Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Korpusda hamı növbəti dəfə təəccüb içində qaldı ki, mənim xəstəxanaya getməyim niyə dövlətin bu qədər əhəmiyyətli strukturlarında inqilabi bir istək kimi qarşılanır. Hətta komendant Əli də səvələ-səvələ Idarədən qayıdıb dedi ki, müəllim, heç nə başa düşmürəm, orada hamı deyinir ki, bu hadisədən bu boyda hoqqa düzəltmək lazım deyildi, sənin xəstəxanaya getmək haqqın var və bunun üzərində yasaq qoymaq mənasız işdir və s.
Əlbəttə, Əlinin bu sözləri hansı niyyətlə çatdırdığının mənə dəxli yox idi. Mənə dəxli olan o idi ki, Tibb Idarəsinin həkim briqadasını yola salıb korpusa dönəndən sonra dəstə rəisimiz mayor Anar Kərimovu nərddə növbəti dəfə üç tas udmuşdum və kefim də yuxarı idi. Xəstəxana məsələsini isə məhkəmə qaydası ilə də həll etmək olardı.
Mənim nərd və s. oyunları mərclə oynamaqdan xoşum gəlmir, xüsusən də həbsxanada. Amma birinci oyunu aparmaq ərəfəsində olan mayor at kimi üzümə dirəndi ki, udan uduzana gün ərzində “Qaz” deyə müraciət edəcək. Mən nə illah elədim, onu bu fikrindən daşındıra bilmədim. Açığı, bir az çətin təsəvvür edirdim ki, uduzduğum halda, bu mayor mənə “qaz” deyə müraciət etsə, “karser”ə neçə günlük gedə bilərəm. Özünə də izah etdim, amma xeyri olmadı. Ayağa durmaq da olmazdı, adamlar başımızın üstünü kəsdirib tamaşa edirdilər. “Cəhənnəmə!” – deyə düşünüb, davam etdim və Anar Kərimovu üç tas dalbadal qatladım. Təbii, ona “qaz” demədim. Adamın bir inzibati vəzifəsi vardı və belə xoşagəlməz ləqəblə çağırmağım onu sındırmaq demək olardı.
Açığı, onun dustaqlarla münasibəti xoşuma gəlirdi və hesab edirəm ki, dustaqlarla işləmək üçün belə xüsusiyyətli adamlar daha çox yarayırlar. O, dustağın özünü psixoloji baxımdan azad hiss etməsi üçün əlindən gələn hər şeyi edirdi. Təbii, əlində inzibati imkanlar vardı və bu imkanlardan da yararlanırdı. Amma inzibati imkanlar insanı məhv etmək, sındırmaq üçün deyil, normal işgüzar münasibətlərin qurulması üçündür. Əgər Anarın bu keyfiyyətləri olmasaydı, mən yəqin ki, onu sutka ərzində yeri gəldi-gəlmədi, nəinki “qaz”, hətta “ördək” də adlandırardım.
Mayor Anar Kərimovun tək eybi onun qızğın heydərçi olmasındaydı. Bu sahədəki baxışlarını təbii olaraq bəyənmirdim, amma onunla siyasi polemikalar da aparmırdım. Buna cəhd edəndə isə ona demişdim: “Rəis, sizin bu təsərrüfatınızdan ikicə dənə fakt götürüb bütün siyasi mahiyyətinizin bu faktların üzərində qurulduğunu sübut edərəm və pərt olarsınız. Mən sizi pərt etmək istəmirəm. Sizin buradakı vəzifəniz mənə Əliyevçiliyin nəzəri əsaslarını izah etməkdən ibarət deyil. Mən o nəzəriyyənin praktik nəticələrinin bu dustaqlara necə şamil olunduğunu bilirəm və bunu siz də bilirsiniz. Buna görə də qopun yaxamdan və zəhmət olmasa, bu dustaqlara narkomaniyanın fəsadları barəsində mühazirələr oxuyun ki, buradan çıxanda həyata normal adamlar kimi başlasınlar”.
O da bu cür münasibətdən sonra mənimlə siyasi mövzuda söhbət etməkdən vaz keçdi və sona qədər də belə davam etdi.
Bütün gözəlliklərinə baxmayaraq, bizim “zon”da yayın çox isti və qışın çox soyuq olduğunu təkrar-təkrar ona görə vurğulayıram ki, kimsə həbsxanaya yalnız istirahət yeri kimi baxmasın. Burada beş dəqiqəlik istirahət üçün günlərlə əziyyət çəkmək lazımdır. Istidən və soyuqdan qorunmağın heç bir yolu yoxdur. Baraklarda kondisioner olsaydı, o zaman buranı həbsxana adlandırmazdılar. Bütün yay uzunu 45 dərəcə istidən qaçıb canına bir az sərinlik yeritmək üçün ventilyatorların qarşısını kəsdirə bilərsən. Ventilyator adamın bir tərəfindən sel kimi axan təri soyuq suya döndərib azacıq rahatlıq verə bilər, amma az sonra onun küləyinin vurduğu səmt yenidən qaynayar, davamlı bürkünün və ya odlu Günəş şüasının qaynar mahiyyəti ventilyatorun pərlərini mənasız-mənasız danışan gəvəzə adamın boş-boş yellənən çənəsinə bənzədər. Qışda isə qalın geyinməklə, yorğana bürünməklə canınızı isidəcəyinizi heç düşünməyin. Rütubətli soyuq insanın büründüyü materiyaların toxumalarının arasından özünə yol taparaq hansısa gözəgörünməz kanallarla orqanizmin içinə nüfuz edər. Orada, insanın daxili orqanlarında maddələr mübadiləsi prosesində yaranan istilik enerjisi orqanizmin üst qatlarına çıxmağa macal tapmadan soyuq şırnaqların təcavüzünə məruz qalıb məhv olar. Maddələr mübadiləsini fəallaşdırmaq üçün yemək lazımdır. Amma davamlı yemək olmaz. Bədbəxtlikdən, insanın anatomik quruluşu onu kövşəyən heyvanların bəzi xüsusiyyətlərindən fərqləndirir. Bunu ehtimalən deyirəm. Kövşəyən heyvanlar, məsələn, qoyunlar və ya inəklər gün ərzində əldə etdikləri qidanı qarınlarına doldurur, orada həzm prosesi üçün yarımfabrikat halına gətirir, sonra bütün gecə ərzində oraya yığdıqlarını tikə-tikə ağız boşluğuna qusaraq yenidən çeynəyir və əsaslı həzm üçün yararlı vəziyyətə salırlar. Bu, həmin heyvanların orqanizmində maddələr mübadiləsinin fasiləsiz prosesini yaratmaqla fasiləsiz enerji istehsal edir, həmin enerji də onların canını qızdırır. Məsələn, qoyunlar isti yay günlərində niyə istidən partlayıb ölmürlər, axı bu qədər qalın yun təbəqəsi, üstəgəl bu qədər yemək onları istidən dağıtmalı idi. Ona görə ki, qoyunlar isti yay günlərində qarınlarına yığdıqlarını dərhal həzmə göndərmirlər, gecənin sərinliyini gözləyirlər və həmin sərin hava yetişəndə başlayırlar qarınlarında olanı yeməyə. Qışda da həmin gecə yeməyi onlar üçün istilik batareyası rolunu oynayır. Əlbəttə, qoyunların ağlı yoxdur və onlar bunu düşünərək etmirlər, sadəcə, orqanizmləri belə qurulub və instinktlər də həmin quruluşa uyğun şəkildə işləyir. Insanın orqanizmi isə bu şəkildə qurulmayıb, amma əvəzində Allah insana şüur verib və bu şüur qışda insanın qızınması və soyuqdan ölməməsi üçün od lazım olduğunu müəyyən etməlidir. Od isə Insanın ilkin kəşflərindən biridir. Doğrudur, yunanlar bunu hansısa Prometeylə bağlayırlar, amma mənə elə gəlir ki, Prometey-zad söhbəti boş şeydir, nağıldır. Şüurlu insan formalaşan kimi birinci qış mövsümündə dərk edib ki, soyuq adamın kələyini kəsir və ondan qorunmaq üçün od ən yaxşı vasitədir. Təəssüf ki, insanda kövşəyən heyvanların anatomik quruluşu, Azərbaycanın Penitensiar Xidmətinə rəhbərlik edən insanlarda isə Prometeydən min illərlə əvvəlki insanın şüur səviyyəsi qədər dərrakə yoxdur. Belə bir dərrakə olsaydı, onlar yüzlərlə adamın saxlandığı bu baraklarda istilik sisteminin qurulması üçün ciddi tədbirlər görərdilər. Doğrudur, bütün baraklarda isitmə boruları vardı, amma bu boruların içi ilə axan ilıqlığın hərarəti axşamdan yuyulub onun üstünə sərilən corabı səhərə qədər qurutmağa güclə çatırdı…
ardı var