Parlamentarilər Ramil Səfərovun azadlığa buraxılmasına sərt reaksiya verən İrəvanı qınadı
Avropa parlamentariləri azərbaycanlə zabit Ramil Səfərovla bağlı Ermənistanın nümayiş etdirdiyi mövqeyə etirazlarını bildiriblər. Avropa Azərbaycan Cəmiyyətindən “Trend”-ə verilən məlumata görə, Almaniya Bundestaqının deputatı, Xristian Demokrat Partiyasının üzvü Olav Gutting Ramil Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistanın mövqeyinə etirazını bildirib. O.Gutting hesab edir ki, ekstradisiyanın Avropa hüquq müstəvisində qanuniliyinə heç bir şübhə yoxdur:“Ermənistan hökumətini, eləcə də erməni diasporunu tərəfdaşımız olan Macarıstana qarşı tənqid tonunu azaltmağa səsləyirik”.
Almaniyalı deputat deyib ki, 1992-ci ilin fevralında yüzlərlə azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalıda törədilən qırğından əvvəl azərbaycanlıların ermənilərin dinc əhaliyə ziyan vurmağa qadir olduğuna inanmadığını deyən hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın səsləndirdiyi bəyanatlar Cənubi Qafqazda sülhə nail olmağa əngəl törədir.
Almaniya Bundestaqının digər üzvü, hakim Xristian Demokrat İttifaqı / Xristian-Sosial İttifaqı parlament fraksiyasının Xarici siyasət komitəsinin sözçüsü Filipp Misfelder (Philipp Missfelder) də Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar məsələlərə münasibətini açıqlayıb. Filip Misfelder bildirib ki, Avropa Birliyinin (AB) üzvü kimi Macarıstan Respublikası Avropa Birliyinin hüquqi dövlət prinsiplərinə bağlıdır, ona görə də Budapeştin Ramil Səfərovun Azərbaycana ekstradisiya etməsinin qanunauyğunluğuna heç bir şübhə yoxdur. Filipp Misfelder hesab edir ki, əslində, beynəlxalq hüquqla tanınmayan “Dağlıq Qarabağ Respublikası”nda 19 iyul 2012-ci ildə keçirilən qondarma “prezident seçkiləri” beynəlxalq birliyin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və normal qonşuluq münasibətlərinin yaradılması istiqamətində səylərinə ağır zərbə vurub.
Böyük Britaniya Lordlar Palatasının üzvləri də Ermənistanın bu məsələ ilə bağlı mövqeyini kəskin tənqid ediblər. Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Ken Maginnis Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hökümətinin aqresiv mövqeyinə münasibət bildirib.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Ken Maginnis qeyd edib ki, həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq lazımdır. Ken Maginnis ermənilərin türk və azərbaycanlı diplomatların həyatını təhdid etməkdə davam etdiklərini deyib. Lordlar Palatasının digər üzvü Lord Laird da eyni fikri bölüşür. O qeyd edib ki, erməni zabitini öldürdüyü üçün cəza çəkən Ramil Səfərovun səkkiz ildən sonra azadlığa buraxılması Ermənistanda çox kəskin qarşılanıb. Lakin Ermənistanın reaksiyasının getdikcə əndazəsini aşma təhlükəsi var.
Lordlar Palatasının üzvü Lord Kilkluni də məsələyə münasibət bildirib:“Erməni ordusunun zabitini qətlə yetirmiş Ramil Səfərov Macarıstandan Azərbaycana təhvil verildi və azadlığa buraxıldı. Erməniləri qıcıqlandırmış bu məsələyə o prizmadan baxmaq olar ki, ermənilər özləri illərlə xaricdə terror hücumları və qətllər törətmiş bir neçə vətəndaşının azad olunmasını təmin ediblər. Ermənistan prezidenti Serj Sarkisyan sakitliyə çağırmaqdansa, müharibə ilə hədələyir. “Dondurulmuş” münaqişələrin tez bir zamanda necə alovlandığını görmüşük. Dağlıq Qarabağın işğalı zamanı müharibəni dadan Ermənistan prezidenti dərk etməlidir ki, yenidən açıq düşmənçiliyə qayıtmaq tərəflərin hər biri üçün dəhşətli ola bilər”.