NATO-nun baş katibi Anders Foq Rasmussen dünən Bakıda Diplomatiya Akademiyasındakı çıxışında deyib: “Azərbaycanı seçkilər və media azadlığı sahələrində islahatları davam etdirməyə çağırıram”.
Sosial şəbəkələrdəki aktivistlər, müxalif, müstəqil saytlar bunu dərhal Rasmussenin “demokratik islahatlar çağırışı” kimi şərh etdilər, oysa NATO baş katibi “islahatların davam etdirilməsindən” bəhs edib.
“Islahatlara çağırış” hara, “islahatların davam etdirilməsinə çağırış” hara? Göründüyü kimi, aradakı məna, məzmun fərqi kifayət qədər böyükdür. Həm böyükdür, həm də önəmlidir, çünki orada Qərbin Əliyevçi rejimə gerçək baxışı gizlidir. Deməli, onlar bizdən fərqli olaraq, yaptokratların hansısa islahatlar apardığına inanırlar. Ya da buna inanmaq hələlik işlərinə yarayır.
Əliyev rejimi hansı islahatlar aparır ki, hələ bir onu davam da etdirməlidir? O hansı islahatlardır ki, Rasmussen bilir, amma bizim xəbərimiz yoxdur? Əslində NATO baş katibinə bu suallar ünvanlamalı, ondan bu barədə soruşulmalıdır. Yoxsa onun bir baş-ayaq cümləsindən tələm-tələsik sevincək olub “demokratik islahatlara çağırış” nəticəsi çıxararsınızsa, həm özünüzü aldatmış olarsınız, həm özgələrini.
Artıq insanlarda əldaqayırma gözləntilər yaratmaq dövrü arxada qalmalıdır.
Biz hansısa qərblinin rejimin ünvanına xoş sözlərlə dolu uzun-uzadı çıxışlarında bir nisbətən abırlı cümlə tapıb ondan hansısa özünətəskinlik düzəltməkdən, müsbət nəticələr çıxarmaqdan vaz keçməliyik.
Biz necə ki, Əliyev rejimini oğurluqda, talançılıqda, zorakılıqda suçlayırıq, buna görə yapçıları sorğulayırıq, eyni zamanda onunla şirin dillə, təriflərlə danışan və özünü dünyada demokratiyanın müdafiəçisi adlandıranları da sorğulamalıyıq. Açıq deməliyik ki, sizi bu oğrularla, yağmaçılarla belə ürkək, belə şirin danışmağa nə məcbur edir?
Yoxsa hansısa qərblinin çıxışında bir baş-ayaq cümlədən yapışıb müsbət gözləntilər yaratmağa davam edəcəyiksə, qarşıda bizi keçən illərdəki hüsranlardan, xəyalqırıqlıqlarından, depressiyalardan başqa heç nə gözləməyəcək.
Qohumcanlı iş yerləri
Iki gün əvvəl Ilham Əliyev Prezident Administrasiyasının (Şah sarayı yazsaq, daha doğru olar) ştat vahidinin 388-dən 393-ə qaldırılması haqqında sərəncam imzalayıb.
Iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı facebook sosial şəbəkəsində maraqlı bir müqayisə aparmışdı, məlum olmuşdu ki, əhalisi 300 milyonun üzərində olan, üstəlik, bütün dünyaya ağalıq edən ABŞ-da Ağ evin ofis işçilərinin sayı 400 nəfərdir.
Belə çıxır ki, Ilham Əliev daha 8 işçi də götürsə, bunlar ABŞ-ı vurub keçəcəklər.
Qınamalı deyil: qohum-əqrəba çoxdur, tayfa böyükdür, hamısına da vəzifə çatdırmaq olmur. Yeni-yeni vəzifələrə ehtiyac da elə bu üzdəndir.
«Ə» məsələsi
Bu günlərdə Azərbaycan dilçiləri təzə qafiyə açıblar, “ə” hərfinin necə yazılmalı olduğunu dartışırlar. Bir qrup deyir ki, “ə”ni elə indi yazdığımız kimi yazmalıyıq, başqa bir qrup deyir, yox, “a” yazıb üstünə də iki nöqtə qoymalıyıq, tıpkı “ö”, “ü” kimi.
Açığı, əvvəlcə bu haqda bir-iki kəlmə nəsə yazmaq istəyirdim, amma sonradan polisin, məmurun vətəndaşa “ə!” deyə səsləndiyi (məsələn, Tağı Əhmədovun, “ə, bir-bir!”i kimi) bir ölkədə “ə”nin necə yazılmalı olduğunu dartışmaq mənə çox gülməli göründü, vaz keçdim.
“Ə”ni necə yazmaqdan əvvəl, bu ölkədə “ə” deyə aşağılayıcı xitabdan əl çəkmək lazımdır.

O bir cümlənin eşqi ilə
•
•