Somalililər Ilham Əliyevin bəhanəsini necə kəsdi?

Yaptokratlar bir ara ölkədə hüquq və azadlıqların axsamasını “xalqın demokratiyaya hazır olmaması” ilə əsaslandırmağı sevərdilər. Bu yalan ayaq tutub yeriməyincə yeni bir bəhanə axtarışına çıxdılar.
Əvvəlcə Ilham Əliyev, ardınca da əyan-əşrəfi “öncə iqtisadiyyatın gücləndirib sonra da demokratik islahatlar aparmaq” fikrini ortaya atdılar. Əlbəttə, bu da ən azı “xalqın demokratiyaya hazır olmaması” qədər absurd bir bəhanə idi. Çünki bir ölkə gerçək iqtisadi inkişafı da yalnız demokratiyaya qovuşaraq, hüquq və azadlıqları bərqərar edərək, şəffaflığa qovuşaraq əldə edə bilər.
Xeyli vaxtdır bunu yaptokratlara anlatmaq istəyirik, amma ya anlamırlar, ya da anlamaq işlərinə gəlmir.
Ancaq Somalidən gələn bir xəbər də yaptokratların Azərbaycanda demokratiyanın önünü kəsmələrinə haqq qazandırmaq üçün gətirdikləri bəhanənin nə qədər boş, nə qədər filfilo, nə qədər mənasız olduğunu onlara anlatmağa kömək etməyəcəksə, mənim başqa deyəcək sözüm qalmır.
O xəbər aclıq girdabında çabalayan, yoxsulluq içində boğulan Somalidə keçirilən prezident seçkisi ilə bağlıdır. Seçkidə gözlənilmədən müxalifət lideri qalib gəlib, bu isə illərdir daxili problemlərini çözə bilməyən bu Afrika ölkəsinin gələcəyi ilə bağlı gözəl ümidlər yaradıb.
Indi soruşuram, buraxın iqtisadi inkişafı, hətta doğru-dürüst iqtisadiyyatı belə olmayan, adı dünyada səfalətlə assosiasiya olunan, acından hər gün onlarla insanın öldüyü bir ölkədə demokratiyanın önü necə açıla bilir? Insanların özgür iradəsi seçkilərin nəticəsinə necə yansıya bilir?
Təsəvvür edin, Somali parlamentinin üzvləri hazırkı prezident yerinə, onun rəqibinin tərəfini tutublar. Acından ölən ölkədə bu, necə olur? Parlament üzvləri necə bu qədər azad ola bilir? Bizdə isə o, Prezident Administrasiyasının şöbəsindən, YAP-ın özək təşkilatından başqa bir şey deyil.
Haydı, YAP-çılar, buyurun cavab verin: doğru-dürüst, düz-əməlli iqtisadiyyatı olmayan bir Afrika ölkəsi demokratiya yolunda bu qədər cəsur addımlar atarkən, siz ölkədə demokratiynı qətlə yetirmənizə, baltalamanıza hələ də “öncə iqtisadi inkişaf” bəhanəsi ilə haqq qazandırmağa davam edəcəksinizmi?
Davam etsəniz belə, ağlı başında, vicdanı yerində insanlara bunu həzm etdirəcəyinizə inanırsınızmı?
Iki oğurluq xəbərində incə ayrıntı
Dünən polisdən iki oğurluqla bağlı xəbər yayılan xəbəri oxudum. Xəbərin birində Bakıda Fransa vətəndaşının şirkətindən 160 min manat oğurlandığı bildirilirdi.
Ikinci xəbərdə isə Baş Prokurorluğunun idarə rəisinin bağ evinin qarət edildiyi, oradan müxtəlif əşyalar və pul oğurlandığı deyilirdi.
Bu iki xəbər arasında incə ayrıntı nədir? Birinci xəbərdə oğurlanan pulun məbləği göstərildiyi halda, ikinci xəbərdə bunu görmürük. Səbəb aydındır: hansısa iş adamından fərqli hansısa məmurda o qədər pulun hardan olduğuna dair suallar yaranacağı üçün Baş Prokurorluğun idarə rəisinin evindən aparılan məbləği gizli saxlayıblar.
Kül başınıza, guya siz gizlətməyə çalışsanız da, biz ən ölü məmurunuzda belə, nə qədər pul, o pulun da hardan olduğunu bilmirikmi?

Bir yazıya iki düzəliş

Əfvinizə sığınaraq, dünənki yazımla bağlı iki vacib düzəliş etmək istəyirəm.
Yazıdakı “Ilyumjinov bu posta qalmaqalla gəlmişdi, onun seçkilərdəki rəqibi əslən Bakıdan olan Karpov idi” cümləsi əslində belə oxunmalıdır: “Ilyumjinov bu posta qalmaqalla gəlmişdi, onun seçkilərdəki rəqibi əslən əfsanəvi şahmatçı Harri Kasparovun da qızğınlıqla müdafiə etdiyi, dəstəklədiyi başqa bir əfsanəvi şahmatçı Karpov idi…”.
“Hətta bunu bir dəfə Villiam Klleher etiraf etmiş, demişdi…” cümləsini də “Hətta bunu bir dəfə Ilyumjinovun yaxın adamı, FIDE-nin vitse-prezidenti Villiam Klleher də etiraf etmiş, demişdi…” kimi oxusanız, sevinərəm.