Cənab general, Bakıda inqilab edə bilərsiniz?

Yazının başlığından əndişələnənlər üçün dərhal yazıram ki, ağlınıza əsla başqa fikirlər gəlməsin, sual Dövlət Yol Polisinin (DYP) şefi, general Ramiz Zeynalova ünvanlanıb. Və söhbət Bakı əhlinin əsəblərini tarıma çəkən yollarımızda qayda-qanun yaradılmasından gedir.
Bakının iki ən böyük dərdi var. Biri şəhər sakinlərinin əsəbləri ilə oynayan yolları, digəri cümlə Azərbaycanın başını aşağı edən rüşvətxor məmurlarıdır. Rüşvət sayəsində səltənət quran vəzifə sahiblərinin öhdəsindən general Ramiz Zeynalov gələ bilməz, bu görəv Ali Baş Komandan Ilham Əliyevin çiynindədir və dövlət başçısının haramzadə vəzifəlilərə qarşı hansı qətiyyətlə mübarizə apardığına qiymət verməyi hər kəsin vicdanının öhdəsinə buraxıb yollarımızdakı problemlər haqqında bəzi fikirlərimi bölüşmək istərdim.
Əhalisinin sayı ən azı 3 milyon olan Bakıda yarım milyondan artıq minik, yük avtomobili, motosiklet var. Müqayisə üçün deyim ki, Avropanın 300-500 min nəfər əhalisi olan şəhərlərində avtomobillərin sayı Bakıdakından iki dəfə çoxdur. Və o Avropa şəhərlərinin yollarında heç bir vaxt Bakı yollarında baş verən biabırçılıq baş vermir. Nəyə görə? Ona görə ki:
– Avropa şəhərlərində çəkilən yolların keyfiyyətinə lentkəsmə prosedurunu yerinə yetirənlər çox ciddi fikir verir, yəni kimsə risk edib yola ayrılan pulun tən yarısını dədəsinin malı kimi mənimsəyə bilməz;
– Avropa şəhərlərində hərəkət üçün nəzərdə tutulmuş yol həm də dayanacaq funksiyasını daşımır, yəni kimsə kefi istədiyi yerdə maşınını park edə bilməz, park üçün xüsusi yerlər ayrılıb və o yerlərdə dayanan avtomobillər nəqliyyatın intensiv işləməsi üçün problem yaratmır;
– Avropada yol-hərəkət qaydalarını pozanlar üçün yüksək cərimələr müəyyən edilib və heç bir vəzifə sahibinin bu cərimədən yayınma hüququ yoxdur;
– Avropada sərnişin nəqliyyatı intellektual aspektdən elə tənzimlənib ki, avtobuslar və tramvaylar əsla minik avtomobillərinin hərəkətinə maneçilik etmir. Avropada heç bir vəzifə sahibinə mənsub marşrut yoxdur. Yəni hansı marşrutda nə qədər avtobus olmasını marşrut sahibi yox, dövlət özü müəyyən edir. Və elə müəyyənləşdirir ki, sərnişinlər zaman itirmədən, basabasa məruz qalmadan mənzilə başına çatırlar;
– Avropada sürücülük vəsiqəsini yalnız imtahan verdikdən sonra almaq mümkündür və hər bir sürücü, xüsusən sərnişin nəqliyyatını idarə edənlər xüsusi psixo-nevroloji müayinədən keçirlər…
Sadalananların prizmasından Bakıya baxdıqda təbii ki, ürəkbulandırıcı mənzərə ortaya çıxır. Bakıda yol məsələsində bıçaq sümüyə dirənib. Bərbad yollar və bu yolların sağ-solunun dayanacaq funksiyası daşıması, yol-hərkət qaydalarına riayət etməyən, DYP əməkdaşını belə saya salmayan harın avtomobil sahibləri, səkilərə çıxarılmış CIP-lər, piyadaların yollarda xaotik hərəkəti, heyvan səsli maşın siqnalları, tıxaclar, nəqliyyatı idarə etmək üçün vəsiqəsi olmayan, dərketməsi problemli saysız-hesabsız sürücülər.
Bütün bunları və yazmadığım başqa problemləri bütövlükdə olmasa da, DYP şefi, general Ramiz Zeynalov, qənaətimə görə, qismən yoluna qoya bilər. Avtomobil yollarının hərəkət hissəsindəki pullu-pulsuz dayanacaqları yığışdırmaq, səkilərdə maşın saxlamağı ləğv etmək, əcaib siqnalların qarşısını almaq, yol-hərəkət qaydalarını pozan sürücüləri və piyadaları ucdantutma cərimə etdirmək, “avtoşluq” edənləri cəzalandırmaq general Ramiz Zeynalov üçün çətin deyil. Və əminəm ki, bu problemləri aradan qaldırmaqla hörmətli general rəhbərlik etdiyi sistemdə inqilabi dəyişiklik kimi dəyərləndiriləcək bir işə imza atar.
Bakı xəstədir və onun ciddi kompleks müalicəyə ehtiyacı var. Dövlət strukturlarından ilk olaraq kim başlayacaq bu müalicəni? Fikrimcə, general Ramiz Zeynalovun şansı daha çoxdur.