Məhəmməd Talıblı: “Korrupsiyanı məhdudlaşdıran elementlərdən biri də məmurların, vəzifəli şəxslərin gəlir deklaorasiyasını təqdim etməsidir”
Ölkə başçısı 2012-2015- ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planını təsdiqləyib. Plan müxtəlif fəaliyyət sahələrini əhatə edən 28 maddədən ibarətdir. Planda korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə xüsusi yer ayrılır. Həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə üzrə institusional mexanizmlərin təkmilləşdirilməsi üzrə tədbirlər daxil edilib. Bura ilk növbədə məmurların gəlirlərin barədə deklorasiya təqdim etməsi aiddir.
Hakimiyyətin korrupsiyaya qarşı mübarizəsinin birinci mərhələsi arzuolunan effekti vermədiyindən növbədi mərhələnin uğurlu olacağı da şübhə doğurur. Həmçinin gəlirlərin deklorasiyası məsələsində də qaranlıq məqamlar var. Əksər məmurların korrupsiya yolu ilə böyük sərvətlərə sahib olduğu halda onların təqdim edəcəyi deklarasiyanın yalnız formal xarakter daşıyacağını və reallığı əks etdirməyəcəyini indidən demək olar. Bəs ekspertlər ölkə başsının təsdiqlədiyini Milli Fəaliyyət Planından gözləntiləri nədən ibarətdir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı əvvəlki illərdə korrupsiyaya qarşı mübarizə tədbirlərini qiymətləndirən hesabatların olmadığını deyir. Bu da hökumət qurumlarının korrupsiyaya qarşı mübarizəyə olan münasibətdir. Bu səbəbdən də ötən müddət formal olaraq korrupsiyaya qarşı mübarizə aparıldığı bir dövr kimi yadda qalıb.
Ekspert regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramını xatırladaraq bu cür proqramların formal ardıcıllıq həyata keçirdiyini qeyd etdi. Əslində həyata keçirilən işlərin nəticələrini bilmək üçün qiymətləndirilmələr aparılmalıdır. Əgər hesabat yoxdursa, proqramın keyfiyətli bir sənəd olması haqqında danışmaq olmaz.
Ekspertin sözlərinə görə, gəlir deklorasiyası haqqında danışmaqdan öncə bununla bağlı hökumətin mövqeyinə diqqət yetirmək lazımdır. Belə ki, bir neçə il əvvəl Nazirlər Kabinetinə üç ay müddətində gəlir deklarasiyası ilə bağlı qaydaların hazırlanması tapşırıldı. Ancaq bu günə qədər həmin qaydaları hazırlanmayıb. Həmçinin dövlət başçısı və mühüm vəzifə tutan digər məmurlar özlərinin gəlir bəyannaməsini təqdim etməyiblər. Bu da korrupsiyaya qarşı mübarizədə şəffaflığın pozulması deməkdir. Çünki ölkədə korrupsiya miqyasını məhdudlaşdıran elementlərdən biri də məhz məmurların, vəzifəli şəxslərin gəlir deklorasiyasını təqdim etməsidir.
Aslan İsmayılov: “Korrupsiyanın başında duran məmur-oliqarxlar başlayacaqlar çıxış etməyə ki, Azərbaycanda korrupsiya yoxdur, onun kökünü kəsiblər”
Tanınmış vəkil Aslan Ismayılov bu vaxta qədər dəfələrlə prezidentin korrupsiya ilə mübarizə barəsində sərəncamlarının, qanunverici aktların qəbul olunduğunu deyir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsində problemin həlli üçün onlarla norma var. Lakin bunların heç birinə əməl olunmur. Ölkədə korrupsiya çiçəklənməkdə davam edir.
A.Ismayılov yeni Milli Fəaliyyət Planının da nəticə verəcəyinə ümid etmədiyini qeyd etdi. Sadəcə olaraq onun ətrafında növbəti şou yaradılacaq: “Həmin korrupsiyanın başında duran məmur-oliqarxlar yenə başlayacaqlar çıxış etməyə ki, Azərbaycanda korrupsiya yoxdur, onun kökünü kəsiblər. Bu, insanları aldatmağa yönəlmiş bir addımdır. Ona görə də heç bir effektini görmürəm. Əgər effekti olsaydı, bu gün Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslumov mətbuatda çıxış edib deməzdi ki, Azərbaycanda maaşların bir hissəsi paket şəklində verildiyindən hesabatları apara və büdcəyə gələn pulları tam ala bilmirik”.
Vəkilin sözlərinə görə, korrupsiyanın ən yüksək səviyyələrdə təşkil olunduğunu artıq məmurlar da etiraf edir. Belə bir yerdə hansısa qanunvericilikdən, fərmandan və onun effektindən danışmaq sadəcə ayıbdır: “Azərbacan məmurları sırasında olsam, korrupsiya sözünü dilimə gətirməkdən utanardım”.
Ölkədə hər şey formal olduğu kimi Milli Fəaliyyət Planının da formal olacağına əminliyini ifadə edən vəkil qanunvericiliyə əhəmiyyət verilmədiyini deyir: “Qanunvericilik mülkiyyət hüququnun toxunulmaz olduğunu deyir. Amma bu gün dövlət rəsmilərinin gözü qarşısında insanların mülkiyyətləri əlindən alınır. Qoçu dəstələri gedib idarə-müəssisələri zəbt edirlər. Nə baş prokuror, nə daxili işlər naziri buna reaksiya verir. Bunun başında duranların həmin korrupsiya komissiyasının sədri Ramiz Mehdiyev və digər vəzifəli şəxslərin olduğu hər yerdə söylənilir. Bunu bütün 9 milyon bilir. Belə yerdə hansı deklorasiyadan söhbət gedə bilər. Bu dəqiqə min manat maaş alan məmur oliqarxların 100 milyonlarla dəyəri olan əmlakının olduğu hamı üçün aydındır”.
Məmurların gəlirləri ilə bağlı hesabat verməsinin dünyada qəbul edilmiş norma olduğunu deyən vəkilin sözlərinə görə, Azərbaycanda bu tətbiq olunsa, hər hansı məmur-oliqarxın, yaxud Səttar Mehbaliyev kimi Həmkarlar Ittifaqının sədrinin yüz milyonlarla varidatının korrupsiya yolu ilə əldə edildiyi dərhal ifşa olunar.
Fizzə