ibrahim ibrahimli-yeni

“Naxçıvan klanı hazırda mübarizəyə hazır deyil”

ibrahim ibrahimli-yeni“Paşayevlərin iqtisadi müstəvidən siyasi müstəviyə keçməsi əks qruplaşmanı narahat edir”

İbrahim İbrahimli:“İlham Əliyev üçüncü dəfə namizədliyini verərsə, demokratik inqilab baş verəcək”

Ictimai Palata bir neçə gün əvvəl qəbul etdiyi mühüm sənədlə vahid namizədlə bağlı müzakirələrə son qoydu. Amma buna baxmayaraq bir zamanlar Ictimai Palatanın adını çəkməyi belə özünə rəva bilməyən hakimiyyət mətbuatı hazırda təşkilat barədə geniş məqalələrə yer verməkdədir. Əlbəttə, hakimiyyət mətbuatının bu təşvişi sual doğurmaya bilməz. IP Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimli ilə müsahibəmizə hakimiyyətin bu təşvişinin səbəblərinə aydınlıq gətirməklə başladıq.

– Ictimai Palata yürütdüyü siyasət, tutduğu strategiya ilə ölkə daxilində bu təşkilata inamı artırıb. Ictimai Palatanın atdığı addımlar, fəaliyyəti onun Azərbaycan siyasətində yerini, rolunu müəyyənləşdirdi. Ictimai Palatanın hakimiyyətə ciddi alternativ güc mərkəzi olduğunu, cəmiyyətin məhz bu təşkilat ətrafında bir araya gəldiyini ölkədəki durum göstərir. Bundan başqa, Ictimai Palata zəruri olan siyasi-iqtisadi islahatları həyata keçirə biləcək qurum olduğunu da təsdiqlədi. Ona görə də hakimiyyət cəmiyyətdə nüfuzu getdikcə artan Ictimai Palataya qarşı kampaniyaya başladı. Hakimiyyət Ictimai Palatada guya müxalifətdaxili ziddiyyətlərin kritik həddə oluduğunu qabartmaqla parçalanmaya nail olmağa çalışırdı. Amma hakimiyyətin bu kampaniyası əks-effekt verdi. Əksinə, Ictimai Palata günü-gündən özünün qəbul etdiyi sənədlərlə, həyata keçirdiyi taktika ilə hakimiyyətin həyata keçirdiyi piar kampaniyasını alt-üst etdi. Ictimai Palatada qəbul olunan son sənədin də böyük önəmi var. Bu sənəd Ictimai Palatanın hakimiyyətin ittihamlarının əksinə olaraq davamlı, uzunömürlü təşkilat olduğunu göstərdi.

Demokratiyanın qurulmasını istəyən bütün qüvvələrlə əməkdaşlığa hazırıq

– Ictimai Palata seçkidə demokratik qüvvələrin daha geniş spektri ilə təmsil olunmağın daha məqsədəuyğun olduğunu təklif edib. Nə nəzərdə tutulur?
– Ictimai Palata bir daha mövqeyini ortaya qoydu ki, ölkədə heç bir dəyişiklik baş verməyib. Ölkədə normal, demokratik seçkilərin keçirilməsi mümkün deyil və ölkədə siyasi şəraitin dəyişməsi üçün qüvvələr bir yerdə fəaliyyət göstərməlidir. Bu baxımdan Ictimai Palata sırf stratejisinin əsasını qoymuş oldu. Bu sənəd yaxın günlərdə cəmiyyətin bütün təbəqələrinin təmsil olunduğu ümumrespublika toplantısında bir daha müzakirəyə çıxarılacaq. Bu sənəd orada daha da təkmiləşdiriləcək və qəbul olunacaq. Azərbaycan cəmiyyətinin ümumi seçki platforması kimi elan olunacaq.

– 2013-cü il prezident seçkilərində geniş demokratik çevrənin birgə iştirakını təmin etmək üçün hansı təşkilatlara müraciət etməyi planlaşdırırsınız? Bu istiqamətdə artıq bir neçə dəfə Ziyalılar Forumunun adı çəkilib?
– Ictimai Palata ilə Ziyalılar Forumu zaman-zaman cəmiyyəti narahat edən problemlərin müzakirəsini keçirib. Ona görə Ziyalılar Forumu burada başqalarından fərqli anlama gəlir. Təbii ki, Ictimai Palatada təmsil olunmayan, amma Azərbaycandakı hazırkı rejimin dəyişməsini istəyən, ölkədə demokratiyanın bərpa olunmasını arzulayan ideoloji platformasından, siyasi mənşəyindən asılı olmayaraq bütün qüvvələrlə əməkdaşlığa hazırıq. Burada söhbət siyasi qüvvələrin konsolidasiyasından gedir. Ad da sadalamaq olar. Amma buna ehtiyac görmürəm.

Paşayevlər hakimiyyəti tam ələ keçirmək istəyir

– Əslində vahid namizəd məsələsi daha çox hakimiyyət düşərgəsində qızğın müzakirə olunur. Iqtidarı növbəti seçkidə kimin təmsil edəcəyi ilə bağlı ciddi müzakirələr gedir. Bəlkə Ictimai Palatanı müzakirəyə çıxarmaqla diqqəti bu müzakirələrdən yayındırmağa çalışırlar?
– Bəli. Həqiqətən də hakimiyyət daxilindəki ziddiyyətləri, qeyri-müəyyənlikləri öz düşərgəsindən çıxarıb qarşı tərəfə keçirmək təcrübəsi var. Bu təkcə siyasi məsələlərlə bağlı deyil. Eyni zamanda bura iqtisadi məsələlər də aiddir. Son dönəmlər Azərbaycan mətbuatında 48 milyard məsələsi çox ciddi müzakirə olunur. Ictimai Palata həm bu, həm də hakim ailəyə məxsus qızıl yataqları ilə bağlı ciddi müzakirələr apardı. Eyni zamanda Ictimai Palata siyasi məhbuslarla, Seçki Məcəlləsi ilə bağlı ciddi dinləmələr keçirib. Təbii ki, bunlar cəmiyyətin mövqeyinin dəyişməsində, dəyişiklik istəyən qüvvələrin mövqeyinin müəyyənləşməsində böyük rol oynayırdı. Hakimiyyət isə bundan narahat idi və gündəmi dəyişmək üçün yeni bir piar işə saldı. Hakimiyyət daxilində vəziyyət doğrudan da ciddidir. Qeyri-müəyyənlik hakimiyyət qruplaşmalarının gərgin vəziyyətdə yaşamasına səbəb olur. Hakimiyyətdə iki qrup mövcuddur. Paşayevlər və Əliyevlər. Onları bir qədər şərti qruplaşdırsaq, belə ad vermək olar. Naxçıvan-Qərbi Ermənistan qruplaşması və Şamaxı-Bakı qruplaşması. Bu qruplaşmalar arasında mülkiyyət uğrunda mübarizə gedirdi, iqtisadi maraqlar zaman-zaman toqquşurdu. Nəhayət, bu mübarizədə Paşayevlər, demək olar, qalib gəldilər. Köhnə qvardiyadan, demək olar, heç kim qalmayıb. Hətta Cəlal Əliyevin himayəsində olan biznes strukturları çökdürülüb. Bütün bunlardan sonra Paşayevlər siyasi iddialarını ortaya qoyurlar. Bu halda isə Mehriban Əliyevanın seçkilərdə namizədliyindən söhbət gedir. Paşayevlərin iqtisadi müstəvidən siyasi müstəviyə keçməsi isə, heç şübhəsiz, hakimiyyətdəki əks qruplaşmanı narahat edir.

– Hazırda hakimiyyət vaxtilə iqtidarda təmsil olunan nüfuzlu şəxsləri cəlb etməklə seçkiyə getmək istəyir. Bunu Ayaz Mütəllibov və Tamerlan Qarayevlə Paşayevlərin danışıqlar apardığına dair mətbuatda gedənlər də təsdiqləyir. Bu, nə dərəcədə uğurlu addımdır?
– Naxçıvan klanı hazırda mübarizəyə hazır vəziyyətdə deyil. Hətta bu qruplaşma öz namizədini belə müəyyənləşdirməyib. Amma Bakı-Şirvan klanı bir araya gələrək, hətta Ayaz Mütəllibovun tərəfdarlarını da bu işə cəlb ediblər. Son dövrlər Mehriban Əliyevanın beynəlxalq səviyyədə kampaniyasının getməsi də buna xidmət edir. Amma bir məsələ də var ki, ailənin hakimiyyəti ötürmək üçün yeganə güvəndiyi şəxs Mehriban Əliyevadır. Lakin nəzərə almaq lazımdır ki, bu, dünyada gedən proseslərə ziddir. Unutmayaq ki, Suriyada, Misirdə, Tunisdə hakimiyyətin ailədən birinə ötürülməsi inqilabi prosesləri başlatdı. Ona görə bu təhlükəli tendensiyadır. Belə bir halda bunun reallaşması mümkünsüz görünür. Burada proseslər iki müstəvidə gedə bilər. Birinci müstəvi demokratik, ikinci isə regional müstəvidir. Mehriban Əliyevanın namizədliyi regional müstəvidə gedən prosesdir. Regional müstəvidə gedən proseslər klanlararası ciddi savaşa, kataklizmə səbəb ola bilər. Hakimiyyət daxilində qruplaşmaların silahlı dəstələri də mövcuddur, əllərində ciddi maliyyə resursları var. Proseslərin bu cür axını vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Burada dövlətin maraqları təhlükə altına düşür. Ona görə bizim maraqlarımız onu tələb edir ki, proseslər demokratik müstəvidə getsin.

Hakimiyyətin 2013-lə bağlı iki planı var

– Dediyiniz kimi, hazırda hakimiyyət daxilində qruplaşmalararası savaş başlamaq üzrədir. Bundan başqa, hakimiyyətin bir zamanlar arxasında duran Rusiya və Iranın iqtidarla münasibəti korlanıb. Bütün bunların fonunda daxildə də narazılıq pik həddədir. Bütün bunlar hakimiyyətə nə vəd edir?
– Azərbaycan hakimiyyətinin daxilində Rusiya və Qərbmeyilli qüvvələr var. Amma Rusiyameyilli qüvvələrin mövqeyi daha güclüdür. Bu baxımdan Rusiyameyilli qüvvələr status-kvonu olduğu kimi saxlamaq istəyir. Qərbyönümlü qüvvələr isə hakimiyyəti dəyişmək istəyir. Əslində hakimiyyətin dünyada baş verənlərdən asılı olaraq iqtidarın gələcəyi ilə bağlı iki planı var. Suriyadakı proseslər həll olunarsa, proseslər Suriyadan Irana, oradan isə Rusiyaya keçərsə, hakimiyyət siyasi və iqtisadi islahatlar keçirməyə məcbur olacaq. Artıq bu variant üçün ilkin hüquqi baza hazırlanıb. Eks-prezidentlər haqqında qanunda prezidentin ailəsinin təhlükəsizliyinin təmini ilə bağlı maddə var. Tunisdən, Yəməndən fərqli olaraq hakimiyyət başçısı ailəsinin təhlükəsizliyi ilə bağlı danışıqlar aparmayacaq. Çünki artıq bu, qanunda təsbitini tapıb. Beynəlxalq vəziyyət dəyişməzsə, təbii ki, Mehriban Əliyevanın namizədliyi gündəmə gələcəkdir. Eyni zamanda Ilham Əliyevin də namizədliyi gündəmdə ola bilər. Bu, beynəlxalq təpkidən asılı məsələdir. Amma hakimiyyət daxilində daha çox Putin variantının reallaşması gündəmdədir. Bu ailə özlərindən başqa heç kimə inanmır.

– ABŞ səfiri Morninqstarın Heydər Əliyevin abidəsini ziyarət etməsini demokratik dünyanın KIV-ləri sərt təpki ilə qarşıladı. Belə olan halda Avropa dəyərlərinə zidd addım olan 3-cü dəfə prezidentliyə namizədliyin irəli sürülməsi Ilham Əliyevi hansı reaksiya ilə üz-üzə qoya bilər?
– Əgər Ilham Əliyev beynəlxalq rəyi nəzərə almayıb, öz namizədliyini irəli sürəcəksə, bu, ciddi fəsadlar doğura bilər. Çünki Azərbaycan da daxil olmaqla avtoritar rejimlərə münasibət dəyişib. Yaxın Şərqdə baş verən proseslər bunu bir daha göstərdi. Ona görə Ilham Əliyev 3-cü dəfə namizədliyini verərsə, Azərbaycanda demokratik inqilab baş verəcək. Bu status-kvonu saxlamağa cəhd etmiş olsalar, ölkədə ciddi kataklizmlər baş verə bilər. Hakimiyyət hazırda prosesləri zor müstəvisinə çəkməyə çalışır. Bunu Əbülfəz Elçibəyi guya AXCP sədri Əli Kərimlinin zəhərlədiyi barədə ortaya atılan gülünc iddia da sübut edir. Hakimiyyət eyni zamanda Qərbə nümayiş etdirməyə çalışır ki, sabitliyin qarantı guya hazırkı iqtidardır. 2013-cü il Azərbaycan cəmiyyəti üçün həlledici, sınaq ili olacaq. Hakimiyyət ciddi şəkildə düşünməlidir. Ən azı Qəzzafidən, Mübarəkdən örnək götürməlidir. Çünki oxşar situasiya artıq Azərbaycan cəmiyyətində də yetişib.

Xəyal