“Əl-Qaidə” Qərb ölkələri ilə barışmaq istəyir

Terror təşkilatının liderinin qardaşı atəşkəs təklifiylə çıxış edib

“Əl-Qaidə” beynəlxalq terror şəbəkəsinin lideri Ayman əz-Zəvahirinin qardaşı Məhəmməd CNN telekanalına müsahibəsində başda ABŞ olmaqla bütün Qərb ölkələrinə islamçılarla atəşkəs sazişi imzalamağı təklif edib. Məhəmməd əz-Zəvahiri “Əl-Qaidə” və islamçı təşkilatlarla Qərb arasında vasitəçilik missiyasını üzərinə götürməyə hazır olduğunu da bildirib.

Əz-Zəvahiri müsahibədə 10 illik atəşkəs sazişinin layihəsini hazırladığını söyləyib. Onun sözlərinə görə, atəşkəs sazişinin əsas müddəası Qərbin islam dövlətlərinin işlərinə və islam təhsili prinsiplərinə müdaxilədən çəkinməsidir. Daha bir vacib müddəa ABŞ həbsxanalarından islamçılarla əlaqəyə görə tutulmuş bütün məhbusların azad edilməsidir.

Məhəmməd əz-Zəvahirinin sözlərinə görə, bunun əvəzində islamçı qruplaşmalar Qərb ölkələrinin maraqlarına qarşı hücumlar həyata keçirməyə və Qərbi hədələməyə son qoymağa, həmçinin Qərb ölkələrinin müsəlman dövlətlərində maraqlarını müdafiə etməyə hazırdırlar. Əz-Zəvahiri əlavə edib ki, qardaşı Ayman əz Zəvahiri bu məsələdə onun sözünə qulaq asacaq. Eyni zamanda onun artıq 10 ildir ki, qardaşı ilə danışmadığı da məlum olub.

Xatırladaq ki, 2004-cü ildə “Əl-Qaidə”nin keçmiş lideri Üsamə ben Laden də oxşar təkliflə çıxış etmişdi. Lakin ondan sonra 52 nəfərin ölümü ilə nəticələnmiş London metrosundakı terror aktı baş vermişdi. Məhəmməd əz-Zəvahiri Misir həbsxanalarında təxminən 14 il keçirib. Bu ilin martında Misir hərbi tribunalı ekstremizmdə və prezident Ənvər Sadatın qətlində əli olmaqda günahlandırılan Məhəmməd əz-Zəvahiriyə bəraət verib.