Təşkilat zülmkar həbsxana əməkdaşlarının siyahısını tutacaq
Keçmiş vicdan məhbuslarının bir qrupu çərşənbə günü RATİ-də təsisçisi olduqları “Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansının təqdimatını keçiriblər.
Contact.az saytının məlumatına görə, təsisçilərdən biri, keçmiş vicdan məhbusu Oqtay Gülalıyev ictimai birliyin əsas məqsədinin həbsdə olan vicdan məhbuslarının azadlıqlarına nail olmaq, qanunsuz həbs edilən məhbusların haqlarını qorumaq, saxlanma şəraitlərini yaxşılaşdırmaq uğrunda mübarizə olduğunu deyib. Bununla bağlı alyansın iş planının artıq təsdiqləndiyini söyləyib.
Vicdan məhbusu olmuş Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı Azərbaycanın siyasi dustaqların sayı baxımından dünyanın lider ölkələrindən biri olduğunu nəzərə çatdırıb. Bu problem həllini tapana qədər mübarizə aparacaqlarını deyən A.Hacılı bu sahədə yerli və beynəlxalq hüquq-müdafiə qurumları ilə əməkdaşlıq edəcəklərini vurğulayıb. Keçmiş vicdan məhbus Sahib Kərimli sentyabrın 9-da 14 saylı həbsxanada baş verən etiraza toxunub. Məhbusların dinc etirazını yatırmaq üçün həbsxanaya ordu hissəsi yeridilməsindən və bu həbsxanada cəza çəkən vicdan məhbusları Şahin Həsənli və hüquq müdafiəçisi Oqtay İsgəndərlinin taleyindən narahatlıq ifadə olunub.
Alyansın gələcək fəaliyyət istiqamətlərinə toxunan natiqlər qanunsuz həbs edilən məhbusların məlumat bankının yaradılmasını, bununla bağlı hesabatların, qurumun saytının hazırlanmasını, həbsxanalarda dustaqları işgəncələrə məruz qoyan həbsxana əməkdaşlarının “qara siyahısı”nın hazırlanmasını nəzərdə tutduqlarını deyiblər.
Hüquq müdafiəçisi Rəsul Cəfərli AŞPA-nın bu ilki payız sessiyasında Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi Kristofer Ştrasserin siyasi məhbus anlayışı ilə bağlı hesabatının qəbul olunması üçün parlamentarilərə müraciət ünvanlamağı təklif edib.
«Oradakı şəraitsizliyi gözlə görmək lazımdır. Adicə bir saatlıq görüşə gedəndə tozdan çöldə dayana bilmirik. Nəfəs almaq mümkün deyil. İstər qış olsun, istər yay, orada insan yaşamaz. Qidanı da evdən göndəririk. Çünki vəziyyəti bərbaddır».
Azadlıq Radiosunun məlumatına görə, bunu 14 saylı cəzaçəkmə yerində həbsdə saxlanan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həyat yoldaşı Kəmalə İsgəndərli deyir.
AXCP fəalı Babək Həsənov deyir ki, onlar bütün məhbusların hüquqlarını qoruyacaqlar: «Cəzaçəkmə müəssisələrində vəziyyət çox acınacaqlıdır. Acınacaqlı dediyimizdən də çox acınacaqlıdır. Cəzaçəkmə müəssisələrində bütün ölkədə olduğu kimi hüquqa söykənən idarə sistemi yoxdur. Oradakı vəziyyət quldarların qullarla rəftarına oxşayır. 14 və 16 saylı cəzaçəkmə müəssisəsində olmuşam. Yeməkxananın qarşısında məhbusların yeyəcəyi yeməklərin siyahısı asılmalıdır. Həmin siyahı yox idi. Soruşanda deyirdilər ki, rəisin otağındadır.
Rəisdən soruşanda ki, siyahı haradadır, deyirdi «niyə maraqlanırsınız ki?». Yemək siyahısı məhbuslara göstərilmirsə, oradakı yeməyin vəziyyətindən danışmağa dəyməz».
Millət vəkili Çingiz Qənizadə isə Azadlıq Radiosuna deyir ki, indi cəzaçəkmə müəssisələrində islahatlar gedir. Vəziyyət 10 il bundan əvvəlki kimi deyil: «Bu, dəb halını alıb. Məhbəsdən çıxan hər bir şəxs gəlib bir təşkilat yaradır. Belə hesab edir ki, nələrisə dəyişə biləcək. Cəzaçəkmə müəssisələrində islahatlar gedir. Bu və ya digər formada narazı qaldığımız məqamlar var. O ki qaldı siyasi məhbuslara, ölkədə bir siyasi məhbus varsa, bu da narahatçılıq doğurur».
Ədliyyə Nazirliyinin insan haqları şöbəsinin müdiri Faiq Qurbanov Azadlıq Radiosuna açıqlamasında bildirib ki, keçmiş məhbusların fikirləri ilə razı deyil: «Hər şeyi qara görmək düzgün deyil. Xeyli işlər, islahatlar gedir, infrastruktur yaradılır. İndi demək ki, hər şey pisdir, vəziyyət acınacaqlıdır, belə olmaz. Yəqin ki, onu deyənlər özlərinə diqqəti cəlb etmək istəyirlər. Bu, qeyri-ciddi münasibətdir. Bu sahədə köklü islahatlar gedir, cəmiyyət də bunun şahididir. Bunu beynəlxalq nüfuzlu təşkilatlar da vurğulayırlar».
Yeni yaradılmış təşkilat mütəmadi olaraq «qara siyahılar» da tərtib edəcək. Bu siyahıda məhbusların hüquqlarını pozan müəssisə əməkdaşlarının adları salınacaq.
Ötən il İctimai Palatanın 2 aprel aksiyasında həbs olunmuş bir qrup müxalifətçi bu ilin iyununda əfv olunub. Hüquq müdafiəçisi Vidadi İsgəndərli, AXCP üzvü Şahin Həsənli isə həbsdə qalıb.
Xatırladaq ki, “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının yaradılması təşəbbüsü bir neçə ay öncə azadlığa çıxmış vicdan məhbusları Arif Hacılı, Sahib Kərimov, Oqtay Gülalıyev, Tural Abbaslı, Zülfüqar Eyvazlı, Elşən Həsənov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Məhəmməd Məcidli, Elnur Məcidli, Babək Həsənov və digərləri tərəfindən irəli sürülüb.