ramil-seferov3

Ramil Səfərov məsələsi Avropa Parlamentində müzakirə olunacaq

ramil-seferov3BMT-nin İnsan Haqları Komissarlığı əfvdən narahatlığını bildirdi

Avropa Parlamentinin sentyabrın 10-13-də Strasburqda keçiriləcək plenar sessiyası çərçivəsində Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı debatların keçirilməsi nəzərdə tutulur. Debatlar insan haqları və demokratiya məsələlərinə dair müzakirələr çərçivəsində baş tutacaq. Avroparlament üzvləri həmçinin Birma və Cənubi Afrikada vəziyyətə dair dinləmələr keçirəcəklər. Müzakirələrin nəticəsində qətnamə qəbulu nəzərdə tutulur.
BMT-nin Insan Haqları üzrə Ali Komissarlığı R.Səfərovun Azərbaycana ekstradisiyası və əfvi ilə əlaqədar narahatlığını ifadə edib. BMT Informasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, komissarlığın mətbuat katibi Rupert Kolvill Cenevrədə keçirdiyi brifinqdə ağır cinayətlərə görə məsuliyyətə dair beynəlxalq standartlara riayət olunmasının zəruriliyini bildirib. O qeyd edib ki, etnik nifrət hissindən doğan bu cür ağır cinayətlər pislənməli, cinayəti törədənlər isə cəzalandırılmalıdır. Rupert Kolvill ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu məsələ ilə bağlı narahatlığını bölüşdüklərini deyib (APA).

“Ermənilər qəbul etməlidilər ki…”

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Ken Maginnis R.Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hökumətinin aqresiv mövqeyinə münasibət bildirib. K.Maginnis qeyd edib ki, həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq lazımdır: “Ermənistan ordusunun zabitini qətlə yetirdiyi üçün həbs olunan və cəzasının 8 ilini çəkən Ramil Səfərovun bu yaxınlarda azadlığa buraxılması Ermənistanda və erməni diasporunda böyük incikliyə səbəb oldu. Bu həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq lazımdır. Lakin, əlbəttə ki, ermənilər də qəbul etməlidir ki, bir zamanlar azərbaycanlılar və türklər də qətlə və terrorizmə görə məhkum olunmuş ermənilərin azadlığa buraxılması və ondan sonra əfv edilməsindən hiddətlənib. Paris hava limanında Türk Hava yollarına məxsus şöbəyə hücum kimi hadisələr türkiyəli və avropalı dinc vətəndaşların qətli ilə nəticələndi. Lakin, buna baxmayaraq, nə beynəlxalq ictimaiyyət, nə də Qərb mətbuatı məhkum olunmuş o terroristlərin azad edilməsini pisləyərək, gərginliyi artırmaq üçün fürsət axtardı”.
Ken Maginnis ermənilər türk və azərbaycanlı diplomatların həyatını təhdid etməkdə davam etdiyini deyib: “Təmas xətti boyunca gərginlik həddən çox artıb. Mən hər iki tərəfi danışıq tonunu aşağı salmağa və qarşıdurmadan çəkinməyə çağırıram”.

“Ermənistanın reaksiyası əndazəni aşır”

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Laird da eyni fikri bölüşür. O qeyd edib ki, erməni zabitini öldürdüyü üçün cəza çəkən Ramil Səfərovun səkkiz ildən sonra azadlığa buraxılması Ermənistanda çox kəskin qarşılanıb: “Lakin Ermənistanın reaksiyasının getdikcə əndazəsini aşma təhlükəsi var. Səfərovun azad olmasına cavab olaraq, onlar Dağlıq Qarabağ müharibəsinin yenidən alovlandırılması, Macarıstan ilə diplomatik münasibətlərin pozulması və Avropada yaşayan azərbaycanlıların öldürülməsi ilə hədələyir. Adəti üzrə, Səfərovun doğulduğu Cəbrayıl rayonunun son 20 ildə erməni işğalı altlında olması heç bir yerdə qeyd olunmur. Bütün regionda sülh Ermənistanın geri addım ataraq, yenidən özünü təmkinli aparmasından asılıdır.”

“Yenidən açıq düşmənçiliyə qayıtmaq dəhşətli ola bilər”

Lordlar Palatasının digər üzvü, Lord Kilkluni də məsələyə münasibət bildirib: “Erməni ordusunun zabitini qətlə yetirmiş Ramil Səfərov Macarıstandan Azərbaycana təhvil verildi və azadlığa buraxıldı. Erməniləri qıcıqlandırmış bu məsələyə o prizmadan baxmaq olar ki, ermənilər özləri illərlə xaricdə terror hücumları və qətllər törətmiş bir neçə vətəndaşının azad olunmasını təmin ediblər. Ermənistan prezidenti Serj Sarkisyan sakitliyə çağırmaqdansa, müharibə ilə hədələyir. ”Dondurulmuş” münaqişələrin tez bir zamanda necə alovlandığını görmüşük. Dağlıq Qarabağın işğalı zamanı müharibəni dadan Ermənistan prezidenti dərk etməlidir ki, yenidən açıq düşmənçiliyə qayıtmaq tərəflərin hər biri üçün dəhşətli ola bilər”.
Lord Kilkluni Belfast Sazişinin vasitəçisi kimi sülh prosesində əsl neytral iştirakçıların olmasının nə qədər mühüm olduğunu yaxşı bildiyini deyib: “Minsk Qrupunun bu həftəki bəyanatları göstərdi ki, onlar bu qəbildən deyil. Bu isə, gələcək üçün yaxşı ümidlər vermir” (APA).