Hücuma görə Qəzzafinin tərəfdarları günahlandırıldı; hökumət dünyadan üzr istədi
ABŞ-ın Liviyadakı səfiri Kris Stivens öldürülüb. Qətl hadisəsi ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücum zamanı baş verib. Diplomatik korpusa hücumun səbəbi misirli kopt xristianının çəkdiyi və Məhəmməd peyğəmbərin təhqir olunduğu iddia edilən film olub.
Qeyd edək ki, film Liviya ilə yanaşı, Misirdə də ABŞ səfirliyinə hücuma səbəb olub.
Bir qrup radikal islamçının Benqazi şəhərindəki konsulluğa hücumu zamanı səfir Kris Stivensonla yanaşı, daha 3 nəfər amerikalı diplomat həlak olub. Xəbəri rəsmi dairələr də təsdiqləyib.
Konsulluq binasına hücum zamanı raketlər və avtomat silahlardan atəş açıldığı deyilir. Səfirə gəlincə, onun partlayış zamanı yaranmış yanğının tüstüsündən zəhərləndiyi bildirilir.
Amerikalı səfirin öldürülməsinə ilk reaksiya ABŞ prezidenti Barak Obamadan gəlib. Konsulluq binasına hücumu qınayan Obama, dinlərə qarşı yönələn iftiraları rədd etdiklərini söyləyib. O, Liviyada amerikalı diplomatların öldürülməsinə səbəb olan hücumu pisləməklə yanaşı, liviyalı rəsmilərin lazımi tədbirlər görməli olduğunu da qeyd edib. Obama həmçinin ABŞ hökumətinə dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin mühafizəsinin gücləndirilməsi göstərişini verib.
Diplomatik nümayəndəliyə hücumdan sonra Liviya hökumətindən ən yüksək səviyyədə üzrxahlıq açıqlaması yayılıb. Prezident Məhəmməd Yusif əl Məqarif açıqlamasında baş verənlərin Islam dininə yaraşmadığını bildirib. Əl Məqarif baş verənlərə görə ABŞ xalqından və bütün dünyadan üzr istəyib. O, hadisənin günahkarlarının yaxın zamanlarda cəzalandırılacağını söyləyib.
Liviyanın daxili işlər nazirinin müavini Vanis əl Şərif keçirdiyi mətbuat konfransında ABŞ konsulluğuna hücuma görə devrilmiş diktator Müəmmər Qəddafinin tərəfdarlarını günahlandırıb. Şərif, hücum zamanı raketlərin istifadə edildiyinə diqqət çəkərək, bunun əvvəlki rejimdən qaldığını deyib.