Arif Rəhimzadə isə Qalib Salahzadənin özünün də vaxtilə qanunsuzluqlara yol verdiyini bildirib
“Əksər rayon icra başçıları tərəfindən qanunsuz olaraq bələdiyyə torpaqları 99 illiyinə icarəyə verilir. Bu qanunsuzluqların qarşısını kim və necə almalıdır?”
Bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin iclasında millət vəkili HacıÿQalib Salahzadə dilə gətirib. Millət vəkili qeyd edib ki, icra başçılarının bu qanunsuz əməllərinə son qoymağın vaxtıdır:”Mən parlamentdə Bakı kəndlərini təmsil edən millət vəkiliyəm.
Seçicilərim, vətəndaşlar məndən tələb edirlər ki, bu məsələ yoluna qoyulmalıdır. Onların evlərinə sənəd verilməlidir. Çünki bu gün Bakı kəndlərində, qəsəbələrində hər 100 evdən 90-95-nin sənədi yoxdur”.
Millət vəkilinə cavabında sözü gedən komitənin sədriÿArif Rəhimzadə bildirib ki, bələdiyyə torpaqlarını bələdiyyələrin icazəsi və qərarı olmadan heç kim icarəyə verə bilməz:”Mən demirəm ki, icra hakimiyyətlərində hər şey əladır. Orada da bu cür qeyri-qanuni hərəkət edənlər var. Elə siz özünüz də vaxtilə icra hakimiyyətində işləmisiniz və bəzi qeyri-qanuni hərəkətlərə yol vermisiniz. Yaxşı olar ki, həmin Mərkəz bu məsələ ilə bağlı Bakı Şəhər Icra Hakimyyətinə rəsmi müraciət etsin. Müraciət etsin ki, bu məsələni birdəfəlik yoluna qoysunlar. Əgər bu məsələni Icra Hakimyyəti yoluna qoymaq istəmirsə, vətənaşlar da öz işlərini bilsinlər. Çünki doğrudanda bu məsələ hamını narahat edir. Insanlar narahatçılıq içindədirlər. Odur ki, bu problem yoluna qoyulmalıdır”. Sonra millət vəkili Bakı kəndlərində evlərin 99-95 faizinin sənədləşdirilməməsindən narazılığını ifadə edib. Bununla bağlı millət vəkilinə cavab verən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş üzrə Mərkəzinin sədri Mehdi Səlimzadə bildirib ki, bu yöndə müvafiq qanun qəbul olunub, sadəcə onun icra edilməsi ilə əlaqədar müvafiq qaydaların hazırlanmasına ehtiyac var:”Bu qaydalar hazırlanandan sonra hesab edirəm ki, bu məsələ ilə bağlı problemər yavaş-yavaş öz həllini tapmış olacaq”.
Qeyd edək ki, Hacı Qalib Salahzadə Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.