Yəhudi dövləti Tehran rejiminə elektromaqnit dalğa ilə hücum planlaşdırır
Israilin, nüvə proqramı üzündən müharibə ilə təhdid etdiyi Iran qarşısında atacağı addımlar maraqla gözlənildiyi bir vaxtda Ingiltərənin “Sunday Times” qəzeti gözlənilməz iddia ilə çıxış edib. Qəzet Israilin Iranı elektromaqnit zərbələrlə vurmaq planının Təl-Əvivin siyasi dəhlizlərində müzakirə olunduğunu yaxıb.
“Sunday Times” elektromaqnetik zərbələrlə baş tutacaq hücumun Irana vuracağı zərərlə bağlı mütəxəssislərin rəyini soruşub. Amerikalı hərbi ekspert Bil Qerts qəzetə açıqlamasında Israilin Irana elektromaqnit dalğalarla hücum edə biləcəyi ehtimalının ABŞ kəşfiyyat qurumlarının narahatlığını artırdığını bildirib.
Qəzetin xəbərinə görə, elektromaqnit zərbələr texnologiyası ölümcül olmayan hücum tərzi kimi tanınır. Elektromaqnit hücum zamanı enerji şüaları ortaya çıxdıqları bölgədə son dərəcə güclü axın meydana gətirir. Ortaya çıxan güclü axın bölgədəki elektron vasitələri yandırıb funksiyasız hala gətirə bilir.
Elektromaqnit hücum planının gücü ilk dəfə 1950-60-cı illərdə keçirilən nüvə sınaqları zamanı təsbit edilib. Ancaq sonra aparılan təcrübələrdə elektromaqnit dalğaların nüvə silahı istifadə edilmədən mikrodalğa generatorlarıyla da hazırlana biləcəyi müəyyənləşmişdi. Elektromaqnit hücum zamanı informasiya vasitələri, enerji şəbəkələri, maliyyə və təcili yardım xidmətləri sıradan çıxarılır.
Bu arada, ABŞ Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Mayk Rocers bildirib ki, Israil Barak Obamanın Iranla bağlı siyasətinə dözmək fikrində deyil. Onun sözlərinə görə, Israil və ABŞ arasında müharibənin olub-olmamasına dair müzakirələrin uzanması Irana vaxt qazandırır. Tehran rejimi boşluqdan istifadə edərək, nüvə silahına yiyələnmək səylərini artırır.