Ünvanlı sosial yardımı mənimsəyib vətəndaşları get-gələ salırlar?
Xaçmaz rayonundan redaksiyamıza gələn iki məktub ünvanlı dövlət sosial yardımı problemiylə bağlıdır. Rayonun Həbibkənd sakini Mikayıl Sədiyev 9 nəfərlik ailə üzvü olduğunu və özü ilə həyat yoldaşının işsiz qaldığını bildirib. Məktubda deyilir:
“Biz pay torpağı və həyətyanı torpaqla güzəranımızı keçiririk. Torpaq sahəsindən biçənək kimi istifadə etməklə ailəmizin iqtisadi durumunu çətin də olsa birtəhər ödəyirik. Mən 08.12.2011-ci ildə rəsmi ərizəmlə müvafiq sənədləri toplayaraq Xaçmaz rayon ƏSMM-ə müraciət etmişəm. Təxminən bir ay öncə sənədlərimi ”ildə 25-27 ailəyə ünvanlı dövlət sosial yardımı təyin etməyə icazə verilir, sən gecikmisən” şifahi cavabıyla geri qaytardılar. Mən Xaçmaz ƏSMM-yə təqdim etdiyim sənədlərin surətini də sizə göndərərək rica edirəm ailəmin iqtisadi durumunu nəzərə alaraq bizə ünvanlı dövlət sosial yardımı təyin olunması məsələsinə kömək edin”.
Xaçmaz rayonu, Xudat şəhəri, 6-cı şöbə sakini Mirzəli Ismayılovun məktubu da sözgüedən problem barədədir. Məktubda deyilir:
“Gəlinim Könül Ismayılova aztəminatlı ailələrin yaşayışını yaxşılaşdırmaq məqsədilə verilən prezident fərmanına əsasən müvafiq sənədləri Xaçmaz rayon ƏSMM-ə təqdim edib. Lakin mərkəzin rüşvətxorluq xəstəliyinə tutulan məmurları dövlət başçısının qanununa məhəl qoymadan dövlətin, vətəndaşların müraciətlərinə baxılması qaydalarını tapdayaraq gəlinimin müraciətinə bu günə qədər cavab verməyib. ƏSMM məmurları bizdən aldıqlarını tək mənimsəmədiklərini, yuxarılara da aylıq rüşvət ödədiklərini açıq deyərək ”hara və kimə şikayət edirsiniz, edin, bizlərə heç bir şey edə bilməyəcəksiniz” deyir. Bu arxalı məmur özbaşınalığı, harınlığı sizi narahat etmək məcburiyyəti yaradıb. Ona görə də rica edirəm, məmur özbaşınalığına son qoyulub qanun müstəvisində gəlinimə ünvanlı dövlət sosial yardımı verilməsi barədə tədbir görün”.
Sosial şöbə