Dəməşqdəki partlayışda iki ayağını itirən Mahir Əsədin Lazkiyədə babalarının yanında dəfn olunduğu bildirilir
Suriyada vətəndaş müharibəsi davam edir. Ölkənin müxtəlif yerlərində hökumət qüvvələrilə müxaliflər arasında şiddətli döyüşlərin yaşandığına dair xəbərlər yayılıb. Bəşər Əsəd rejimi əsasən müxaliflərin paytaxt Dəməşq və Hələb şəhərlərindəki düşərgələrini hədəf alıb. Hələbdə müxaliflərin sığındığı yaşayış məskənlərinin bombalanması nəticəsində 30-dan çox insanın öldüyü deyilir.
Bu arada, Bəşər Əsədin qardaşı, müxaliflərə qarşı sərt hücumlarıyla tanınan Mahir Əsədin öldüyü xəbəri yayılıb. Türkiyə mətbuatı ərəb mənbələrə istinadən avqustun 18-də Təhlükəsizlik Idarəsinin binasında törədilən və Suriyanın yüksək vəzifəli hərbi rəhbərlərinin öldüyü partlayışda iki ayağını itirən Mahir Əsədin öldüyü bildirir. Xəbərdə deyilir ki, partlayış nəticəsində iki ayağını itirmiş Mahir Əsəd bir müddət rusiyalı həkimlərin nəzarətində olsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mahir Əsədin cəsədinin gizli şəkildə Lazkiyə şəhərinə gətirilərək babalarının yanında – Kardaha kəndində dəfn edildiyi də dolaşan xəbərlər arasındadır.
Bütün bunlarla yanaşı, ABŞ-ın Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsi üçün səylərini artırdığına dair iddialar yayılıb. Yayılan xəbərlərə görə, ABŞ Bəşər Əsədin hakimiyyətdən getməsinə qarşı çıxan Rusiyaya Irana yönəlik hərbi müdaxilə olmayacağı vədini verib. Yaxın Şərqli rəsmilərə istinadən yayılan xəbərdə bildirilir ki, Ağ ev Irana hücum etməyəcəyinə dair Rusiyaya zəmanət verib. Qarşılığında isə Rusiyadan Bəşər Əsədə verilən dəstəyin dayandırılmasına dair zəmanət istəyib.
Dolaşan iddialarla bağlı rəyi soruşulan suriyalı rəsmi isə Rusiyaya güvəndiklərini bildirib. O, Rusiyanın Suriya hakimiyyətinə dəstəyini davam etdirəcəyini söyləyib. Rəsmi həmçinin Türkiyənin Bəşər Əsəd əleyhdarlarına hərbi dəstəyi artırdığını deyib. O, Qətərin və Səudiyyə Ərəbistanının Türkiyə vasitəsilə suriyalı üsyançılara silah göndərdiyini də vurğulayıb.
Suriya hakimiyyətinə əsas alternativ və Əsəddən sonrakı dövrün ən əhəmiyyətli aktyorlarından biri sayılan “Müsəlman Qardaşları” təşkilatının rəhbəri Riyad Şəkfa Əsəd rejiminin Türkiyəyə zərbə vurmaq məqsədilə terror təşkilatı PKK-ya düşərgələr qurduğunu açıqlayıb. Onun sözlərinə görə, PKK düşərgələri ilk olaraq Hələb səhralarında qurulub. Müxaliflərin şəhərə hücumundan sonra həmin düşərgələr başqa yerlərə köçürülüb. Riyad Şəfka deyib ki, PKK düşərgələrində Türkiyə ərazisində terror aktlarının həyata keçirilməsi planlaşdırılır və türk ordusunu hədəf alan hücumların təlimləri keçirilir.