Yaxud “Ginnesin rekordlar kitabı”na düşmək üçün icra başçısı Lütfəli Babayevlə görüşmək lazımdır
“Lütfəli Babayevin qanunsuz əməllərilə bağlı müraciətlərim davam edəcək və mən halal pulumu ondan almayınca susmayacağam”. Bu sözləri “Azadlıq”a sahibkar Fəqan Nəsibov deyib.
Xatırladaq ki, Zərdabın icra başçısı Lütfəli Babayev Fəqan Nəsibovun 65 min dollar pulunu mənimsəyib. Hadisə Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən baş verib. Fəqan Nəsibovun sözlərinə görə, o zaman Mingəçevirdə trolleybus ləğv edilib. Lütfəli Babayev isə trolleybus xətlərini satmaq istəyib. Fəqan Nəsibov bu məsələ ilə bağlı icra başçısı ilə kabinetində görüşüb və sövdələşmə aparılıb. Sahibkar beh olaraq Lütfəli Babayevə əvvəlcə 30 min dollar verib. Daha sonra icra başçısı müxtəlif bəhanələrlə sahibkardan 35 min dollar alıb. Fəqan Nəsibov bir neçə ay gözlədikdən sonra icra başçısından səs-soraq gəlmədiyini görüb, yenidən onun qəbuluna gedib. Lakin Lütfəli Babayev onu qəbul etməyib. Sahibkar icra başçısının qardaşı Hacı Xanəli Babayevlə görüşərək məsələni ona danışıb. Hacı Xanəli Babayev Fəqan Nəsibovdan 20 gün vaxt istəyib. 20 gündən sonra Hacı Xanəli Babayev sahibkara deyib ki, qardaşı onu tanımır. Fəqan Nəsibov aldanıldığını başa düşərək bununla bağlı ölkə başçısı Ilham Əliyevdən tutmuş, Mingəçevirin hüquq-mühafizə orqanlarının rəhbərlərinə qədər hər kəsə müraciət edib. Lakin nəticə əldə olunmayıb.
Fəqan Nəsibov bu açıqlaması “Azadlıq”da dərc olunandan sonra Lütfəli Babayev mətbuata bildirib ki, o, belə bir adam tanımır.
Sahibkar isə Lütfəli Babayevin yalan danışıdığını bildirir. Fəqan Nəsibov dünən redaksiyamızla növbəti dəfə əlaqə saxlayaraq icra başçısından şikayətlərini davam etdiriyini bildirib: “Əgər məni tanımırsa, qəbul eləsin məni, desin ki, nə istəyirsən? Mən elə onun özünə dəfələrlə yazılı müraciət etmişəm. Niyə bir dəfə məni qəbul edib soruşmur, axı sən kimsən, nə vaxt mənimlə görüşüb, sövdələşmə aparmısan?
Çağırmır ona görə ki, təqsiri olduğunu bilir. Mən onun kabinetində bir neçə saat oturub onunla çay içib söhbət etmişəm. Əslində mən “Ginnesin rekordlar kitabı”na düşməliyəm. Çünki bütün dünyada yeganə adamam ki, 65 min dollara bir stəkan çay içmişəm”.