Sentyabrın 11-də Qəbələ şəhərində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasından sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirib.
Tərəflər bildirib ki, şuranın iclasında görülən işlərə qiymət verilib, təhlillər aparılıb və gələcək əməkdaşlıq üçün əlavə addımların atılması haqqında danışılıb. Azərbaycanla-Türkiyə arasında hər hansı fikir ayrılığının olmadığı deyilib.
“Türkiyə-Azərbaycan əlaqələri nəinki ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır. Bizim dünyadakı rolumuz artır və bir-birimizə dəstək verməyimiz ölkələrimizin önəmini daha da artırır”, – deyə Əliyev bildirib.
Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrini və danışıqlarda göstərilən səyləri müzakirə edib.
Müzakirələrdə ticarət dövriyyəsi və birgə enerji layihələri də diqqət mərkəzində olub..
Transanadolu qaz kəmərinə (TANAP) gəlincə, dövlət rəhbərləri bu layihənin yaxın beş ildə reallaşacağını deyib.
Tərəflər həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının sürətlə davam etdirildiyini də diqqətə çatdırıb.
İlham ƏLiyev Türkiyə vətəndaşlarının Azərbaycana vizasız girişinin mümkünlüyü ilə bağlı sualın cavabında Türkiyəyə bütün türkdilli ölkələr, o cümlədən Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdiyinə görə minnətdarlıq bildirib. “O ki qaldı Azərbaycana, bu məsələ bu gün müzakirə edildi. Qərar qəbul edildi ki, bu məsələyə biz tədricən nail olaq. Müəyyən kateqoriya insanlar – iş adamları, elm adamları, tanınmış şəxslər vardır ki, onların gəliş-gedişi üçün daha da asan rejim tətbiq oluna bilər. Bütövlükdə isə bizim müəyyən mexanizmlərimiz, daxili proseduralarımız hələ tamamlanmayıb. Bu proseduralar tamamlanandan sonra əlbəttə ki, Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. Biz bu məsələ üzərində işləyirik. Bu məsələ müzakirə edildi. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini anlayır. Biz birgə səylərlə məsələnin həlli yolunda önəmli addımları atacağıq”, – deyə Əliyev bildirib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan suallara cavabda Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanla sərhəddin açılması məsələsi ilə bağlı Türkiyənin mövqeyini bir daha diqqətə gətirib: “Başda ATƏT-in Minsk qrupu olmaqla məsələnin həlli yolları tapılmayınca, orada bir və ya iki rayonun məsələsi həll edilməyincə bizim belə bir qapı açmağımız və sairdən söhbət gedə bilməz. Bu, iqtidarda olduğumuz müddətdə həmişə söylədiyimiz sözdür. Belə bir addım ata bilmərik. Bizim atacağımız bütün addımların məqsədi budur: hazırda işğal altındakı torpaqlardan ermənilər çıxmalıdır”.
Sentyabrın 12-də isə iki ölkə rəhbəri Şəki şəhərinə səfər ediblər. Onlar Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət ediblər.
Əliyev və Ərdoğan Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı və Dağıstandakı hərəkət marşrutlarını, həmçinin respublikamızdakı türk şəhid məzarlıqlarının yerləşdiyi məkanları əks etdirən stendə baxıblar, abidənin önünə gül dəstələri qoyublar.