“Zon”dakı “razborka”lar…

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Yayın insanı bişirən günlərinin birində Ziya mısmırığını sallayıb baraka girdi. Yanıma çağırdım və uzun çək-çevirdən sonra nə baş verdiyini öyrənə bildim. Ikinci mərtəbədəki yemək otağında qoyulan bir ventilyatorun üstündə əməlli-başlı mübahisə düşübmüş və hətta dava həddinə qədər çatacaqmış. Ziyagil bu ventilyatoru elə qoymağı təklif ediblərmiş ki, daha çox adam küləklənə bilsin, amma bizim Talehin “xlebnik”ləri ventilyatorun üzünü özlərinə tərəf çeviriblər. Mübahisənin gedişinə Taleh müdaxilə edib və nəyə görəsə, haqsız tərəfi müdafiə edib.
Talehdən bu hərəkəti gözləmirdim. Ona görə də yuxarı qalxmadan əvvəl ona yaxınlaşıb nə baş verdiyini soruşdum. O, Ziyanın danışdığı versiyanı təsdiq etdi və sübut eləməyə çalışdı ki, hansı mülahizələrə görə onu haqlı saymalıyam. Mən söhbəti kəsdim və yemək otağına qalxdım. Ikicə dəqiqə sonra pilləkənin üstündə zühur etdim, əlimdəki ventilyatoru zərblə pilləkənin dəmir pillələrinə çırpdım. Ventilyator qırıq-qırıq oldu. Həyət adamla dolu idi və hamı heyrətlə mənə baxırdı. Bu vaxta qədər kimsə hirsləndiyimi və belə ekstravaqant hərəkət etdiyimi görməmişdi. Hamı susub durmuşdu, bütün sifətlər həyətin ortasında durub ifadəsi bəlli olmayan baxışlarla mənə baxan Talehin reaksiyasını gözləyirdi. Bir tərəfdə də Ziya və on-on beş başqa adam dayanmışdı. Dəqiq bilirdim ki, artıq-əskik söhbət olsa, burada qan su yerinə axacaq. Azacıq gözlədim və yavaş-yavaş düşüb adamların arasından keçərək baraka girdim. Kupedə uzanaraq adətim üzrə ingilis dili kitabını götürüb oxumağa cəhd etdim. Bir neçə dəqiqə sonra başımın üstündə kiminsə dayandığını gördüm. Ətrafa baxdım. 50-dən çox adam barakın qapısı ağzına toplanıb bizə baxırdı. Onlardan bir qədər qabaqda Ziya beş-altı nəfərlə dayanmışdı. Başımın üzərində isə Taleh dayanmışdı. Dikəlib çarpayıda oturdum və onun nə deyəcəyini gözlədim. Taleh üzbəüzdə, Rövşənin çarpayısında oturdu. Əlini uzadıb mənim dolabımdan iki stəkan götürdü, özünə və mənə çay süzdü:
– Gərək, səninlə birlikdə mən də başlayaydım ingilis dilini öyrənməyə…
– O zaman avara-avara söhbətlərə də az baş qoşardın.
Taleh başını aşağı saldı. Bir az fikirləşib:
– Bu axmaqlar elə bilirlər ki, mən ventilyatora görə səninlə mübahisə edərəm. Onların zərrə qədər şüuru olsa, belə fikirləşməzlər.
Sonra nəsə bir rus lətifəsi danışdı. Ikimiz də bərkdən güldük. Ilk növbədə agentura dağıldı. Qapının ağzındakı izdihamın üstündən ağırlıq götürülmüş kimi dəbərişmə başladı. Uşaqlar iki-bir, üç-bir kupemizə tərəf gəlməyə başladılar. Kupedə səs-küy qalxandan sonra baxdım ki, qonşu kupenin ikinci mərtəbəsində yatan varmış: Araz gərnəşdi, bir ayağını aşağı sallayıb ayaq barmaqları ilə kətilin üstündəki corabları qaldırdı, bizə tərəf baxıb: “Qoymazsınız da, adam kimi ölək… Çayınız varmı?” – dedi və sürüşüb aşağı düşdü…
Daha bir temperatur olayı qışda baş vermişdi. Amma həmin olay təpik və yumruq həddinə qədər gedib çıxmışdı. Bu davada mənim izim-tozum da yox idi. Qovğa “Koptorq”çu Telmanla Ağcabədili Natiqin arasında olmuşdu. Telman QIÇS (SPID) xəstəsi idi və insafən onun özünə xüsusi qayğısı anlaşılan idi. Zatən, xəstəliyini nəzərə alaraq “koptorq”a yerləşdirmişdilər ki, orada balaca elektrik pilətəsi quraşdırıb canını qızdıra bilsin. Natiq üçün isə Telmanın canı yox, əlində hərlədiyi “çifirbak” daha dəyərli predmet idi. Bu balaca pilətənin istisini hiss etmək üçün az qala, onun üstündə oturmaq lazım gəlirdi və görünür, bu tünlükdən dolayı Natiqlə onun arasındakı mübahisə qarşılıqlı təpik mübadiləsilə başa çatmışdı. Natiq üst-üstə düz 26-cı ilini həbsdə keçirirdi. Buna görə də onun “zon”da əl-qol atmasına xüsusi səbəblər lazım ola bilərdi. Bu məsələnin söz-söhbətini də hərləyib-fırlayıb bizim baraka saldılar.
Axşam idi və bekarçılıqdan onsuz da bir məşğuliyyət axtarmaq lazım gəlirdi. Mənə olayı danışdılar və bir neçə nəfərin adını çəkdim, bu söhbətin axırına çıxmaq üçün həmin adamları çağırmaq gərək olduğunu dedim. Adamlar gəldilər. Bu adamlar, Taleh də daxil olmaqla, “zon”un “hörmətli uşaqları” sayılırdı. Həqiqətən də dırnaqsız-filansız, hörmətli adamlar! Hər ikisini danışdırdıq. Zarafat deyil, korpusdan “bespredel” iyi gəlmişdi. Mənasız bir olayın üstündə təpik-yumruq hərlənmişdi. Buna qiymət vermək lazım idi. Sifətlərdən ciddiyyət yağırdı. Amma kimlərsə hiss etmişdi ki, bu “iclas”ın sonu bir məzhəkə ilə qurtaracaq.
– A bala, bütün gün ərzində yuxarıda oturub “Kurtlar vadisi”nə baxırsınız… – dedim.
Bu serial Rövşənlik idi. Evdən buraya müxtəlif türk seriallarının disklərini daşıtdırırdı. Bir televizor da alıb yuxarıdakı yemək otağına qoymuşdu. Nə vaxt ora çıxırdın, sifətindən cin yağan cinayətkarların oturub seriala baxdıqlarını görürdün. Amma insafən, bu seriallarda nə hikmət vardısa, bu qədər azman cinayətkarın baxışlarından mələk məsumiyyəti yağdırırdı. Yemək otağında cınqırını çıxaran olmurdu. Son həftələrdə də “Kurtlar vadisi”ni hərləyirdilər. Bu serial özünün cinayətkar epizodları ilə daha doğma idi. Eyni zamanda, bu qədər vəhşətlə bir araya sığmayan “müdrik” ifadələr serialı bir qədər əsrarəngiz edirdi. Filmin qayəsi “müqəddəs ideallar naminə ən yaramaz cinayətlər də məqbuldur” kimi axmaq özül üzərində qurulub və filmin yaradıcıları da, orada oyun çıxaran aktyorlar da həmin bu heyvani ekzotikanın əsirinə çevrilib, onu illərdir davam etdirirlər və serial daha bir neçə il uzansa, bu aktyorların gerçək məişətdə də adam əti yeyəcəyi gerçəkləşəcək – təbii ki, “türk dövlətçiliyi naminə hannibalizm müqəddəsdir!” məntiqi ilə. Hələliksə, hannibalizm mərhələsinə çox var və mənim bu filmi həftələrdir izləyən sevimli cinayətkarlarım oradakı mübhəm ideyanın əsiridirlər. Serialda danışılan sözləri başa düşsələr də, onların ifadə etdiyi fikri başa düşmürdülər…
-…Amma baxdığınız o serialdan anlayışınız budursa ki, Natiq niyə Telmana təpik atıb, onda vay mənim də halıma, sizin də halınıza. Cəhənnəmə atıb, gora atıb. Böyük iş olub?! O təpiyin daha sanballısını Asif Famil Namazova atmışdı, getdi çarpayının dəmirini tutdu. Yazığın nəfəsi getdi, qayıtmaq istəmədi, amma sonra Allahın bizə rəhmi gəlmədiyinə görə Asif dirildi. O, axı, heç kimə gərək deyildi… Eynilə, Natiqin oturduğu 26 illik “srok” kimi – bu “srok” da heç kimə və heç nəyə gərək deyil. Baxın, mənim “tumboçka”mın qapısının içəri tərəfində “1976-cı il” yazılıb. 30 ildən çoxdur ki, buradadır. Həm də nəyəsə xeyri dəyir, içində şirniyyat var, kitab-dəftər, qələm var, aşağı rəfdə, hətta bir banka bal da var. Natiqin nəyi var? Bütün günü çifir içməkdən mədəsinin qırışları da beyninin qırışları kimi düppədüz olub. Telman isə “SPID”dir, Natiqin təpiyi oldu-olmadı, bu yaxınlarda ölüb gedəcək. Yığışın, gedin Polad Ələmdarın cinayətlərini müzakirə edin, mən də deyim ki, kişilər ciddi məsələlər haqqında söhbət açan sanballı cinayətkarlardır. Belə avara-avara söhbətlərlə cinayət aləmin müqəddəsliyinə və ciddiliyinə xələl gətirməyin və zəhmət olmasa, başımdan açılın ki, rahat, heç bir qabırğa olmadan təzə dəmlənmiş bir çay içə bilim!..
Bu “razborka” “zon”da günlərlə danışıldı, uşaqlar şaqqanaq çəkib gülürdülər, gah “tumboçka”nı, gah Asifi, gah Natiqi misal gətirirdilər…

ardı var