“Oğlumu öldürüblər, sonra orqanlarını satıblar”

İbayevlər ailəsi: “Cəbrayılın icra başçısı Mahmud Quliyev, rayon səfərbərlik idarəsinin rəhbəri susmağımız üçün oğlumuza şəhid statusu verəcəyini dedi; Akif adlı şəxs bizə küllü miqdarda pul verəcəyini söylədi, təki susaq”

Hərbi Prokurorluq: “Əsgərin ölümünə səbəb baş-beyin toxumasının dağılması, massiv qan itirmə, kəllə qapağı sümüklərinin sınığı ilə müşayiət olunan, başın bir ədəd dəlib keçən odlu silah-güllə ilə yaralanması olub”

Hərbi xidmətdə övladlarının öldürüldüyünü iddia edən Ibayevlər ailəsi ötən gün RATI-də mətbuat konfransı keçirdilər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov 4 ay öncə Naxçıvana hərbi xidmətə gedən əsgərin – Ismayıl Ibayevin meyidinin göndərildiyini bildirib. Ismayıl Ibayev ailəsinin Cəbrayıldan qaçqın düşdüyü Biləsuvar rayonunda dəfn edilib.
Ölümlə bağlı Müdafiə Nazirliyi rəsmi olaraq əsgərin avtomatdan yaxın məsafədən atəş açıb özünü güllələyərək intihar etdiyini bildirir. Ancaq mərhumun ailəsi əsgərin daxili orqanlarının satılması məqsədilə qətlə yetirildiyini iddia edir. Ibayevlər əsgərin ölümünün intihar nəticəsində yox, qətl nəticəsində baş verdiyini söyləyirlər.
Meyit torpağa qoyulmazdan öncə yuyularkən mərhumun atası oğlunun daxili orqanlarının olmadığını görüb. Bundan sonra ailə meyidin ekskumasiya olunmasını tələb edib. Eyni zamanda, ölkənin hərbi prokurorluğuna müraciət edərək faktın araşdırılmasını istəyib. Ekspertlərin iştirakı, valideyn və qohumların gözü önündə meyidin dəfninin 39-cu günü ekspertiza keçirilib. Ekspertlər nə üçünsə “daxili orqanların çürüməsi” kimi rəy veriblər: “Ekspertiza keçirilən zaman Biləsuvar polisi qəbiristanlığa yeridilib. Həm də ekspertizadan dərhal sonra polis əməkdaşları qəbrin üstünü sementlə qapatmaq istəyiblər. Əsgərin valideynləri, yaxınları buna imkan verməyib”.
Ismayıl Ibayevin anası Iradə Məmmədova ekspertizanın verdiyi rəyi əsassız sayır: “Bütün bu saxta rəylər məhz qətl, daxili orqanların çıxarılması faktını ört-basdır etmək üçündür. Oğlumun daxili orqanları satılmaq üçün çıxarılıb. Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon səfərbərlik idarəsinin başçısı susmağımız üçün oğlumuza şəhid statusu verəcəyini dedi. Bundan başqa, Akif adlı şəxs bizə küllü miqdarda pul verəcəyini söylədi. Təki susaq, ancaq mən oğlumun qatilini görmək istəyirəm”.
“4 ay tamam deyildi əsgər aparılmışdı. Bu dörd ayda pulumuz olmadı ki, bir dəfə Naxçıvana yanına gedək. Qardaşına zəng edirmiş, deyirmiş burda məni incidirlər, qardaşı da deyirmiş ki, biz də əsgər olmuşuq, əsgərlikdə belə şeylər olur, döz. Ölümündən bir neçə gün əvvəl yenə zəng vurub, yenə şikayət edib, qardaşı yenə onu sakitləşdirib, bizə də heç nə deməyib ki, narahat olarıq. Uşağın meyidi gələndən sonra bilmişik bunu”, – deyə ana vurğuladı.
Telefon vasitəsilə Fransadan konfransa qatılan Rahim Namazov vaxtilə Naxçıvan hərbi prokuroru Yaşar Həsənovun sürücüsü olduğunu söyləyib. O, əsgərlərin daxili orqanlarının çıxarılması kimi faktın ilk dəfə baş vermədiyini bildirdi: “Yaşar Həsənov bir neçə il öncə kefli halda mənə “dünən yata bilməmişəm, filan əsgər yuxuma girib, ”böyrəklərimi ver” deyirdi, elə bil itdir, iy bilir ki, böyrəkləri məndədir. Eyni zamanda, Gəncədə xidmət etmiş Spartak adlı zabit də belə tale yaşayıb”.
Azərbaycanın adının “qara transplantasiya” məsələsində beynəlxalq miqyasda hallandığını deyən R.Namazov baş verənləri bu şəbəkənin əməli kimi dəyərləndirib.
Hərbi Prokurorluğunun mətbuat xidməti məsələyə münasibət bildirib. “Müdafiə Nazirliyinin Naxçıvandakı ”N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmətdə olmuş əsgəri Ismayıl Ibayevin ölümü ilə əlaqədar cinayət işinin istintaqı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda davam etdirilir. Əsgər Ismayıl Ibayevin ölməsi faktına görə 31 iyul 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyinə əsasən müəyyən olunub ki, əsgərin ölümünə səbəb baş beyin toxumasının dağılması, massiv qan itirmə, kəllə qapağı sümüklərinin sınığı ilə müşayiət olunan, başın bir ədəd dəlib keçən odlu silah-güllə ilə yaralanması olub. Aparılmış istintaqla müəyyən edilmişdir ki, “N” saylı hərbi hissənin bölük komandiri kapitan Rövşən Ataşov Hərbi Nizamnamə qaydalarını pozaraq tabeliyində olan mərhum əsgər Ismayıl Ibayevi bir neçə dəfə sillə ilə vuraraq döymüşdür. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan mərhum əsgər Ismayıl Ibayevi döydüyü üçün kapitan Rövşən Ataşov 31 avqustda Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir.
Mərhum əsgərin valideynləri oğluna xidmət yerində işgəncə verilməsi, onun komandiri tərəfindən öldürülməsi və daxili orqanlarının çıxarılaraq satılması barədə Hərbi Prokurorluğa müraciət edərək oğlunun meyidinin ekskumasiya edilməsini xahiş ediblər. 7 sentyabrda mərhum əsgər Ismayıl Ibayevin valideynlərinin, nümayəndəsinin, müstəntiqin, prokuror-kriminalistin, məhkəmə-tibbi ekspertin və məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq foto, video və digər yazan texniki vasitələrdən istifadə olunmaqla meyit qəbirdən çıxarılıb müayinə olunarkən meyidin daxili orqanlarının yerində olduğu təsdiq edilmiş, əsgərin atası Rafiq Ibayevin ərizəsində göstərilən digər xüsusatların yoxlanılması üçün mərhum əsgərin daxili orqanlarından nümunələr götürülərək komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Mərhum əsgər Ismayıl Ibayevin meyidinin təkrar məhkəmə-tibbi müayinəsinin nəticələrinə əsasən valideynlərinin ərizəsində meyidin daxili orqanlarının çıxarılaraq satılması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bu cür hallar ordumuza qarşı müntəzəm olaraq qeyri-sağlam münasibətdə olan müxtəlif qruplar tərəfindən uydurulan şayiələrdir”, – deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.

Ramin DEKO