Avropadan Bakı necə görünür?

Dördüncü yazı
1.Tiflis və Bakı abidələri
Gürcüstanı həm coğrafi, həm də siyasi aspektdən Avropa saymaq olar. Bu ölkənin Avropa Birliyinə inteqrasiyası çox sürətlə gedir və maksimum 5-10 ilə Gürcüstan Qərb dünyasının ən sivil dövlətlərindən birinə çevriləcək. Şəxsi qənaətimdir və əminəm ki, yolu bir dəfə Tiflisə düşənlər mənimlə tam razılaşar.
Hər dəfə Tiflisdə olanda bu şəhərin məhz şəhər standartlarına uyğun inkişafına heyran oluram və bu yazıda məqsədim heç də Tiflisin gözəlliyindən söhbət açmaq deyil. Bu şəhərdə daha çox diqqətimi cəlb edən, məni düşündürən abidələrdir. Tiflisdə saysız-hesabsız abidələr var. Və demək olar ki, abidələrin hər birində gürcü mentaliteti öz əksini tapıb.
Şəhərdəki üç heykəltaraşlıq incisi isə hafizəmdə çox dərin izlər qoyub. Bu abiələrdən ikisi Qurucu Davidin və general Baqrationun at üzərində heykəlləridir. Tiflisə şərqdən təşrif buyuranları Qurucu David, Qərb qapısından daxil olanları isə General Bqration qarşılayır. Hər iksi də at üstündə. Tiflisin heykəltəraşları at heykəli yaratmaqda ustadır. Və ən əsası heykəltaraşlar o atların üzərinə elə kişiləri oturdurlar ki, cümlə gürcü milləti tamaşa etdikcə qürurlanır. Atı biz türklər əhliləşdirdik, möhtəşəm heykəllərini gürcülər qoyur. Nədən ki, Bakıda at üstündə çıxarılmalı bir kişi tapmaq mümkün deyil və bu an kiminsə yadına Koroğlu düşdüsə, xatırlatmaq zorundayam ki, azərbaycanlının at üstündəki Koroğludan aldığı enerjini gürcünün Qurucu David və General Baqrationun at belindəki heykəllərindən aldığı enerji ilə müqayisə etmək tər-təmiz abdallıq əlamətidir.
Tiflisdən Bakı daha yaxşı görünür. Ən aydın görünən də Bakıda Heydər Əliyevə qoyulmuş heykəllərdir. O heykəllərin Azərbaycan türkünün beynində hansı assosiasiya yaratdığını təəssüf ki, cəmiyyətdə bir obyektiv sorğu keçirib öyrənmək mümkün deyil.
Tiflisdə möhtəşəm bir abidə də var. Şəhərin ən yüksək yerində qoyulmuş və bir əlində qılınc, digərində şərab tutmuş Ana Abidəsini nəzərdə tuturam. Tiflisə dost kimi gələnə ŞƏRAB, düşmən olaraq təşrif buyurana QILINC nəsib olacağını eyham vuran Ana Abidəsi gürcülərin millət kimi formalaşmasında çox önəmli rol oynayır. Xüsusi olaraq vurğulamağa dəyər ki, cümlə gürcülər o üç abidənin – Qurucu Davidin və General Baqrationun at belindəki heykəllərinin və Ana Abidəsinin qarşısında dayanmağı özlərinin ən müqəddəs borcu hesab edirlər.
Bakıda hansı abidənin önündə dayanarkən özünü qürurlu hesab edirsən? Bu sualı sənə ünvanlayıram, dəyərli oxucu.
2. Səfərsonu deyəcəklərim
Stressdən iki həftə uzaq olmaq istədim. Alınmadı. Nədən ki, Avropadan Bakı elə eybəcər görünür ki, stress üstünə stress almaq zorunda qalırsan. Avropanın ən dilbər guşəsində, ən komfort istirahət məkanında belə Bakı kabus kimi adamı müşayiət edir. Istəsən də, dirəniş göstərsən də Bakını unutmaq, iki həftəlik də olsa yaddan çıxarmaq mümkün deyil. Çünki bu şəhər DÖVLƏTIN VƏ MILLƏTIN taleyini müəyyən edir. Və o müəyyənetmənin necəliyinə biganə qalmaq manqurtlaşmağa bərabərdir.
Bu gün Bakı Berlindən, Romadan, Vyanadan, Tiflisdən çox fərqli təsir bağışlayır. Bakı əsəbləri gərginləşdirir, stress yaradır. Bakı sabah necə olacaq? Və sən bu gərginlikdən, bu stressdən xilas olmağın yollarını necə görürsən? Bu sualı da sənə ünvanlayıram, dəyərli oxucu. Cavab yazmağına lüzum yox, sadəcə, verəcəyin cavab barədə diqqətlə düşün, özü də çox diqqətlə düşün…