Testlərdəki yanlışlıqlar

Nabatəli Qulamoğlu

Testlərdəki yanlışlıqlar barədə “Azadlıq” qəzetində dərc olunmuş yazımdan sonra TQDK-nın sərt reaksiyası ilə oxucular tanışdır. Buna baxmayaraq, bu yöndə araşdırmaları davam etdirməkdə qərarlıyam. Məqsədim heç də qərəz və qisasçılıq  deyil. Sadəcə, abituriyentləri haqsız hücumlardan qorumaq niyyətim var. Bu dəfə VII sinfin (Azərbaycan dili fənni üzrə test tapşırıqları, TQDK, 2011) test tapşırıqlarını araşdıracağıq.
(Davamı. Əvvəli “Azadlıq” qəzetinin 01 avqust 2012-ci tarixli sayında)

1. Səh. 13, 10-cu test
Verilmiş sözlərdən hansılar omonimdir?
1.qoyun 2.biz  3.kök 4.tül 5.dirək 6.iş 7.oyun 8.üz
Düzgün cavab B) variantında verilmişdir:1,2,3,8
Diqqət yetirin, qoyun sözünü vurğusundan asılı olaraq üç mənada anlamaq olar: qoyun (vurğu ikinci hecadadır)- xırdabaş heyvan, qoyun – bədənin hissəsi. Əgər vurğu birinci hecada olsa, qoymaq felinin əmr forması alınar. Abituriyent fərqli vurğularla izah edərək iddia edə bilər ki, bu söz omonim yox, omoqrafdır. Ona görə test tərtib edərkən sözün vurğusunu ikinci hecada qeyd etmək lazım idi. Başlıca məsələ budur ki, şagird yanlış axtarışlara sövq edilməsin.

2. Səh.32, 2-ci test
Hansı cərgədəki fellərin tərkibinə görə təhlilində səhvə yol verilib?
A) Yaz-ıq-laş, mən-im-sə, din-lə, otur-mur
B) Salam-la-ş, vida-laş, titrə-ş
S) Gül-ümsə, mən-imsə, dara-l, söz-ləş
D) Al-dır-mış-am, yaz-m-az, gəl-m-ir
E) Qızar-ır,qız-dır-dı-m, qız-dır-ıcı
Testin düzgün cavabı A bəndində verildiyi halda, C bəndində də səhv buraxılmışdır (daral sözünün kökü dar sifəti olsa da, dara feli götürülmüşdür ki, bunun da daral sözü ilə heç bir əlaqəsi yoxdur.

3. Səh. 39, 8-ci test
Fel şəkilərinin hansının inkarı deyil sözü ilə əmələ gəlir?
Əvvəla, nitq üçün şəkillərinin yox, şəkillərindən məqbuldur. Ikinci, deyil sözünə yalnız sözü əlavə edilməli idi, çünki vacib şəklində də deyil inkar mənası yaradır; oturmalı deyiləm, gülməli deyiləm. Bəzi dilçilər bunu feli-sifət kimi götürsələr də, fikrin müxtəlif çalarları göstərir ki, “Gülməli deyiləm” cümləsi həm “Gülmək borcum yoxdur”, həm də “Lağa qoyulan şəxs deyiləm” mənalarını özündə ehtiva edir. Ona görə də birinci mənada “deyiləm” inkar şəkilçisinin alternativi rolunda çıxış edir.

4. Səh. 40, 5-ci test
Aşağıdakı şeir parçasında altından xətt çəkilmiş fellər hansı mənada işlənmişdir?
Mən aşiqi dərd əydi,
Dərman əydi, dərd əydi.
Dərmana gedən təbib,
Gəl, xəstəni dərd əydi.
A) çoxmənalı B) omonim C)sinonim D)həqiqi mənada E) antonim
Cavab A bəndində verilsə də, şərtin mahiyyətini əks etdirmir. Əydi sözü məcazi mənadadır. “Çoxmənalı” anlayışı isə həm həqiqi, həm də məcazi mənanı özündə ehtiva edir. Anlayışlar həm də daha yaxın olan – konkret sözlə ifadə olunmalıdır. Ona görə də A bəndində çoxmənalı deyil, məcazi sözü yazılmalı idi.

5. Səh. 54, 1- ci test
Məsdər haqqında deyilənlərdən biri yanlışdır.
A)Həm felin, həm də ismin əsas qrammatik əlamətlərini daşıyır.
B)Cümlədə, əsasən, mübtəda, tamamlıq kimi işlənən məsdər bəzən təyin kimi də çıxış edir.
C)Felin təsriflənməyən formalarından biridir.
D)Qoşmalarla işləndikdə, əsasən, məqsəd zərfliyi olur.
E)Isimlər kimi hallanır, mənsubiyyətə görə dəyişir.
Düzgün cavab B bəndində nəzərdə tutulmuşdur. TQDK-nın vəsaitindən nümunə gətirməklə öz səhvlərini özlərinə korrektə etdirmək fikrim var. “Çox təsadüfi hallarda məsdər kimi, tək, təki bənzətmə qoşmaları ilə işləndikdə təyin də ola bilir…” (Azərbaycan dili, TQDK, Bakı, 2010, səh. 208)

6. Səh.60, 13-cü test
Saydan düzəlmiş felləri göstərin.
A) bozarmaq, təmizləmək
B) genəlmək, birləşmək
S) qaralmaq, saralmaq
D) azalmaq, çoxalmaq
E) çimdirmək, aldırmaq
Şərt qeyri-dəqiq ifadə edilmişdir: saydan düzəlmiş felləri deyil, saydan düzəlmiş fellər cərgəsini tapmaq tələb edilməli idi, çünki səhv cavablar olan cərgələrin birində (B) saydan düzəlmiş fel(birləşmək) var.

7. Səh.63, 7-ci test
Yenə də şərt anlaşılmaz sözlər vasitəsilə formalaşdırılıb: geymək sözü felin hansı məna növlərinə düşür. Şərt belə olmalı idi: geymək sözündən felin hansı qrammatik məna növlərini yaratmaq olar? Beləliklə, testin dili anlaşıqlı olmalıdır.

8. Səh. 66, 2-ci test
Xəbər şəklində olan felləri göstərin.
1.Gələr-gəlməz 2.Oxumadım 3.Solmaz 4.Almır 5.Getmə 6.Gedər-gəlməz 7.Oxuyar
Cavab C bəndidir(2,3,4,7). Maraqlı məqam budur ki, digər testlərdən fərqli olaraq, bu testin cavablarındakı sözlər  böyük hərflərlə verilmişdir. Solmaz sözünün qeyri-qəti gələcək zamanda olan fel kimi deyil, xüsusi isim kimi başa düşülmək təhlükəsi var. Əgər şagirdi çaşdırmaq məqsədi yoxdursa, niyə cavablar digər testlərdən fərqli, yəni böyük hərflərlə verilib?

9. Səh.67, 6-cı test
Tələffüzü düzgün göstərilməyən fel hansıdır?
A)[düzsünnər] B)[çevirməy] C)[daramax] D)[tabpıldatmax]   E)[raslaşmax]
A bəndində kar [z] və [s] səsləri hər ikisi dil-diş samitləridir, yalnız cingiltili və kar olmaqları ilə fərqlənir. Bu sözdə [z] səsini yazıldığı kimi tələffüz etmək mümkün deyil, çünki onun ardınca [s] səsi gəlir və dil dərhal fərqli vəziyyətə yğunlaşa bilmir, yəni hər iki samit [s] kimi tələffüz edilir. Bu, geriyə assimilyasiya hadisəsidir. Ikinci səhv tappıldamaq sözündə buraxılmışdır. Burada isə, əksinə, dissimilyasiya hadisəsi baş verib: ikinci [p] qarşılığı [b] ilə əvəz edilmişdir, yəni [tapbıldamax] şəklində oxunmalıdır. Beləliklə, iki cavab: A) və D).

10. Səh. 71,10-cu test
Felin təsriflənməyən formalarına aid ən düzgün fikirləri seçin.
1.Şəxsə və kəmiyyətə görə dəyişir.
2.Cümlənin feli xəbəri olur.
3.Fellə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətini daşıyır.
4.Təsriflənməyən formalar da felin müxtəlif növlərində olur.
5.Təsriflənməyən formalar təsdiq və inkar,təsirli və təsirsiz olur.
“Ən” sözü nəinki artıq işlənib, hətta şübhə doğurur ki, fikirlər mübahisəlidir. Düzgün olmayan hökm yalnız ikinci sıradadır və heç bir şübhə doğurmur.

11. Səh.77, 7-ci test
Isimləşmiş feli sifət tərkibini tapın.
Yenə şərt yanlışdır, çünki isimləşən feli sifət tərkibi yox, feli sifətdir. Ona görə belə olmalı idi: Isimləşmiş feli sifətin əmələ gətirdiyi tərkibi tapın.

12. Səh.153, 7-ci test
Cümlələrdən birində məsdər məqsəd zərfliyi vəzifəsində işlənmişdir:
A) Sözün düzünü demək lazımdır.
B) Biz bayramı təntənə ilə qeyd etmək üçün hazırlıq görürük.
S) Bir qədər bundan əvvəl yağış yağdığı üçün bağçanı sulamağa ehtiyac yox idi.
D) Çiçəklərə toxunmaq qadağandır.
E) Bu səs körpə ağlamasına bənzəyirdi.
Düzgün cavab B bəndidir. Lakin məqsəd zərfliyi məsdərlə deyil, məsdər tərkibi ilə ifadə olunmuşdur. Söhbət təkcə şərt ilə cavabın uyğunsuzluğundan getmir. Bu, ciddi elmi səhvdir və şərtə əsaslansaq, düzgün cavab yoxdur.

Göründüyü kimi, test kitabının yarısı üzərində (səh.77-150) işləmək imkanımız olmamışdır. Güman edirəm, gələcəkdə bu işin məsuliyyətini boynumuza götürmək imkanı olacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmilərindən xahişim budur ki, yenidən üstümə komissiya üzvlərindən ibarət “silahlı” dəstə toplayıb göndərməsinlər, əksinə, tənqidlərdən nəticə çıxarsınlar.