Növbəti prezident seçkisinin günü məlum oldu. Təbii ki, bunu seçki və demokratik siyasi prosedur adlandırmaq mümkün olacaqsa… Bu, daha çox qaydasız döyüşə bənzəyir. Sanki hakimiyyət bir oyun qaydası müəyyən edir və müxalifət o qaydaları qəbul edib yaxşı nəticə göstərdiyi məqamda hakim zümrə oyunu pozur və yeni qaydalarla oynamağı təklif edir. Beləcə, 19 ildir ki, bu qaydasız döyüş davam edir. Gələn il YAP-ın hakimiyyətdə olmasının düz 20 ili tamam olacaq. Bəlkə də başqa bir vaxt olsaydı mən bu “tarixi” analitik süzgəcdən keçirməyə çalışardım. Lakin indi nə vaxt var və nə də ki, həvəs. 20 il həm də demokratiyanın qalması uğrunda mücadilə müddətidir. Nələr qalıb, nələr itirilib? Çətin sualdır. Indi irəliyə baxmaq daha düzgün və həm də məntiqli olardı. Mənim yadıma gəlir ki, Konstitusiyadan o iki dəfəlik məhdudiyyət götürülərkən müxalifət liderlərindən biri dedi ki, seçki ki qalır!
O vaxt mənim bu cavaba gülümsəməkdən savayı çarəm qalmamışdı. Məsəl var deyirlər ki, dəli üçün həmişə bayramdır. Indi elə siyasətçilər də var ki, öz personaları üçün bütün şəraitləri məqbul hesab edirlər. O düzəlişə qədər iki dəfəlik məhdudiyyət real bir şey idi. Lakin seçki isə…
Bəli, 1993-cü ildən bu tərəfə bu ölkədə seçki olmayıb. Bundan sonra da olmayacaq. Bəlkə elə vaxt gələcək ki, hakimiyyət YAP-dan bir başqa demokratik qüvvəyə keçəcək. O vaxt mümkündür ki, əsl seçki olsun. Amma o vaxt nə vaxt gələcək, bilmirəm və bununla bağlı proqnoz vermək də istəmirəm. Bircə onu bilirəm ki, bizdən asılıdır, biz uçurdulan evlərimiz, əlimizdən alınan mülkiyyətimiz uğrunda bir savaş açdığımız kimi oğurlanan səslərimiz uğrunda da savaş açanda artıq o gün yetişəcək və bu ölkədə YAP-ın hakimiyyəti bitəcək. Ona qədər isə neçə il keçəcək, neçə seçki saxtalaşdırılacaq, mən bilmirəm.
Arabir xəritəyə və hətta qlobusa baxıram. Bir zolaq var. Əvvəllər ona türk zolağı deyir və bunu gələcəyin ciddi geosiyasi faktoru kimi dəyərləndirirdilər. Indi mən həmin bu zolağa baxıram və görürəm ki, bu zolaq səslərin oğurlandığı zolaqdır. Təbii ki, mən Türkiyəni istisna hal kimi qəbul edirəm. Qalanları isə… Bu ölkələrin hər birində prezident, parlament və məhkəmə institutları var. Amma onların mahiyyətini elə ustalıqla dəyişiblər ki, olmasaydılar daha yaxşı olardı. Bunu indiki vaxtda müxtəlif adlarla adlandırırlar. Amma fərq etmir, çünki məzmun eynidir. Istəyirsiniz adını psevdo-demokratiya qoyun, ya da başqa bir şey, mahiyyət eynidir. Bu da bir siyasi modadır. Indi də demokratik fasada sahib olmaq dəbdədi. Mən ona görə bu məsələnin xırdalıqlarına gedirəm ki, gələn il bizim ölkə ilə Xəzərin o biri tərəfində olan türk dövlətləri arasında fərq bir qədər də azalacaq, lap minimuma enəcək. Biz də başlamışıq, bəs seçki belə getdi, elə getdi. Hansı seçki? Monarxiyaya doğru daha bir hüquqi addım və sıçrayış edirik, əzizlərim! Bacarırıqsa, ölkənin demokratik potensialı bunları dayandırmağa imkan verirsə, gəlin çalışaq. Yoxsa seçki oyunu-filan, artıq o qədər də cəlb etmir bizi. Oyun dedim, ağlıma bir şey gəldi. Amma taleyin də öz oyunu var. Bir də görürsən elə yerdə kəsilir ki, adam lap məəttəl qalır. Bu seçkidən təsadüfən biz qalib çıxsaq, elə bu da taleyin oyunu olacaq. Yox, bu o demək deyil ki, bizim sosial bazamız, elektoral dayaqlarımız yoxdu, bunlar hamısı var, amma sadəcə müsadirə olunub, oğurlanıb.
Bir vaxt həvəssiz və bikef olan vaxtlar böyük siyasətçilərin bioqrafiyasını oxuyurdum. Indi artıq o da kömək etmir. Adam nə qədər boş ümidlərlə yaşayar? Burada yalnız bir nəfər kömək edə bilər – o da A.Kamyudur, onun ümidsizliklə dolu ümidli və ibrətamiz esseləri adamı bir az sakitləşdirir. Ona görə mən də bir ümid dolu kontor açmaq istəyirəm. Reklamım da o olacaq ki, ümidinizi itirmisiniz, bir daha siyasətlə maraqlanmayacağınıza söz vermisiniz, onda cəld Kamyunun esselərini tapın və dərhal oxuyun! O, sizə kömək edər. Baxmayaraq, həmin esselər onun özünə kömək etməmişdi. Lakin qorxmayın, adam üçün ən çox özünə ümid vermək çətin olur, adam özünü aldada bilmir axı… Başqalarına nə var ki?

Ümidinizi itirmisiniz? Onda Kamyunu oxuyun!
•