Məktəbin direktor Xumarə Mikayılova bu biabırçılığı heç nəylə izah etməyib
Mingəçevirdə təhsilin ümumən nə kökdə olduğunu və onu hansı qafalı insanların idarə etdiyini sübut edən olay qeydə alınıb. Bunu “Azadlıq”a üz tutan Müsavat partiyası Mingəçevir şəhər təşkilatının sədri, Ictimai Palatanın 46 saylı regional şöbəsi Koordinasiya Şurasının üzvü Nurəddin Rüstəmlinin başına gələnlər də sübut edir.
Təşkilat sədrinin sözlərinə görə, sentyabrın 8-də oğlu Elnur Rüstəmlinin təhsil aldığı Mingəçevir şəhər 10 saylı orta məktəbdə nümunəvi sinifə keçid üçün test imtahanları keçirilib: “Imtahanı Təhsil Nazirliyindən gəlmiş xüsusi komissiya aparıb. Imtahandan bir gün öncə məktəbin direktoru Xumarə Mikayılova oğlumu məktəbə çağırıb. Qısa sorğu-sualdan sonra direktor oğlum imtahana gəlməməyi tapşırıb. Səbəbini isə izah etməyib”.
N.Rüstəmlinin sözlərinə görə, bu il 5-ci sinifə keçən Elnur dərslərini yaxşı oxuyur: “Cəmi iki fəndən 4 alan Elnurun bu formada imtahana buraxılmaması heç bir əndazəyə sığımır. Əvvəla, bu, testdir. Övladım sualları cavablandırmayacağı təqdirdə onsuz da nümunəvi sinifə keçə bilməyəcəkdi. Ikincisi, məndə olan məlumatlara görə, imtahanlara buraxılan uşaqları direktor xüsusi qaydada seçib. Bu isə burada başqa maraqların olmasını istisna etmir. Çünki iştirakçılar arasında oğlumdan qat-qat zəif oxuyan, lakin imkanlı valideynlərin övladları olub”.
Müsavat sədri onu da bildirib ki, ibtidai sinifdə oxumasına baxmayaraq bu, onun övladıyla bağlı ilk belə hadisə deyil: “Əvvəllər də bir neçə dəfə oğlumu müəllim döyüb. Halbuki Elnurun üzərində narkozla ağır cərrahiyyə əməliyyatı aparılıb. Təhsil Nazirliyinin ”Qaynar xətt” xidmətinə bu haqda məlumat versəm də mənə “uşağınız döyülübsə, hüquq-mühafizə orqanlarına şikayət edin, biz nə edə bilərik” deməklə kifayətləndilər. O vaxt son anda X.Mikayılova məndən üzr istəyərək bu cür halların təkrarlanmayacağına söz verdi. Görünür, bu gün vaxtilə etdiyi üzrxahlığın əvəzini çıxmaq üçün direktorun əlinə yaxşı fürsət düşüb”.
N.Rüstəmli oğlunun təhsilini başqa bir məktəbdə davam etdirməsi xahişiylə təhsil şöbəsinə müraciət etdiyini bildirdi: “Şöbədə bir-iki məktəbin adını çəksələr də, övladımın döyülməyəcyinə zəmanət vermədiklərini (?) gizlətmədilər”.
N.Rüstəmli baş verənlərin onun övladıyla deyil, siyasi baxışlarıyla bağlı olan bir məsələ olduğunu istisna etmədiyini bildirdi.
Məsələyə münasibət bildirən Mingəçevir ŞTŞ-nin müdir müavini Leysan Yusifov öncə direktora haqq qazandıraraq uşaqla sorğu aparıldığının qaydalar çərçivəsində olduğunu söyləsə də, sonradan müsabiqə və testlə bağlı bütün prosedurların Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olduğunu bilidirdi. L.Yusifov hiddətlə bu məsələnin “Azadlıq” qəzetinə nə kimi aidiyyəti olduğunu deyərək telefonu qapatdı.
Azər