2016-cı ildə dünya şahmat olimpiadasının Bakıda keçiriləcəyini ötən həftə sonu açıqladılar, amma bunun belə olacağı üç aşağı, beş yuxarı xeyli əvvəldən məlum idi. Bizimkilər Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Ilyumjinovun bu vəzifəyə seçilməsinə xeyli tər tökmüşdülər. Ilyumjinov bu posta qalmaqalla gəlmişdi, onun seçkilərdəki rəqibi əslən Bakıdan olan əfsanəvi şahmatçı Harri Kasparovun da qızğınlıqla müdafiə etdiyi, dəstəklədiyi başqa bir əfsanəvi şahmatçı Karpov idi. Həmin vaxt Karpov və xeyli adam seçkilərin saxtakarlıqla keçməsindən, Ilyumjinovun yerli şahmat federasiyalarını qeyri-qanuni yollarla, vədlərlə ələ almağa çalışmasından şikayətçi idi. O, FIDE-ni “dünyanın ən korrupsiyalaşmış beynəlxalq idman federasiyası” adlandırır və fikrini əsaslandırırdı. Amma bütün bunların heç bir xeyri olmadı.
Qayıdaq FIDE-yə prezidentlik seçkisinə – həmin vaxt Azərbaycan hələ xeyli əvvəldən Ilyumjinovu dəstəkləyəcəyini bəyan etmişdi. Ölkəmizi ən çox su yoluna döndərən federasiya prezidentlərinin başında gələn Ilyumjinovun təşəkkürü isə gecikmədi.
***
Bir neçə il əvvələdək Ilyumjinov Azərbaycandan olan dəvətlərə dırnaqarası baxardı. Onun bir neçə dəfə buradakı hansısa turnirə qonaq kimi aldığı dəvətlərdən çeşidli bəhanələrlə (məsələn, guya səhhəti ilə bağlı!) imtina etdiyi də məlumdur. Amma birdən-birə necə oldusa, FIDE prezidentinin əhvalı dəyişdi, indi Əliyev rejimi adı çeşidli qalmaqallarda hallanan bu adamın bir nömrəli dostudur.
Ilyumjinovun nə yuvanın quşu olduğunun ən bariz göstəricisi isə onun Liviyada ötən il xalq üsyanlarının ən qanlı çağlarında Qəzzafi ilə görüşüb sonra da kameralar qarşısında onunla şahmat oynamasıdır. Həmin görüşdən sonra FIDE prezidenti öz vətəndaşlarını gülləbaran edən, buna görə bütün dünyanın gözündən düşən Liviya rəhbərinə elə bir bəytərifi oxumuşdu ki, onun qaranlıq rejimlərlə gizli alış-verişlərinə artıq heç bir şübhə qalmamışdı.
Yeri gəlmişkən, Qəzzafi son nəfəsinədək həm də Liviya Milli Olimpiya Komitəsinin rəhbəri idi…
***
Ilyumjinovun despotlarla dostluğu və onlara dara düşəndə dəstəyi Qəzzafi ilə bitmir.
Səddam Hüseyn rejiminin devrilməsi ərəfəsində də belə olmuşdu: Iraqa getmiş və Səddamla görüşərək, onun yanında olduğunu nümayiş etdirmişdi.
***
Bəli, 2016-cı ildə dünya şahmağ olimpiadası Bakıda keçiriləcək, indi bunu “böyük qələbə” kimi bizə sırımaq istəyirlər, amma bilənlər bilir, məsələ o qədər də bəsit deyil.
Iş burasındadır ki, həmin olimpiadaya ev sahibliyi etmək istəyən iddiaçılar da yox idi, çünki bu tədbir gəlirli sayılmır, ona xeyli xərc lazımdır. Pullarını nümayiş etdirməyi sevən bizimkilər belə fürsəti niyə əldən buraxmalı idilər ki?
Indi Bakının 2016 dünya şahmat olimpiadasına ev sahibliyindən bayram düzəldən yaptokratlar isə əvvəlcə bu suala cavab versinlər görək, Istanbulda keçirilən və srağagün başa çatan 2012 dünya şahmat olimpiadasında Ermənistanın birinci yeri tutmasından heç utandılarmı? Bizdə şahmata qoyulan maya bu ölkənin şahmat büdcəsindən 25 dəfə çoxdur, elə isə niyə biz ümumi nəticədə heç ilk 10-luğa da düşə bilmirik, Ermənistan isə birinciliyi qazanır?
Bu aydın göstərmirmi ki, Mərkəzi Bank sədri Elman Rüstəmovun “fırlatdığı” Azərbaycan Şahmat Federasiyası digər oliqarxların rəhbərlik etdiyi idman federasiyaları kimi çirkli pulların yuyulma vasitəsinə çevrilib? Bu o demək deyilmi ki, şahmat təsərrüfatı qeyri-peşəkarların əlində əsirə çevrilib?
Bir vaxtlar şahmatımızın parlaq gələcəyindən xəbər verən adların bir çoxu hardadır? Niyə FIDE-nin reytinq cədvəllərində get-gedə alt sıralara düşürük? Şahmatımızın çoxlu sayda ümidverici yetirmələri necə küsdürülüb, incik salınıb, onlar niyə hətta Azərbaycanın şahmat yığmasından belə soyuyublar?
Bu gün kimi dindirirsən, Elman Rüstəmovun Şahmat Federasiyasını etibar etdiyi Faiq Həsənovun oranı şəxsi bostanına çevirdiyi barədə danışır. Adamın işi-gücü federasiya xətti ilə ev almaqdan (indiyədək 3 mənzil aldığı dəqiqdir) ibarətdir, kifayət qədər istedadlı şahmatçının isə nə evi var, nə normal gəliri.
Bu heç kimi maraqlandırmır da.
***
Ölkə şahmatının gerçək durumunu Azərbaycanın son illərdə yetişdirdiyi ən yaxşı şahmatçılardan biri – Vüqar Həşimova qarşı haqsızlıqlardan görə bilərsiniz. O, iradlarını dilə gətirdiyi, həqiqətləri söylədiyi üçün Həşimovu az qala linç etdilər, sağdan-soldan üstünə gəldilər. Yığmadan uzaqlaşdırdılar.
Çünki ölkədə şahmat da hər şey kimi, kimlərinsə ağa kefi, paşa könlü ilə idarə olunur.
Indi baxıram, gənclər və idman naziri Azad Rəhimov müsahibə verib 2016-dakı şahmat olimpiadasının təşkilat komitəsində Harri Kasparovun da olmasından danışır, oysa, iki il əvvəl “erməni əsilli Kasparovun adını daşıyan ispan klubunda çıxış etdiyinə görə” Vüqar Həşimovu topun ağzına qoymuşdu, onun üzünə şahmat millisinin qapısını bağlamışdılar. Indi eyni Kasparovun Bakıda keçiriləcək olimpiadanın təşkilatçılarından biri olmasından danışırlar.
Bax, belə bir təfəkkürlə yönəldilən Azərbaycan şahmatının çoxlu pullara rəğmən Ermənistan şahmatının qələbəsini uzaqdan uzağa seyr etməsində təəccüblü heç nə yoxdur.
***
2010-cu ildə Həşimovu az qala “vətən xaini” çıxaran, onun vətənpərvərliyini şübhə altına alan vətənşüvən idman məmurları cavab versinlər görək, Avropa Şahmat Ittifaqı prezidentliyi seçkilərində bizim Faiq Həsənov niyə iki namizəddən biri – qardaş ölkə dediyimiz Türkiyə Şahmat Federasiyasının prezidenti Əli Nihat Yazıçının əvəzinə bolqar idman meneceri Silvio Danialovu dəstəkləmiş, onun lobbiçiliyi ilə məşğul olmuşdu? Ona görəmi ki, idmanın böyük ölçüdə korrupsiyalaşdığı və xeyli dərəcədə mafiyanın nəzarətində olduğu Bolqarıstanla işləmək bunlara hər mənada sərf edir?
***
Beynəlxalq idman federasiyalarının korrupsiyalaşdığına artıq heç kimin şübhəsi yoxdur. Futbol üzrə DÇ-2022-yə ev sahibliyini Qətər hakimiyyətinin məhz pul gücünə alması iddiaları FIFA-nı gözdən saldı. Beynəlxalq Həvəskar Boks Federasiyasının da rüşvət və korrupsiya girovuna çevrildiyini isə biz elə Azərbaycanla bağlı məlum medal qalmaqalından bilirik.
Dünya Şahmat Federasiyası – FIDE də özünə olan etimadı elə Ilyumjinovun prezident seçilməsi ilə itirdi. Bu adamı normal, şəffaf, demokratik ölkələrin heç birinin şahmat federasiyası dəstəkləmirdi. ABŞ, Hollandiya, Fransa, Almaniya, Isveçrə kimi pulun, rüşvətin keçərli olmadığı ölkələrin şahmat federasiyaları Ilyumjinovun rəqibinin tərəfində idilər. Bu hər şeyi deyir.
Eyni zamanda da heç nəyi dəyişmir: çünki FIDE-nin qaydalarına görə, hər bir federasiyanın bir səs hüququ var. Istər cəmi 50 üzvü olsun, istər 50 min üzvü. Ona görə də, Ilyumjinov hər dəfə kiçik, eyni zamanda qaranlıq, korrupsioner imici olan ölkələrin (o cümlədən Azərbaycanın!) şahmat federasiyalarının dəstəyini qazanmaqla qələbəsini təmin edir. Onun da bizimkilər kimi pulu çoxdur. Hətta bunu bir dəfə Villiam Klleher etiraf etmiş, demişdi: “Ilyumjinovdan narazılar çox olsa da, onun pulu bir çox federasiyaları öz tərəfinə çəkmək, səsini almaq üçün yetir”.
***
Azərbaycan şahmatından başladıq, söz sözü çəkdi, dünya şahmatına qədər gəldik. Əslində, söz sözü çəkmədi, korrupsiya korrupsiyanı çəkdi.
Uzun yazdım, amma dərdimi anlada bildimmi, bilmirəm. Bu anlatdıqlarımı, anlatmaq istədiklərimi siz də özünüzə dərd edirsinizmi, onu da bilmirəm.
Səmimiyyətə qalsa, şahın mat olmadığı bir ölkədə şahmatı danışmaq, yazmaq elə özümə də qəribə gəldi.