandır”

“Obama BMT-də bəyan etmişdi ki, ard-arda prezident kürsüsünə yiyələnənlər Amerikanın düşmənidir”

Ictimai Palata son sessiyasında hakimiyyətin 3-cü dəfə eyni namizədlə seçkiyə qatılmaq istəyinə sərt reaksiya verdi. Təşkilat birmənalı şəkildə bəyan etdi ki, Ilham Əliyevin namizədliyini 3-cü dəfə irəli sürməsi yolverilməzdir və bu addım bir daha ölkədə avtoritar rejimin yarandığını sübut etmiş olacaq. Müsahibimiz H.Hacızadənin fikrincə, iqtidarın reallaşdırmağı çalışdığı bu plan, bir şəxsin namizədliyini 3-cü dəfə irəli sürməsi Azərbaycana yaxşı heç nə vəd etmir:

– Bu, əlbəttə, Azərbaycanın gələcəyinə ziyandır. Azərbaycana hakimiyyət dəyişikliyi lazımdır. Amma bir məqamı da vurğulamaq yerinə düşər ki, Ilham Əliyev 2008-ci ildə referendum dəyişikliyini edərkən namizədliyini qəti şəkildə verəcəyini düşünmürdü. Ilham Əliyev bu addımı daha çox özünə dayaq məqsədi ilə atmışdı. O zaman hakimiyyət daxilində gələcəklə bağlı müxtəlif fikirlər səslənirdi. Bilinmirdi gələcəkdə nə olacaq. Ona görə də kağız üzərində özlərinə hüquqi baza yaratmaq istəyirdilər. Yeri gəlmişkən, Ilham Əliyevin namizədliyini irəli sürməklə bağlı indi də tərəddüd içində olduğunu düşünürəm. Hələlik Ilham Əliyev bu barədə qəti fikir səsləndirməyib. Qərbdən də bu istiqamətdə sərt mövqe səsləndirilib. Üçüncü dəfə prezident olmaq yolverilməzdir. Barak Obama BMT-də çıxışında bildirmişdi ki, Amerikanın düşməni təkcə terroristlər deyil; öz ölkələrində demokratiyanı boğan, müddətsiz özlərini prezident seçdirən və bu yolla dövləti fəlakətə aparan liderlər də Amerikanın düşmənidir. O, açıq bəyan etmişdi ki, bir neçə dəfə ard-arda prezident kürsüsünə yiyələnən şəxslər Amerikanın, demokratiyanın, sülhün düşmənləridir.

Qərb hakimiyyətin qanun pozuntularını bir gün xatırladacaq

– Bəs dünya birliyi Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsinə necə yanaşacaq? Azərbaycan nələrlə üzləşə bilər?
– Heç şübhəsiz, buna kəskin reaksiyalar olacaq. Azərbaycan iqtidarının və dövlətinin beynəlxalq imici baş verən məsələdən korlanacaq. Bütün bu neqativ məqamlar bir yerə yığılır. Bir gün hakimiyyət barəsində olan bütün neqativlər üzə çıxacaq. Sonda da bir zəiflik olan kimi Qərb bütün hamısının qisasını alır və bütün pislikləri xatırladır. Liviya, Suriya, Misir hadisələri bunun əyani sübutudur. Biz bu cür dağıdıcı prosesləri istəmirik. Amma ölkədə zəruri dəyişikliklərin baş verməsini istəyirik. Bir sözlə, Qərb hakimiyyətin etdiyi yanlışları unutmur.

– Ictimai Palatanın səsləndirdiyi təklifə ölkənin digər siyasi qüvvələri də dəstək verərsə, proseslərin sonrakı gedişini necə dəyərləndirmək olar?
– Əlbəttə, bütün cəmiyyətin qüvvəsi bu prosesə qarşı səfərbər olunarsa, o zaman hakimiyyət Ilham Əliyevin namizədliyini 3-cü dəfə müdafiə etməyə cürət etməyəcək. Nəticənin əldə olunması üçün müqavimətin göstərilməsi gərəkdir. Yox, heç bir müqavimət olmayacaqsa, cəmiyyət oyanmayacaqsa, hakimiyyət geri çəkilməyəcək. Cəmiyyət bilməlidir ki, ölkə fəlakətə doğru gedir. Ölkədə təhsil, səhiyyə bərbad gündədir. Təsəvvür edin, valideynlər uşaqlarını rüşvət alınmayan məktəbə qoymaq istəyirlər. Amma belə məktəb tapa bilmirlər. Ölkədə kütləvi savadsızlıq yayılır. Vəziyyət belə qala bilməz.

Zəruri dəyişikliklərə imza atmağın yolu

– Azərbaycan prezident seçkisi ərəfəsində “Eurovision” yarışmasındakı kimi yenidən dünyanın gündəminə gələcək. Və Yaxın Şərqdə bir müddət sonra Suriyada Əsədin devrilməsi ilə demokratikləşmənin yeni mərhələyə qədəm qoyması gözlənilir. Bütün bunların fonunda I.Əliyev yenidən 3-cü dəfə namizədliyini verməkdə israr edə bilərmi?
– Bu proseslərin, daha sonra ölkə daxilindəki kütləvi etirazların hakimiyyətin davranışına təsiri ola bilər. Bir sözlə, ənənəvi qüvvələrlə dəyişiklik etmək olmaz. Ölkədəki köklü dəyişiklikləri istəyənlər gərək hamılıqla ayağa qalxsınlar. Məhz bu yolla ölkədə zəruri dəyişikliklərə imza atmaq olar.

– Seçki yaxınlaşdıqca hakimiyyətin seçkidə Rusiyadakı Putin variantından da istifadə edə biləcəyi gündəmə gətirilir. Amma Rusiyadan fərqli olaraq müvvəqəti prezident yerinə kənar şəxs yox, hakim ailənin öz içindən namizədlərin adları səslənir. Başqa vaxt hakimiyyətin böyük kadr potensialının olduğu bəyan olunur. Yəni bu kadr potensialı dövlət postuna bir şəxs tapa bilmədi?
– Bu, kadrın axtarışı ilə bağlı deyil. Sadəcə olaraq bu hakimiyyət heç kimə inanmır. Hakimiyyət yalnız öz ailə üzvlərinə inanır. Bu üzdən də alternativ namizədlərlə bağlı ailə daxilindən adlar çəkilir. Ilham Əliyevdən fərqli olaraq Putin heç olmasa dostcanlı adamdır. Hamı deyir ki, Putin dostları ilə əlaqə saxlamağı sevir, onlarla münasibətləri korlamır. Amma Əliyevlərdə dost anlayışı yoxdur. Bu barədə hələ Heydər Əliyev də deyib. Vaxtilə bir rus jurnalisti Heydər Əliyev və Şevardnadzedən müsahibə götürürdü. Sual belə idi. Sizin dostlarınız varmı və varsa, onlarla əlaqə saxlayırsınızmı? Şevardnadze bildirdi ki, bəli, onun dostları var və o, bu gün də onlarla əlaqə saxlayır. Amma Heydər Əliyev bəyan elədi ki, onun dostları yoxdur. Bu hakimiyyətin mahiyyəti bu cürdür. Ona görə də heç kimə güvənmir.

Rejim oliqarx məmurlara inanmır

– Bəs nəyə görə, hakimiyyətdə əsas fiqurlardan olan Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyevə və ya başqa oliqarx məmurlara, məsələn, Kəmaləddin Heydərova üstünlük verilmir?
– Çünki hakimiyyət hətta onlara da güvənmir. Bilmir ki,  sabah hakimiyyət onların əlinə keçəndən sonra davranışları necə olacaq. Qorxurlar ki, Kəmaləddin Heydərov onları aldadar. Ramiz Mehdiyevə isə, ümumiyyətlə, inanmırlar. Hakimiyyət yalnız öz yaxınlarına inanır. Amma maraqlı məsələ ondan ibarətdir ki, biz bu hakimiyyətin yaxınlarının kimlər olduğunu da dəqiq bilmirik. Hələ dəqiq bilinmir ki, Ilham Əliyevə kim məsləhət verir, onun yaxın çevrəsi kimdir. Ona görə də nə biz, nə də beynəlxalq ekspertlər hakimiyyətdə kimin qərarların qəbulunda böyük rol oynadığını dəqiq öyrənə bilməyiblər. Ölkə necə idarə olunur? Hakimiyyətin addımlarını müzakirə etdiyi siyasi bürosu varmı? Digər tərəfdən, bunların addımlarına baxanda görürsən ki, tamamilə emosional və düşünülməmiş addımlar atılır. Ramil Səfərovun adı ətrafında lazımsız skandal da bunu göstərir. Azad ediblər. Yaxşı. Bəs bu qalmaqal nəyə lazım idi?

– Azərbaycan beynəlxalq strukturları zaman-zaman tənqidə məruz qoyur. Bir neçə gün əvvəl Ilham Əliyev Avropa Şurasının rəhbərliyinə qarşı Ramil Səfərovun məsələsi ilə bağlı sərt tənqidlər ünvanlayıb. Millət vəkili Azay Quliyev isə Azərbaycan məmurlarına Avropa Şurası ilə əlaqələri kəsməyi təklif edib. Sizcə, bu təkcə Ramil Səfərova görədir, yoxsa Avropa Şurası ilə olan çoxdankı “haqq-hesab” çəkilir?
– Bu cavab yalnız Ramil Səfərova görə deyil. Ümumiyyətlə, bir qayda olaraq Avropa Şurası Azərbaycanı sərt tənqid edir. Azərbaycan hakimiyyəti də onu tənqid edənləri sevmir. Ona görə Qərbə bu cür mesajlar ünvanlanır ki, Azərbaycan istiqamətini dəyişə, Rusiya meyilli kurs seçə bilər. Biz daim bu cür bəyanatların şahidi oluruq. Amma Qərbyönümlü olmaqdan imtina Azərbaycan üçün böyük fəlakət olacaq. Biz Qərblə əlaqələri tamamilə qırsaq, o zaman Rusiyanın nəzarətinə düşəcəyik.

– Qəbələdə Ərdoğanla Ilham Əliyevin görüşü zamanı müzakirə olunan məsələlərdən birinin də məhz iki ölkə arasında viza rejiminin ləğvi ilə bağlı olması barədə informasiyalar yayılıb. Amma sonradan bu məsələ Iranın sərt təzyiqi nəticəsində gündəlikdən çıxarılıb?
– Bəli, bu inandırıcı informasiyadır. Iranın bu məsələyə qarşı çıxması məlumdur və ola bilər ki, bu dəfə Tehran öz mövqeyini daha sərt formada ifadə edib. Bu üzdən də vizanın müzakirəsi gündəmdən çıxarılıb.

– Yeri gəlmişkən, Azərbaycana daha bir təzyiq Şimal qonşusundan gəlib. Putin növbəti dəfə Avrasiya Ittifaqının genişləndirilməsinin zəruriliyini ifadə edib. Burada məqsəd nədir?
– Rusiya fobiyaların içərisində yaşayır. Dünya guya Rusiyaya qarşıdır. NATO bilərəkdən silahlarını Rusiyanın sərhəddinə yaxınlaşdırır. Ona görə də Rusiya bu cür ittifaqların yaradılması ideyasını ortaya atır. Azərbaycan və başqa ölkələrin də bu birliyə qoşulmaq təklifi sırf onu Qərbə qarşı qoymaq məqsədi daşıyır.
Qərb Qarabağ müharibəsinə imkan verməz

– Ölkəmizə son zamanlar xarici diplomatların səfərləri intensivləşib. Bu günlərdə ATƏT-in 19 ölkəsinin səfiri və NATO-nun rəhbəri Bakıda oldu. Səfərlərin intensivliyin necə dəyərləndirmək olar?
– Bu səfərlər bir daha göstərir ki, Azərbaycan demokratik Qərbin maraq darəsindədir. Amma təəssüf ki, hələ ki, Azərbaycanda situasiyanı kökündən dəyişməyə imkan yoxdur. Əgər Qərb Azərbaycana qarşı sərt sanksiyalar tətbiq etməyi hazırkı məqamda bacarsaydı, bu nümayəndə heyətlərinin səfərlərinə ehtiyac olmazdı.

– Ilham Əliyev ATƏT-in səfirləri ilə görüşündə bəyan edib ki, hazırda ATƏT-in Minsk qrupu yaranandan ilk dəfədir, danışıqlar prosesi dalana dirənib. Bundan başqa, bəzi fərziyələrə görə, Ramil Səfərovun azadlığa buraxılmasından sonra Qarabağ probleminin həlli ilə bağlı danışıqlar kəsilə, hətta müharibə başlaya bilər.
– Qərb Qarabağ müharibəsinin yenidən alovlanmasından çox qorxur. Müharibə başlasa, əlbəttə, Azərbaycan Rusiya-Ermənistan birliyi qarşısında duruş gətirə bilməyəcək. Digər tərəfdən, burada iqtisadi maraqlar var. Rusiya-Gürcüstan müharibəsi olanda bizim neft kəməri bir müddət işləmədi və müqavilə iştirakçılarına iki milyard ziyan dəydi. Bizim Qarabağı qaytarmaq üçün başqa silahımız hələ ki, yoxdur. Ona görə müharibə şantajından istifadə olunur. Halbuki daha effektli silah ölkədə demokratiyanın qurulması ola bilərdi. Məhz ölkənin demokratikləşməsi yolu Qarabağ probleminin həllinə də nail olmaq mümkün olardı.

Xəyal