Dini radikalları Cavid Qurbanov maliyyələşdirib?

“Azəryolservis” rəhbəri ilə bağlı ilginc faktlar yayılır

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri, millət vəkili Cavid Qurbanovun sürücüsünün ölkədən qaçması barədə məlumatlar gündəmi qarışdırıb. Məlumata görə, millət vəkilinin sürücüsü Mahir Quliyev(Lənkəranlı) ölkədə radikal dini qruplaşmanı maliyyələşdirirmiş. “Olaylar” daxil olan məlumatda isə daha ilginc faktlar göstərilib. Cavid Qurbanova yaxın mənbələrdən olan şəxs bildirib ki, bu məsələdən “Azəryolservis” rəhbərinin şəxsən məlumatı olub və  bu proses illərdir ki davam edirmiş.
Mənbənin dediyinə görə, radikal dini qruplaşmanın maliyyələşməsində Cavid Qurbanov şəxsən maraqlı olub. Sürücünün özünü də bu yola elə cənab Qurbanov çəkib. Mənbənin dediyinə görə, araşdırmalar zamanı məlum olub ki, Mahir Quliyev radikal dindarlara maliyyəni də Cavid Qurbanovdan alırmış. Ona görə də o bu qədər məbləği vaxtında ödəyə bilib və radikalların maliyyə mənbəyinə çevrilib. Işin üstü açılanda isə C.Qurbanov işi sürücünün boynuna götürməsini xahiş edib və onu təhlükəsiz olaraq xaricə göndərib. Mənbə məsələ ilə bağlı bunları da açıqlayıb: “Kim inanar ki, adicə sürücü dini qruplaşmaya milyonlar xərcləyər. Sadəcə gülüncdür. Əgər Mahir Lənkəranlının o qədər pulu olsaydı Cavid Qurbanova niyə sürücülük edirdi? Elə pulu olan insan özünə bir neçə sürücü götürür. Bu maliyyələşmə birbaşa Cavid Qurbanova aiddir. Sadəcə, Mahir Lənkəranlı vasitəçi idi. Fakt aşkarlanandan sonra da Cavid Qurbanov onunla danışıq aparıb və bir həftədən sonra Azərbaycandan qaçırıb. Hazırda da o C.Qurbanovun otelində rəhbərdir”. Mənbənin dediyinə görə, sürücü hazırda xarici ölkələrin birində Cavid Qurbanovun otel biznesinə rəhbərlik edir. Azərbaycandan qaçırılan Mahir Lənkəranlı indi daha yüksək postda-Cavid Qurbanovun otelində icraçı direktor vəzifəsindədir. Cavid Qurbanov isə başqa sürücü götürüb.
Məsələni dəqiqləşdirmək üçün Cavid Qurbanovla əlaqə saxlamağa çalışdıq. Lakin deputat telefonu açmadı.
Bununla belə onun da mövqeyini dərc etməyə hazırıq.