Əli Kərimli: “Səfirləri həqiqətin, ümumbəşəri dəyərlərin yanında olmağa çağırdıq”
ATƏT-in 19 ölkəni təmsil edən səfirləri sentyabrın 11-də Bakıda müxalifət partiyalarının liderləri ilə görüş keçirib. Görüşdə AXCP, Müsavat, KXCP və ALP rəhbərləri iştirak edib.
AXCP sədri Əli Kərimlinin görüşdən sonra veriyi açıqlamaya görə, səfirlərlə əsasən Azərbaycan və ATƏT arasında münasibətlər, bu qurumun qarşısında Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlı müzakirə olunub. Partiya sədrləri Azərbaycan müxalifətinin vəziyyəti, ölkədəki ictimai-siyasi durumla bağlı məlumat verib, həmçinin ATƏT-in Azərbaycanda məşğul olduğu bir sıra məsələlərə münasibət bildiriblər.
“Xüsusi olaraq ATƏT səfirlərinin nəzərinə Azərbaycan cəmiyyətində artıq bu quruma etimadın xeyli dərəcədə sarsıldığı çatdırılıb. Bu da ilk növbədə qurumun Qarabağ probleminə yanaşması ilə bağlıdır. Belə ki, uzun müddətdir bu problemin dinc yolla həll olunmasına çalışan ATƏT hələ də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiq etməyib. İşğalçının konkret ünvanını göstərməkdən çəkinən, ona hər hansı təsir göstərməyən bu təşkilat əlbəttə ki, sülh işində hər hansı irəliləyişə nail ola bilməyəcək. Çünki təşkilat torpaqları işğal olunanla işğalı həyata keçirən dövlətə bərabər yanaşır və sadəcə şablon ifadələrlə hər iki tərəfi sulhə çağırır”, – deyə Ə.Kərimli müzakirə olunan məsələlər barədə danışıb.
AXCP sədri ATƏT səfirləri ilə seçki məsələsinin də müzakirə olunduğunu bildirib: “Hər dəfə keçirilən seçkilər ATƏT-in müşahidəçiləri tərəfindən izlənilir. Doğrudur, müşahidələr obyektiv aparılır, axırda seçkilərin qeyri-demokratik olduğu, beynəlxalq standartlara uyğun olmadığı vurğulanır. Amma bununla Azərbaycan cəmiyyəti heç nə qazanmır. Çünki ATƏT-in hər seçkidən sonra hazırladığı tövsiyyələr qətiyyən tətbiq olunmur və bizdə ATƏT-in həmin tövsiyyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərməsi ilə bağlı məlumat yoxdu. Ona görə də bu sahədə də ATƏT-in fəaliyyətini uğursuz qiymətləndiririk. Bu, Azərbaycan cəmiyyətində ATƏT-ə etimadın xeyli dərəcədə sarsılması üçün daha bir səbəbdir”.
Görüşdə xüsusi olaraq vurğulanıb ki, seçki islahatına nail olmaq üçün ATƏT daha təşəbbüskar olmalı, sərbəst toplaşmaq və media azadlığının təmin edilməsi, siyasi məhbusların azad olunması istiqamətində bu təşkilat üzərinə düşənləri yerinə yetirməlidir. Həmçinin bildirilib ki, Azərbaycan müxalifəti tək ATƏT-dən yox, ümumiyyətlə Avropa təşkilatlarından öz dəyərlərinə sadiq olmağı gözləyir: “Onları Azərbaycan hökumətinin həyata keçirdiyi saxtakarlıq siyasətində iştirak etməməyə, bu saxta inkişaf görüntülərinə aldanmamağa çağırırıq. Həqiqətin, Avropa dəyərlərinin, ümumbəşəri dəyərlərin yanında olmağa çağırdıq. Bu bizim üçün yetərlidir. Azərbaycanın demokratikləşməsi ilə bağlı əsas işi özümüz həyata keçirəcəyik”.
Fizzə