Bir neçə gündür rəsmi və qeyri-rəsmi hakimiyyət KIV-ləri (onlar hamısı açıq şəkildə bir ailəyə, bir partiyaya xidmət edir) Ilham Əliyevin tüfəngdən atəş açmasından yazır. Bu hadisə Qəbələdə olub. Vurğu da onadır ki, prezident sərrast atıb. Özü də bir neçə dəfə. Bircə o qalmışdı yazalar ki, görürsünüz necə hədəfə vurur!
Prezidenti bu cür təbliğ etməyin səbəbi nədir? Yəqin demək istəyirlər ki, o yan, bu yan etməyin, sizi də belə vurar!
Guya biz anlamırıqmı bunu? Təbliğ etdiyiniz bu insan tüfəngsiz də yeritdiyi siyasətlə bizi məhv edir. Ölkədəki ədalətsizlik, korrupsiya, yalan-palan idarəçiliyi normal adamı əl belə vurmadan məhv edir. Məgər siz hesab edirsiniz ki, biz bunu hələ anlamamışıq? Bunca illərdə ölkədə yaşananlar bəs etmirmi? Hər kəs bilir ki, bu ölkənin hakimiyyəti istədiyi vaxt öz ölkəsinin vətəndaşını əzə bilər.
Adi sözə görə insanı 30 illik işindən atırlar. Alimin alimliyini danırlar. Mollanı ateist çıxarırlar. Azərbaycanlını erməni kimi qələmə verirlər. Elə bilirsiniz bütün bunlardan sonra ölkədəki gerçəyi anlamaq üçün tüfəngdən də atəş açmaq lazımdır? Xalq hər şeyi görür və anlayır. Anladığı üçün imkanı olan bu zəngin neft ölkəsindən başını götürüb qaçır da. Imkanı olmayan da burada yavaş-yavaş məhv olur, ya da mənən məhv olub sizlərlə barışır, sizə əl çalır.
Yaxşı ki, bir qrup insan sonacan dayanıb bu məhvedici siyasəti dayandırmağa çalışır. Yaxşı ki, onlar bu ölkənin gələcəyinin fərqli olmasına ümid yaradırlar…
Mən deyərdim ki, ölkədəki siyasət məhvediciliyi baxımından tüfəng atəşindən də sərrast və dağıdıcıdır. Dünyanın heç bir yerində rüşvət bu qədər dəqiqliklə sistemləşməyib, aşağıdan yuxarı bir elektron dəyirmanı kimi işləyir. Hələ yaltaqlığı demirəm, bu sistem də saat kimi işləyir. Adamlar onlara göstəriş verilmədən də bilirlər ki, nə vaxt, harada, necə mədhiyyə söyləməlidirlər, hansı yalanı, hansı böhtanı danışmalıdırlar. Idarəçilik hədəfinə çatıb artıq.
Qənirə Paşayevanın ayağı düşdü… Somaliyə!
Onun kövrəldici mərhəmət qayğıları ilə ölkəmizdə xeyli məşhurlaşan Somali də özünə yeni prezident seçə bilib. Mövcud prezident, baş nazir seçkidə universitet dekanına uduzub. Ekspertlər hesab edir ki, bu, Somalinin düşdüyü böhran və bəladan qurtulması üçün başlanğıc ola bilər. Dünya ölkələri bu hadisəni böyük uğur sayır. Federativ hakimiyyətin nəzarəti çoxdan itmiş bu ölkədə vəziyyət olduqca mürəkkəbdir. Separatizm, terror, iqtisadi böhran ölkəni ağır duruma salıb. Amma bu mürəkkəb vəziyyətdən yeganə çıxış yolu kimi azad seçkiləri, hakimiyyət dəyişikliyini görürdülər…
Seçki və hakimiyyət dəyişikliyi belə şeydir.
Rəfsəncani də çıxış yolunu azad seçkidə görür
Iranın Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumunun rəhbəri ayətullah Haşimi Rəfsəncani bu günlərdə bir qrup tələbə ilə görüşündə deyib ki, ölkənin hazırkı iqtisadi və siyasi böhrandan çıxmasının yeganə şərti növbəti prezident seçkisinin azad və şəffaf keçirilməsidir: “Tələbələr ölkənin indiki böhrandan çıxış yolları haqda mənə tez-tez suallar verirlər. Hesab edirəm ki, növbəti prezident seçkisinin azad, şəffaf və konstitusiyaya uyğun keçirilməsi ölkə problemlərinin böyük bir qismini həll edə bilər”.

Tüfəngsiz də bizi məhv edir
•