İn Mo Li: “Tunel tikintisində yeraltı və yerüstü məsafə düzgün qorunmur, bu isə fəlakətlə nəticələnə bilər”
“Dənizkənarı Parkda suyun içində tunellərin tikilməsi layihəsini dayandırılması yaxşı olar”
Azərbaycanda ilk dəfə keçirilən “Şəhərlərdə tunel və yeraltı infrastrukturlar” adlı beynəlxalq konqres-sərginin davamı olaraq, Azərbaycan Memarlıq və Inşaat Universitetində (AzMIU) treninqlər keçirilir.
AzMIU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Şəhər ərazilərdə tunellərin tikintisi” adlı təlim-treninqlərdə bir sıra mövzular müzakirə olunacaq. Kursun əsas məqsədi, şəhərətrafı və şəhərin mərkəzi ərazilərində tunel inşaatı və dizaynı istiqamətində tələbələri məlumatlandırmaq, onların fikirlərini öyrənmək və öz sahələrində gələcəyin peşəkarlarına çevrilmələri üçün istiqamət verməkdir.
“Şəhər ərazilərində yeraltı infrastrukturlardan istifadə nəyə görə lazımdır?” mövzusunda çıxışında fransalı mütəxəssis Olivier Vion yeraltı tikililərin inşasına daha diqqətə yanaşılmalı olduğunu deyib:”Bir tunelin ömrü 120 il ola bilər, lakin körpülər 50 ildən sonra mütləq ya yenidən qurulmalı, ya da sökülməlidir”.
Beynəlxalq Tunel Assosiasiyasının prezidenti In Mo Li dağlıq ərazilərdə olan tunellərlə şəhər ətrafındakı tunellərin tikintisini eyniləşdirməyin böyük fəsadlar törədəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, yeraltı sular məsələsi də şəhərlərdə tunel tikintisində vacib əhəmiyyət daşıyır:”Bu halda 2 üsul seçilir: yarıb örtmək və yeraltı kəsmək. Hazırda Azərbaycanda daha çox mexaniki və ənənəvi üsuldan istifadə edilir. Lakin bəzi hallarda tunel tikintisində yeraltı və yerüstü məsafə düzgün qorunmur, bu isə fəlakətlə nəticələnə bilər. Azərbaycanda yeraltı suların çoxluğu və duzluluğun bol olması, bu ölkədə tunel tikintisinə daha diqqətlə yanaşılmalı olduğunu göstərir. Məndə olan məlumata görə, hazırda Dənizkənarı Parkda,
suyun içində tunellərin tikilməsi ilə bağlı gənc mütəxəssislərinizin layihələri var. Bunu etməsəniz, yaxşı olar. Dünyada bunun analoqu olan məşhur Çimni tuneli var.
Bu cür tunellər yer üstündə hazırlanır, sonradan suyun içində yerləşdirilir. Amma bu, çox təhlükəlidir. Dənizin içərisində tikilən hər şey həm diqqətli inşa olunması, həm də uzun ömürlü olmalıdır. Texnologiyanın inkişafı bizi çaşdırmamalıdır”.
Müzakirələr zamanı tunellərin yerüstü titrəyişlərə səbəb olması ilə bağlı nümunələr, tunellərin bina və başqa strukturlara təsiri, risklər və təhlükəsizliyin təmin olunması mövzuları ilə davam edib.