Elxan Mehdiyev: «Radikal addımlar atılmasa “sülh prosesi” 100 il də davam edəcək və Azərbaycan Fələstinin gününə düşəcək»
Ramil Səfərovun Azərbaycana ekstradisiya edilərək azadlığa buraxılmasında sonra Ermənistan tərəfinin etirazları səngimək bilmir. Beynəlxalq ictimaiyyətdən bu məsələyə sərt münasibət bildirməyi tələb edən düşmən ölkə bunun üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan tərəfi ara-sıra buna cavab versə də, ekspertlər rəsmi Bakının mövqeyini yetərli saymır.
Siyasi ekspert Elxan Mehdiyev Azərbaycan diplomatiyasının Ramil Səfərov məsələsində məğlub duruma düşdüyünü deyir. Bu isə olduqca təhlükəli haldır.
Ekspertin sözlərinə görə, İlham Əliyev bu məsələnin birinci mərhələsində əsas fiqur olsa da, ikinci mərhələdə susur. Onun ermeni həmkarı isə dunyanı ayağa qaldırıb. Əliyev susmasıyla ermənilər təşəbbəsü ələ alır. Baxmayaraq ki, İlham Əliyevin Sərkisyanı hərbi cinayətdə suçlaması hamı tərəfindən gözlənilən idi.
E.Mehdiyevin fikrincə, şirniklənmiş ermənilər Azərbaycanın gələcəkdə ata biləcəyi hərbi addımlardan sığortalanıb. Onlar beynəlxalq birliyin reaksiyasına əsaslanıb buna tam iddia edə bilərlər: «Belə çıxır ki, sabah Azərbaycan ordusu 2-3 rayonu azad etsə, biz bu rejimin hesabına müharibəni uduzacağıq. Çünki ermənilərin azğınlaşmasında Azərbaycan hakimiyyətinin böyuk rolu olub. Sərkisyanın işğal olunmuş ərazilərdə hərbi parad keçirməsi Azərbaycandakı rejim ücün adi hala çevrilib. İşğal olunmuş ərazilərdə məskunlaşma, hərbi parad, hərbi təlimlər keçirən ermənilərə Azərbaycan XİN-in sadəcə olaraq “bu addımlar qanunsuzdur, beynəlxalg normalara ziddir” kimi mənasız cavablar verməklə dunyanı özünə güldürur. Ermənilərin bu son 20 ildə “haqlı” olduğu yeganə məsələ Azərbaycanı tam izolyasiyaya salıb».
Ekspert vəziyyətdən çıxış yolu kimi atıla biləcək addımları da göstərir: «Tezliklə S. Sərkisyan, R. Koçaryan, S. Ohanyan və digər hərbi cinayətkarlarla bağlı beynəlxalq dava açılmalı, Azərbaycan BMT-də işğal edilmiş ərazilərdə məskunlaşma və hərbi cinayətlərlə bağlı qətnamələrlə çıxış edib bu məsələrdə bir nəticəyə gəlib çıxmalıdır. Bu cür layihələr eyni zamanda AŞ-da və ATƏT-in digər struktarlarında da ortaya qoyulmalıdır. Eyni layihələr MDB strukturlarında da gündəliyə salınmalıdır. Azərbaycan birqiymətli olaraq erməni tərəfini və dünya birliyini xəbərdar etməlidir ki, Azərbaycan işğal olunmuş ərazilərdə erməni qüvvələrinin keçirdiyi hərbi parad və təlimləri hədəfə alacaq».
Ekspert hesab edir ki, əgər Azərbaycan bu addımları ata bilsə, ortaya bir iradə qoyacaq və torpaqları azad edəcək. Çünki onsuz da sülh prosesi deyilən bir şey yoxdur və yeni yanaşma ilə ermənilərin törətdiyi cinayətlərə qarşı hücum siyasətinə başlamaq lazımdır. Radikal addımlar atılmasa “sülh prosesi” 100 il də davam edəcək və Azərbaycan Fələstinin gününə düşəcək. Hazırki proseslər elə ondan xəbər verir.
Fizzə