Nazirin sözçüsü əhalini aşağıladı

Namiq Həsənov “dünənə qədər sərnişinləri kartof kimi daşıyırdılar” dedi

Sərnişindaşımadakı xoşagəlməz vəziyyətin davam etdiyi, ictimai nəqliyyatda bir-birinin ardınca dəhşətli qəzaların baş verdiyi bir vaxtda Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənovdan maraqlı açıqlama gəlib.
Bugünlərdə yerli telekanalların birinə açıqlamasında N.Həsənov əhalini açıq-aşkar aşağılayıb. N.Həsənov camaatın böyük avtobusların gətirilməsinə şükr etməli olduğunu deyərək bunu belə əsaslandırıb ki, buna qədər sərnişinləri “kartof kimi daşıyırdılar”.
Dünən gün ərzində redaksiyamıza zəng edən oxucular N.Həsənovun bu açıqlama ilə sərnişinləri təhqir etdiyini deyərək məsələyə kəskin etirazlarını bildiriblər. Və etirazlarını qəzetimiz vasitəsilə Nəqliyyat Nazirliyinin yetkilisinə çatdırmağımızı xahiş ediblər.
Məsələyə münasibətində iqtisadçı Məhəmməd Talıblı əvvəlcə onu bildirib ki, dövlətdə mühüm vəzifə tutan şəxslər, o cümlədən ictimai-siyasi xadimlər ifadələrinə diqqət etməlidilər: “Vətəndaşların, ictimai nəqliyyatdan istifadə edənlərin kartof, soğan və ya digər kənd təsərrüfatı məhsulları ilə müqayisə edilməsi qüsurlu yanaşmadır. Bu ondan xəbər verir ki, əslində Nəqliyyat Nazirliyinin özü daha çox Kənd Təsərrüfatı Nazirliyi funksiyasını yerinə yetirir. Bu, məsələnin sarkazm və yumoristik tərəfidir. Məsələnin daha ciddi tərəfi ondan ibarətdir ki, Azərbaycanda nəqliyyat sektoruna hər il əhəmiyyətli vəsait ayrılır. Elan olunur ki, bu vəsait nəqliyyat infrastrukturunun yenilənməsinə və keyfiyyətli xidmətə səbəb olacaq. Buna görə də, bəzən ictmai nəqliyyatda qiymət artımı ilə rastlaşırıq. 2012-ci ilin büdcə proqnozuna görə, nəqliyyat sahəsinə 2 milyard manat həcmində əlavə vəsait ayrılacaq. Nəzərə alaq ki, nəqliyyat sisteminin intellektual idarəedilməsi ilə də bağlı böyük bir vəsait nəzərdə tutulub. Bu ondan xəbər verir ki, nəqliyyat sistemi vətəndaşların ödədiyi vergilər hesabına böyük vəsaitlər əldə edir. Eyni zamanda, vergiləri ilə onların xərclərini ödəyən vətəndaşları kartof-soğan kimi təqdim edirlər. Nəqliyyat sisteminə bu qədər vəsait ona görə ayrılır ki, əvvəlki illərlə müqayisədə vətəndaşlar daha keyfiyyətli xidmətlə təmin olunsunlar. Ona görə ayrılmır ki, vəziyyət əvvəlki vaxtlarla müqayisə olunsun. Avropa ölkələri ilə müqayisə edəndə görürsən ki, Azərbaycanda nəqliyyat sektoruna büdcədən ayrılan vəsaitlər əhəmiyyətli dərəcədə böyükdür. Amma keyfiyyətin səviyyəsi ilə bağlı eyni sözü demək olmaz”.
M.Talıblının sözlərinə görə, bu qədər vəsaitlərin ayrılması fonunda nəqliyyat sistemində bu qədər qayda pozuntusu olmamalıdır: “Nəqliyyat Nazirliyinin üzərinə düşən o qədər işlər var ki, onları həyata keçirməlidirlər. Yoxsa, kiminsə Allaha şükr etməsini istəməməlidilər. Bu sahəyə ayrılan vəsaitlər kiçik rəqəmlərlə ölçülsəydi, təbii ki, yüksək keyfiyyətli xidmət də tələb edilməzdi. Onda Namiq Həsənovun dediyi kimi, Allaha şükr etmək bəlkə də yerinə düşərdi. Amma büdcədən və büdcədən kənar fondlardan bu qədər vəsait ayrıldığı halda niyə insanlar şükr etməlidilər?”.