Dövlət Statistika Komitəsinin yaydığı məlumat bir qədər qarmaqarışıq olsa da, ölkə iqtisadiyyatındakı mənzərəni və Ilham Əliyev başda olmaqla hakimiyyətin illərlə cəmiyyətə yeritməyə çalışdığı yalanı faş etmək baxımından olduqca önəmlidir.
Komitənin məlumatına görə, “seçmə statistik müayinənin nəticələrinə əsasən 2012-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 620 min 600 nəfərdir”. Amma “iyul ayı üzrə orta aylıq əməkhaqqının hesablanması üçün qəbul edilmiş muzdlu işçilərin orta siyahı sayı 1 milyon 391 min 500 nəfərdir”.
Ölkədə muzdlu işçilərin sayı 1 milyon 620 mindirsə, aylıq əməkhaqqı hesablananda bu rəqəm niyə 1 milyon 391-ə enməlidir?
Bu əndirəbadi statistik dolaşıqlığı aydınlaşdırmaq üçün Dövlət Statistika Komitəsi ilə əlaqə saxladım. Şöbə müdiri geniş və əhatəli bir cavabla məlumatı tam aydınlaşdırdı. Bəlli oldu ki, “seçmə statistik müayinə” dedikdə Dövlət Statistika Komitəsinin apardığı anket sorğuları əsasında hazırlanan rəqəm nəzərdə tutur. Yəni “1,620,6 min” sayı dövlətin rəsmi qurumlarından alınan statistika deyil, sorğuların nəticəsidir; digər rəqəm – 1 milyon 391,5 min – isə iyul ayı üçün ölkədəki rəsmi müqavilə ilə çalışanların orta statistikasıdır.
Amma 2012-ci ilin 6 ayı üçün rəqəm fərqlidir: bu ilin ilk yarımili ərzində Azərbaycanda muzdla çalışanların orta sayı 1 milyon 395 min 900 nəfər olub (bu rəqəm DSK-nın yaydığı məlumatda əksini tapmayıb, yalnız sorğumuza cavab olaraq bildirildi).
Növbəti 6 ayda bu rəqəmdə xüsusi dəyişiklik olacağını düşünmək sadəlövhlükdür. Çünki 6 ay ərzində işçilərin orta sayı 1,395,9 mindirsə, iyul ayı üçün bu rəqəm 1,391,5 min nəfər təşkil edir: yəni dəyişiklik azalmaya meyillidir, artıma yox!
Bizsə ənənəvi hesablamamıza uyğun olaraq, humanistcəsinə davranaq və 2012-ci il üçün Azərbaycanda ümumi işləyənlərin orta sayını 1 milyon 400 min nəfərlə yuvarlaqlaşdıraq.
Ilham Əliyev hakimiyyətinin apardığı “sosialyönümlü iqtisadi-siyasi təbliğat” ondan ibarətdir ki, 9 ildə 1 milyon 100 min iş yeri açılıb. Əgər 2012-ci ildə ölkədə 1 milyon 400 min iş yeri varsa, “yeni açılan iş yerlərinin sayını” – 1 milyon 100 mini – çıxanda, 2003-cü il üçün cəmi “300 minlik” qotur rəqəm qalır ortada…
Hörmətli hökumət nümayəndələri və Ilham Əliyev! Əgər növbəti dəfə heç bir məntiqə sığmayan “1 milyon 100 mindən artıq iş yeri” sözünü dilinizə alsanız, rəsmən bəyan eləyin ki, 2003-cü ilə qədər ölkədə cəmi 300 min iş yeri olub; deyin ki, “ümummilli”, “dünya səviyyəli”, “ölkə iqtisadiyyatını ayağa qaldıran nəhəng siyasətçi” Heydər Əliyev Azərbaycanı məhvə sürükləyirmiş, çökdürürmüş, ölkədə işsizlik tüğyan edirmiş, 4 milyondan artıq (o dövrdə) iş qabiliyyətli əhalinin cəmi 300 mini işlə təmin olunubmuş, işsizlik 90 faizi üstələyibmiş…
Hətta öz liderlərinə qarşı bu cür “saçma-sapan” açıqlama vermək də işə yaramır, biabırçılığı ört-basdır eləmir. Çünki ortada reallıqlar və rəqəmlər var: 2005-ci ildə təhsildə 345 min, 2011-ci ildə isə 349 min işçinin çalışdığı rəsmən açıqlanırsa, onda 2003-cü ili təxminən 340 min; 2005-ci ildə səhiyyədə 188 min, hazırda isə 165 min adamın çalışdığı qeyd olunursa (tibbdə çalışanlar “azalırmış”), onda 2003-cü il üçün bu rəqəmi 200 min civarında götürmək lazım gəlir.
Yalnız tibb və təhsildə 2003-cü ildə 550 min, dövlət idarəetmə və müdafiəsində 250 min insan çalışıbsa, “bir milyon yüz min yeni iş yeri” rəqəmini dilə almağın özü rüsvayçılıq, millətə və xalqa təhqir, dövləti yönətənlərin öz-özünə hörmətsizliyi, ağ yalanıdır!
Xalqın gözünün içinə baxa-baxa bu yekəlikdə ağ yalanı söyləməyi heç kəs bacarmaz!
Ancaq Azərbaycan hakimiyyətinin “şanlı məmurları” bacarır…

Hakimiyyət Heydər Əliyevin ölkəni dağıtdığını rəsmən açıqladı
•