Ədalət və mərhəmət

Ənnağı Hacıbəyli

Çox sevdiyim “Səfillər”i arada bir vərəqləyirəm. Içində yaşadığımız postsosializm realizminin gündəlik rəzalətlərini kompensasiya etmək üçün çox vaxt əlimdən heç nə gəlmədiyinə görə.Ədəbiyyat nəzəriyyəçisi olmadığımdan, ədəbi realizm və romantizmdən danışmağa gücüm çatmır. Ancaq elə bu statusuma güvənib məsuliyyət hiss etmədən düşünürəm ki, bəlkə də romantizm elə məhz gerçəkliyin yaramazlıqlarına etirazdan yaranıb. Həm də yaramaz gerçəkliyi dəyişmək imkanı tükənəndə o, bir saman çöpü kimi ümid işığına dönüb. Romantizm yandaşlarının “Adilik sənətin ölümüdür” qənaəti bəlkə də məhz belə məzmunsuz adiliklərə oxunan hökmdür – icrasız qalacağı öncədən bəlli olan hökm.
Qayıdaq “Səfillər”ə. Bu möhtəşəm əsərin beləcə möhtəşəm epizodlarından biri də keşişin ölüm ayağında olan 86 yaşlı tənha Konvent üzvünün görüşünə getməsidi. Konvent üzvünü 1793-cü ilin dəhşətlərində ittiham edən keşiş deyir: “Hakim ədalət adından, keşiş mərhəmət adından danışır. Mərhəmət ədalətin daha yüksək dərəcəsidir”.
Ədalət və mərhəmət adından danışmaq üçün yəqin ki, ədalətli və mərhəmətli olmaq gərəkdi. Sözün birbaşa anlamında. Özü də mərhəmət ona görə ədalətin daha yüksək dərəcəsi sayılır ki, o, ədalətdən daha saf və təmənnasızdı.
Ölməz Viktor Hüqonun bu sözlərini hər dəfə oxuyanda yadıma öləri hakimlərimiz və mollalarımız düşür. Bu, sadəcə qiraətdən yaranan müqayisə deyil. Bu dəfə məhkəmədən, sonra isə yas yerindən təzəcə qayıtmışdım və hisslərim hələ də can verirdi. Bəlkə də bu təsadüf, əslində, qanuna uyğunluq idi. Biz belə bir cəmiyyətdə yaşayırıq və hər günümüz ədalət və mərhəmətə dirənir. Üstəlik, dirənişlə alınan mərhəməti mərhəmət saymaq da mümkünsüz.
Yenə də peşəm mərhəmətdən danışmağa o qədər də haqq vermir. Mərhəmət dinin yaratdığı anlayış olmasa da, çox vaxt o, dini təsəvvürlərlə heç bir assosiasiya doğurmasa da, hər halda, Hüqonun sözləri adamı bu ilişkiyə doğru çəkir. Və mərhəmət adından mollalarımızın nə danışdığına qulaq asanda adamın ayağının altından yer qaçır. Bu mərhəmət ancaq əfv fərmanlarında və olimpiadalarda mərhəmətli olan padşahlara, hətta ümumiyyətlə, mərhəmət barədə təsəvvürü olmayan icra başçılarına, nəzir qutularına sevgi ilə başlanır, məzmunsuz moizə bunlarla da tamamlanır.
Ədalət adından danışmalı olan hakimlərimiz isə mənim kompetensiyam daxilindədir və onlardan danışa bilərəm.
Təzəcə qayıtdığım məhkəmə prosesinə sədrlik edən hakim o dərəcədə simvolik proses aparırdı ki, onu hətta bütün Azərbaycan hakimlərinin ümumiləşmiş obrazı saymaq da ədalətli görünmürdü. Ancaq bu adam məhz Azərbaycan məhkəməsinin hakimidi və bu haqqı onun əlindən almaq ədalətli görünmür.
Məhkəmə özü də simvolik adı olan məkanda yerləşir – yerlilər orada məhkəmə binası tikilməmişdən on illər qabaq bura ad veriblər: “Xaraba yeri”. Qəribədi, Azərbaycanın heç bir məhkəməsinin yerini belə dəqiq müəyyən edə bilməyiblər…
Son dərəcə abad, qəşəng binada baş verənlər heç bir abadlıqla assosiasiya doğurmurdu. Bu məhkəmənin hakimini unikal kadr saymamaq üçün heç bir əsas yox idi. Bir neçə ay davam edən çox mübahisəli, qızğın, bəzən, hətta az qala, açıq döyüşə qədər gedib çıxan məhkəmə prosesində tükü də tərpənməyən hakimi seyr etmək ayrı bir tamaşa idi. Ilahi, adamın üzündə hansısa bir ifadə olmazmış?! Bu adam, ölkədəki qibtə edilməz sabitliyin əsl nümunəsi sayıla bilər. Mən məcbur olub məsuliyyətlə risk daşımanın fərqini izah edəndə qəfildən dönüb hakimin üzünə baxdım. Düşünmədən, elə-belə, həmişə olduğu kimi. Gördüyüm hətta məni də heyrətə saldı. Oxşar sifətlər çox görsəm də, beləsinə rast gəlməmişdim. Bunun sifətində heç bir ifadə, reaksiya, anlayış, diqqət, deyilənləri nəinki dərk etməyə cəhd, hətta onları həzm etmək istəyi də yox idi. Başa düşürdüm ki, nahardan dərhal sonra başlamış prosesdə, ümumiyyətlə, həzm prosesi bir az ağır gedir. Amma bu dərəcədə fəlakətli proses olacağını təsəvvür etməyə fantaziyam çatmırdı. Və mənim təmsil etdiyim adam bundan ədalət istəyirdi…
Əslində, bu istək əsassız da deyildi. Adam haqlı olduğuna inanırdı və hakimin adı onu çaşdırmışdı. Bu ad ədalət və mərhəmətin hibridindən yaranmış, amma daşıyıcısına dəxli olmayan bir ad idi…
Ədalət zaman və məkan sədlərini aşan əbədi problemdi. Cəmiyyətdə onu və onun ən yüksək dərəcəsi olan mərhəməti kimlərin vermək haqqı olması diri cəmiyyət üçün çox önəmlidi. Ədalətsizin ədalət, mərhəmətsizin isə mərhəmət paylamasının hansı cəmiyyəti yaratmasını bizdə kimsəyə izah etməyə yəqin ki, ehtiyac yoxdu.
Yəqin ki. Amma bəlkə də var. Insanlar dərk etməlidi ki, ədalət və mərhəmət dağarcığını kimlərin əlinə verib…
Ukrayna Ali Məhkəməsinin hakimlərindən biri bir vəkillə söhbətində deyib: “Mən iki cür qərarlar qəbul edirəm – ədalətli və müdrik”. Belə hakimlərə orada deyirlər: yaxşı olar ki, sən qanuni qərarlar qəbul edəsən.
Biz isə hələ də ədalətli və müdrik qərarlar arzusundayıq. Müdrik qərarın nə olduğunu bilməsək də.
Bu yaxınlarda bir lətifə eşitdim. Hakim katibini çağırıb soruşur: “Iddiaçı mənə dörd min, cavabdeh isə altı min verib. Bilmirəm nə edim”.
Istedadlı və çox perspektivli şəyird dərhal cavab verir: “Burda çətin nə var ki, iddiaçıdan iki min də alın və ədalətli qərar qəbul edin”.
Görünür, kim vəzifəni hansı ədalətlə əldə edirsə, o qayda ilə də ədalət paylayır.
Ədalətli haqq, haqqın ədaləti, haqlı ədalət…
Amma ən gözəli yəqin ki, gerçək ədalətdi – haqsız və minnətsiz.