Bidzina Ivanişvili: “Hökumət insanlara pul paylayaraq, onların səsini almaq istəyir”
Gürcüstanda parlament seçkiləri yaxınlaşdıqca ölkə müxalifətinin Mixail Saakaşvili hakimiyyətinə qarşı ittihamları da artıb. Hökumətin və Saakaşvilinin əsas rəqibi, milyarder Bidzina Ivanişvili seçicilərilə görüşdə hakimiyyətin ünvanına ağır ittihamlar səsləndirib.
O, Gürcüstan hökumətinin bölgə sakinlərinə pul paylayaraq, onları öz tərəfinə çəkməyə çalışdığını deyib: “Hökumət pul paylayır və bununla da xalqı satın almağa çalışır”.
“Bidzina Ivanişvili – Gürcü arzusu” siyasi blokunun Kaxeti regionunun Telavu şəhərində keçirilən aksiyasında çıxış edən müxalif lider, xalqı hökumət qarşısında duruş gətirməyə çağırıb: “Namusunuzu satmayın! Əgər pul verirlərsə, onu alın, çünki bu, onların sizdən oğurladıqları pullardır. Ancaq seçki günü şərəfinizi qoruyun! Satılmayın, öz gələcəyinizi satmayın!”
Ivanişvili vurğulayıb ki, onun bloku layiqli namizədlərini irəli sürəcək. Siyasi lider xalqı bu namizədlərə səs verməyə çağırıb. O, əlavə edib ki, Saakaşvili hakimiyyəti gedənə qədər mübarizə meydanlarında olacaq. Ivanişvili qarşıdan gələn parlament seçkilərində qalib gələcəklərinə əminliyini ifadə edib.