“Hakimiyyət üçüncü dəfə eyni namizədlə seçkiyə qatılsa, siyasi mahiyyətini tamamilə ifşa edəcək”
Zəfər Quliyev: «Əli Kərimliyə qarşı kampaniya təsadüfi deyildi»
Ictimai Palatanın (IP) son ssesiyasında hakimiyyətə qarşı konkret seçki tələbi ortaya qoyuldu. Bu tələb hazırkı dövlət başçısı Ilham Əliyevin 3-cü dəfə namizədliyinin irəli sürülməsinin yolverilməzliyi ilə bağlıdır. Müsahibimiz, siyasi ekspert Zəfər Quliyevlə söhbətimiz məhz hazırda mətbuatda ciddi müzakirə olunan bu mövzu ilə bağlı oldu. Z.Quliyev hesab edir ki, hakimiyyət 3-cü dəfə eyni namizədlə seçkiyə qatılarsa, o zaman öz siyasi mahiyyətini tamamilə ifşa etmiş olacaq. Çünki Azərbaycan hakimiyyəti mahiyyətcə başqa cür siyasət yürütsə də, sözdə demokratik cəmiyyət qurmaq niyyətində olduğunu bəyan edir:
– Həm dünya praktikasını, həm Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri nəzərə alsaq, prezidentliyə 3-cü dəfə namizədliyin irəli sürülməsi yolverilməzdir. Çünki Azərbaycan rəsmi ritorikada demokratik cəmiyyət yaratmaq niyyətində olduğunu bəyan edir. Bu dəyərlər kontekstində prezidentin üçüncü dəfə ardıcılıqla namizədliyini verməsi sözügedən prinsiplərə ziddir. Məntiqi baxımdan bu tələbi yalnız Ictimai Palata yox, Azərbaycanda mövcud olan bir sıra ictimai təşkilatlar, siyasi partiyalar ortaya qoya bilər. Hesab edirəm ki, bu məsələdə beynəlxalq təşkilatlar da eyni mövqedən çıxış etməlidirlər. Konkret bu tələbin arxasında dayanaraq onu yerinə yetirmək məsələsinə gəlincə isə, bu bir qədər qəliz məsələdir. Biz bu tələbi səsləndirərkən yalnız iqtidara deyil, eyni zamanda Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə ünvanlayırıq. Əlbəttə ki bu cür prosesin yolverilməzliyini və ciddi fəsadlara gətirib çıxaracağını iqtidarın özünün anlaması yaxşı olardı. Və iqtidar seçkidə tam başqa bir namizədlə iştirak edə bilər. Niyyət olsa, çıxış yolu tapmaq olar. Bu niyyət olmayacaqsa, bu tələbin ardıcılıqla qoyulması Azərbaycan cəmiyyətinin üzərinə düşür.
Hakimiyyət riskli yoldadır
– Demokratik dünya bir nəfərin üç dəfə prezident seçilməsi prinsipini qəbul etmir. Belə olan halda Ilham Əliyev növbəti dəfə namizədliyini irəli sürərsə, buna beynəlxalq birliyin reaksiyası necə olacaq?
– Burada birmənalı fikir söyləmək çətindir. Amma aydın məsələdir ki, prezident seçkilərindən sonra, hətta seçkilər ərəfəsində iqtidarın bu addımı ilə bağlı narahatlığı ifadə edən bəyanatlar səslənəcək. Amma eyni zamanda düşünmürəm ki, aparıcı Qərb ölkələri, beynəlxalq təşkilatlar iqtidara qarşı sərt tələblər ortaya qoysunlar, sanksiya həyata keçirsinlər. Onlar narahatlıqlarını bildirəcəklər.
– Beynəlxalq qınaqdan yayınmaq üçün hakimiyyətin namizəd məsələsi ilə bağlı bir sıra başqa variantların da üzərində işlədiyi mətbuatda vurğulanmaqdadır. Bu variantlar hakimiyyətə nə vəd edir?
– Əslində bir qədər adioz da görünsə, Rusiya variantı Azərbaycanda ola bilər. Yəni başqa bir namizədin irəli sürülməsinin əvəzində Ilham Əliyev də baş nazir qismində hakimiyyətdə təmsil olunur. Amma mən bu variantları o qədər də məqbul saymıram. Düzdür, formal baxımdan demokratik dəyərlər pozulmur və prezidentlik kürsüsü başqa birinə ötürülür və beş ildən sonra ola bilsin ki, post yenidən qaytarıla bilər. Lakin burada imitasiya elementləri çoxdur. Rusiya cəmiyyəti baş verən bu prosesi yaxşı qəbul etmədi. Putinin bu oyunlardan sonra prezidentlik kürsüsünə qayıtmağı Rusiya cəmiyyətini silkələdi və mitinqlər dalğası başladı. Ona görə cəmiyyət daha çox açıq oyunları, səmimiliyi qəbul edir.
Bu, iqtidarın özü üçün də təhlükəlidir
– Ümumiyyətlə, hazırda dünyada gedən demokratikləşmə dalğası bu kimi addımları mümkün edir? Unutmayaq ki, Yaxın Şərqdə məhz hakimiyyətin bu yolla ötürülməsinə cəhd inqilabi proseslərə səbəb oldu?
– Bu cür oyunlar həqiqətən də risklidir. Hakimiyyətdəki bu cür yerdəyişmələr, hakimiyyətin belə ötürülməsi cəmiyyəti müəyyən həddə partlada bilər. Bu hətta iqtidarın özü üçün də təhlükəlidir. Ən məqbul variant belə süni oyunlara getməməkdir. Hətta hazırkı dövlət başçısı baş nazir də ola bilər. Amma bir şərt ilə – beş ildən sonra yenidən dövlət başçısı postuna qayıtmaq barədə düşünməsin.
Əgər Putin beş il baş nazir qaldıqdan sonra oradan siyasətdən getsəydi, ola bilsin Rusiya cəmiyyəti prosesləri daha sakit qəbul edərdi. Süni oyunlar risklidir. Hesab edirəm ki, ən yaxşı variant real demokratik dəyərlərə riayət etməkdir. Bir qədər parodaksal görünsə də, hətta prezidentin 3-cü dəfə namizədliyini verməsi süni oyundan daha məqbul sayılardı. Çünki bu zaman ən azı cəmiyyət hakimiyyətin niyyətini açıq oxuyardı.
– Ilham Əliyev 3-cü dəfə namizədliyinin verilməsi ilə bağlı qəti qərar qəbul etmədiyini bəyan edib. Bu bəyanat səslənən kimi hakimiyyətdəki Naxçıvan qruplaşmasının təmsilçiləri YAP-ın qurultayını gözləmədən tələsik açıqlamalar verərək növbəti prezident seçkilərində də namizədlərinin Ilham Əliyev olacağını vurğuladılar. Sizcə, bu nəyin görsənişidir? Bəzi ekspertlər bunu hakimiyyət daxilində ziddiyyətin olması kimi dəyərləndirirlər?
– Bu planlaşdırılmış addımdır. Düşünmürəm ki, bu cür məsuliyyətli məsələdə hakimiyyət daxilində hər hansı qrup müstəqil şəkildə çıxış edə bilər. Bu, Azərbaycana xas olan cəhət deyil. Əliyevin YAP tərəfindən namizəd olacağının səsləndirilməsi razılaşdırılmış bir məsələdir. Seçkiyə yaxın bir dövrdə Ilham Əliyev özü də namizədliyinin verilməsini elan edəcək. Hesab edirəm ki, bu cür mühüm məsələlərdə fikir ayrılığı ola bilməz. Gizli niyyətlər, arzular ola bilər. Amma Ilham Əliyevin prezidentliyə namizədliyinin onun iradəsinə zidd olaraq irəli sürülməsi real deyil.
Bu, sırf seçkiyə hesablanmış addım idi
– Hakimiyyət 2013-cü il seçkilərinə bir il qalmış demokratik qüvvələrə qarşı daha bir çirkin kampaniya başladıb. Söhbət Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı başladılan cinayət işindən gedir. Burada məqsəd nə idi və ictimaiyyətin baş verənlərə reaksiyasını necə dəyərləndirirsiniz?
– Aydın məsələdir ki, bu sırf seçkiyə hesablanmış addım idi. Aparıcı müxalifət partiyasının lideri Əli Kərimliyə qarşı bu cür kampaniya təsadüfi deyildi. Özü də bu kampaniyanın prokurorluq səviyyəsində, real təhlükələrlə dolu şəkildə meydana gəlməsi onu göstərirdi ki, hakimiyyət siyasi motivlər güdür. Sual edilir, niyə məhz indi? Bu, Əli Kərimliyə, daha geniş yanaşsaq, Ictimai Palataya, demokratik qüvvələrə qarşı bir kampaniya idi. Amma bu kampaniya bir müddət sonra səngidi. Və bu təkcə gündəmin Ramil Səfərov məsələsi ilə bağlı dəyişməsi ilə əlaqədar deyil. Ictimaiyyətin bu məsələyə təpkisi nəticəsində iqtidardakılar başa düşdülər ki, bu kampaniya uğursuzdur və onu davam etdirmək olmaz. Bu kampaniyanın fəsadları daha çox iqtidara dəyə bilər. Ola bilsin ki, bu kampaniyanı bir müddət daha sönük şəkildə aparsınlar. Amma güman ki, tezliklə biz başladılan cinayət işinin formal şəkildə yekunlaşdırılmasının şahidi olacağıq.
– Hazırda azad mətbuata qarşı basqılar yeni vüsət alıb. Məhz hakimiyyətin yürütdüyü siyasət nəticəsində “Azadlıq” qəzeti ciddi maliyyə problemləri ilə üz-üzədir. Sizcə, internet əsrində, informasiyanın əldə olunmasının asan olduğu bir dövrdə bu cür primitiv addımlar nədən xəbər verir?
– Azad mətbuata basqılar Azərbaycanda xroniki problemə çevrilib. Son illər daim bu barədə danışırıq. Ona görə ki, bu məsələ nə bu gün, nə dünən ortaya çıxıb. Bu məsələ son beş-altı ildir ki, ən aktual, ən ağrılı problemdir. Təəssüflə bildirmək lazımdır ki, zaman keçdikcə bu problem həllini tapmır. Əksinə get-gedə bu basqılar yeni bir xarakter alır. Konkret ünvanlar dəyişsə də, siyasət dəyişmir. Indi real olaraq “Azadlıq” qəzetinə qarşı təhlükə yaranıb. Bu qəzetin borclar üzündən bağlanması mümkündür. Bir müddət sonra “Yeni Müsavat” qəzeti bu vəziyyətə düşə bilər. Belə bir siyasətin yürüdülməsi Azərbaycan iqtidarının siyasi mentalitetindən, davranışından doğan bir məsələdir. Hakimiyyət heç cür azad mətbuatla barışa, ona dözə bilmir. Düzdür, sözdə bəyan olunur ki, Azərbaycan çox tolerant ölkədir. Amma dözümsüzlük göz önündədir. Internetdəki fikirlərə, informasiyanın yayılmasına qarşı isə dözümlü olmağa məcburdurlar. Çünki bu əsrdə internetə qarşı mübarizə aparmaq çox çətindir. Konkret jurnalistlərlə, qəzetlərlə köhnə üsullarla mübarizə aparmaq olur. Amma internetə qarşı mübarizə aparmaq üçün gərək o zaman Iran, Şimali Koreya kimi tiran ölkələrin təcrübəsindən qidalanalar.
– ATƏT-in 19 ölkəsinin səfirləri Bakıya səfər etdi. Səfər çərçivəsində demokratik qüvvələrlə də görüşlər oldu. Siz səfirlərin bu dəfəki missiyasından nə gözləyirsiniz?
– Bu çox mühüm hadisədir. Səfirlərin müxalifətlə seçki ərəfəsində görüşməsi çox önəmlidir. Güman edirəm ki, bu görüşdə tək seçki ilə bağlı yox, Azərbaycan üçün vacib olan bütün məsələlər müzakirə olunub. Müxalifətin mövqeyinin dinlənməsi və bu mövqeyin səfirlərin öz rəhbərlərinə çatdırması olduqca önəmlidir. O cümlədən, ATƏT-ə də bu səfirlər vasitəsilə bir sıra həqiqətlər bəlli ediləcək.
İqtidar Ramil Səfərovdan seçki öncəsi istifadə etdi
– Hazırda mətbuatın gündəmində olan məsələlərdən biri də Ramil Səfərovun azadlığı və buna görə beynəlxalq aləmdən gələn sərt təpkilərdir. Bəziləri hesab edir ki, Azərbaycanın bu cür vəziyyətə düşməsinə səbəb mövcud situasiyada yanlış taktikanın seçilməsi və hakimiyyətin Ramil Səfərovdan öz şəxsi siyasi təbliğatı üçün istifadə etməsi oldu?
– Yazılarımda da mövqeyimi bildirmişəm. Ramil Səfərovun azadlığa buraxılmasını düzgün sayıram. Aydın məsələdir ki, bu addımlar ilk növbədə iqtidar üçün seçki öncəsi bir uğurdur. Iqtidar eyni zamanda bununla bir müddət əvvəl özü üçün ziyanlı olan gündəmi də dəyişdi. Dövlətçilik baxımından etiraf etmək lazımdır ki, Azərbaycan üçün riskli qərardır. Burada dövlət üçün bir sıra imic itkiləri baş versə də, dövlətçilik baxımından düzgün addım idi.
– Beynəlxalq birlik hazırda bu məsələyə görə Azərbaycanı sərt tənqid edir. Avropa Parlamenti bu məsələ ilə bağlı dinləmələrə hazırlaşır. Bütün bunlar Azərbaycana nə vəd edir?
– Hər halda hakimiyyət bu cür ciddi məsələdə əvvəlcədən hazırlıq işləri görməsəydi, belə sərt, operativ qərarlar qəbul etməzdi. Ona görə güman edirəm ki, Azərbaycan xarici partnyorları ilə danışıqlar aparıb. Istisna etmirəm ki, bu məsələ ətrafında Türkiyə, Israil, hətta ABŞ ilə bir sıra ölkələrlə məsləhətləşmələr aparılıb. Ona görə özünə arxayın şəkildə hakimiyyət bu məsələni həll etdi.
Xəyal