Rövnəq Abdullayevin bankı 110 min borcun müqabilində yarım milyonluq mülkü ələ keçirmək istəyir
Gəncəli sahibkar Yusif Rzayevin əmlakı bir qrup şəxs tərəfindən talanıb. Bu barədə “Azadlıq”a Yusif Rzayevin özü bildirib. Sahibkar deyir ki, o, özünə məxsus “Qarant” MMC şirkətini və evini “Bank Respublika”ya girov qoyub. Bank Yusif Rzayevin əmlakını 550 min manat məbləğində dəyərləndirib.
Sahibkar bankdan 250 min manat kredit götürüb: “Həmin pulu Ukraynanın Jitomir vilayətində fəaliyyət göstərən və mərmər istehsalı ilə məşğul olan bir müəssisənin hesabına köçürmüşəm. Həmin müəssisə mənə 6 vaqon mərmər göndərib. Lakin bu mərmərlər Azərbaycanda başqa şəxslərin adına rəsmiləşdirilib. Bu dələduzluq olayı ilə bağlı müvafiq qurumlara müraciət etsəm də, nəticəsi olmayıb. Beləliklə faktiki olaran 250 min manat pulum bir qrup şəxs tərəfindən mənimsənilib. Bununla belə banka 140 min manat pul ödəmişəm”.
Yusif Rzayevin sözlərinə görə, onun banka 110 min manat borcu qalıb. Lakin bank bu borcun müqabilində sahibkarın 550 min manat dəyərində olan əmlakını ələ keçirib. Bu işdə banka məhkəmələr yardım edib. Yusif Rzayev bildirib ki, bank əvvəlcə Kəpəz Rayon Məhkəməsində ona qarşı evin və şirkətin boşaldılması ilə bağlı iddia qaldırıb. Məhkəmə qərar çıxarıb ki, ev və şirkət hərraca çıxarılsın, satıldıqdan sonra bankın borcu ödənsin. Bu məsələdə maraqlı olan “Bank Respublika”nın mühafizə xidmətinin rəisi Novruz Quliyev və Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədovun qardaşı Cəlal Məmmədov dərhal Yusif Rzayevə məxsus əmlakını hərraca çıxararaq real dəyərindən dəfələrlə aşağı öz yaxınları Teymur Rəsulova “satıblar”. Lakin onlar bununla kifayətlənməyərək “Qranit” MMC Göygöl rayonunda yerləşdiyi üçün orada iddia qaldırıblar. Hakim Fikrət Hüseynov bankın xeyrinə qərar çıxarıb.
Yusif Rzayev bildirir ki, hazırda bu işlə bağlı məhkəmə çəkişmələri davam edir. Lakin Novruz Quliyev və Cəlal Məmmədov onu hədələyərək əmlakını zorla əlindən almaq istəyirlər. Sahibkar ölkə başçısı Ilham Əliyevdən bu məsələyə diqqət ayırmasını xahiş edir.