“Azadlıq”ın çətin durumunda ona dəstək verənlərin sırasına 91 yaşlı bir təqaüdçü də qoşuldu. Dünən redaksiyamıza gələn kimya elmləri doktoru, professor, II Cahan Savaşının veteranı, əslən Qarabağdan olan Saleh bəy yaranmış vəziyyətdən narahatlığını ifadə edib.
O bildirib ki, aldığı 90 manat təqaüdü yardım məqsədilə redaksiyanın hesabına köçürmək istəyir. Lakin qəzet rəhbərliyi ağsaqqalın bu təklifilə razılaşmayaraq, onun redaksiyaya gəlişinin özünü qəzetə böyük bir dəstək kimi qiymətləndirib. Bununla belə, Saleh bəy maddi yardım istəyində təkid edib və qarşılıqlı razılaşma ilə 50 manat redaksiyanın hesabına köçürüb.
Uzun illərdir hər gün “Azadlıq” oxuduğunu deyən alim, qəzetə dəstəyini millətə dəstəyi kimi qiymətləndirib: “Azadlıq” bu ölkənin ağrılarını bizə göstərir. Buna görə ona təşəkkür etmək və ağrıları aradan qaldırmaq lazımdır. Mən hesab edirəm ki, dövlət başçısı Ilham Əliyev başda olmaqla, hər kəs “Azadlıq”ı qorumalı, ona dəstək durmalıdır”.

91 yaşlı alimdən “Azadlıq”a təsirli dəstək
•
•