Əvəz(lər)i necə xilas etməli?

Elxan Şahinoğlu

Geopolitik mövzularla məşğul olursan, Azərbaycan-Türkiyə, Azərbaycan-Iran münasibətlərindən yazırsan, böyük dövlətlərin maraq toqquşmalarını izləyirsən, müsahibələr verirsən, sorğular keçirirsən, çıxış yolları göstərirsən … bir də ayılırsan ki, sadə insanın faciəsi Sənin qapını döyür və sən onun problemini həll etməkdə acizsən.
Oğlum necə gündür Əvəz deyib tuturdu. Əvvəlcə, o qədər də fikir vermirdim, əvvəla gündəlik siyasi mövzulardan baş açılmır, o biri tərəfdən də açıqlama istəyən telefon zənglərindən xilas var ki? Ancaq oğlumun mövzusu dəyişmədikcə bir gün soruşdum: Şahin, Əvəz kimdir?
– Ata, Əvəzin bilgisayardakı proqramlardan başı elə çıxır ki…
– Axı bizim binada eləsi yaşamır?
– Əvəz həyətdəki bağların birində qalır, evi yoxdur.
Həmin gündən başlayaraq, Əvəz haqqında düşünməyə, onun niyə bu ağır şəraitdə yaşamasyıla maraqlanmağa başladım. Adətən küçədə qalan evsiz dedikdə adamın ağlına “bomj” gəlir. Ancaq Əvəz onlardan deyil. Tərbiyəlidir, böyüklərlə davranışında məsafəni gözləyir, işgüzardır. O, hər gün səhər qaldığı bağdan çıxır, qəpik-quruş qazanmaq üçün hər işin qulpundan yapışmağa çalışır. Bəzən alınır, bəzən isə alınmır. Bir az pulu olduqda internet klubda gecələməyə icazə alır, pulu olmadıqda isə yenə açıq havada gecələyir.
Axşamlar müşahidələr aparır, Əvəzin həyətdəki uşaqların inamını necə qazandığını, onlara yeni bilgisayar proqramları haqqında necə həvəslə məlumat verdiyini görürdüm. Insanlıq hələ ölməyib. Imkanı olanlar Əvəzi ac qoymamağa çalışır, bəziləri isə geyim verir. Ancaq sonsuzadək belə davam etməcəyini Əvəz də anlayır. Bu azmış kimi hansısa səbəbdən artıq qohumlarının evində qalmayan anası da Əvəzin qaldığı bağda gecələyir. Xəstədir, şəkəri var, gündəlik qayğıya ehtiyacı var ağbirçək qadının.
Bir neçə gün Əvəzə yaxınlaşmağı risk etmirdim, düşünürdüm ki, sorğu-suala tutsam deyər ki, “Mənim yaşayışımdan sizə nə var?”. Ancaq bir gün axşam isti çay istəyi ilə qapımızı döydükdə dözmədim və onunla qısa söhbətim oldu. Nə qədər çalışsam da qapıdan içəri keçmədi. Bu vəziyyətə necə düşdüklərini, gələcəyi haqqında nə düşündüyünü öyrənməyə çalışdım.
Atasının rəhmətə getdiyini, anası ilə birgə xarabalığa bənzətdiyi evi məcburi tərk etdiklərini dedi. “Məcburi” ifadəsi üzərində çox dayanmamağa qərar verdim. Çünki hisslərinə toxunan sualların sayını artırdıqca Əvəzin gözlərinin dolduğunu müşahidə edirdim, ona görə də mövzunu uzatmamağa qərar verdim. Bu qədəri mənə bəs idi. Daxmaya bənzəsə belə, kim öz istəyi ilə evindən çıxıb küçədə sığınar ki? Əlbəttə, Əvəzin keçmişi və indisi ilə bağlı mənim bilmədiyim mətləblər də var. Sadəcə gördüyümə inanıram. Gördüyüm isə budur ki, havalar soyuyub və iki vətəndaşımız soyuqla ölüm-dirim mübarizəsindədir. Əvəz özündən çox anasını, onun bu soyuqdan necə çıxacağını düşünür.
Nə etməliyəm ki, bu tək Əvəzin problemi olmasın? Əvəzin və anasının durumu haqqında facebook-da dostlarımla paylaşdım. Məsləhətə ehtiyacım vardı. Sağ olsunlar dostlar, müxtəlif təkliflər verdilər, problemin ictimailəşməsini, eyni zamanda məsələ həll edilənə qədər Əvəzə dəstək olmağa çağırdılar. Həqiqətən, Azərbaycan vətəndaşı Somaliyə qədər məsafə qət edib, Afrikadakı ac-suzus insanlara yardım əli uzada bilirsə, demək, bir addımlığında eyni duruma sürüklənən soydaşını da taleyin ümidinə buraxmamalıdır.   
Məmləkətimizdə evi olmayan az deyil, küçədə sığınanlara da rast gəlirik. Onlar haqqında da ara-sıra düşünürük, sadəcə birbaşa ünsiyyətimiz olmadığından belələrinin dərdləri sanki bizdən uzaq sayılır. Əvəz isə anasıyla lap yanımdadır və bu mənim beynimi hər gün məşğul edir.
…Bərk yağış yağır, sən isti evdəsən, o isə küçədə, sən toxsan, o isə yarıac. Nə fərqimiz var ki? O da azərbaycanlıdır, sən də. Onun da insan kimi yaşamağa haqqı var. Dostlar, gəlin əl-ələ verərək bu haqqı ona qazandıraq!