NATO rəhbərinin Bakı səfərinin pərdəarxası

Vəfa Quluzadə: “Biz Rasmussen üçün Gürcüstan qədər vacib bir ölkəyik”

Ermənistan və Gürcüstanın ardınca NATO-nun baş katibi Anders Rasmussen Azərbaycana səfər edib. Seçkilər və media azadlığı sahələrində islahatları davam etdirməklə bağlı çağırış edən baş katib Bakını hərbi islahatlara da çağırıb. Lakin Rasmussenin Azərbaycanda keçirəcəyi görüşlər zamanı bununla kifayətlənməyəcəyini də demək mümkündür. Regionda, xüsusilə Iran və Suriya ətrafında vəziyyətin gərgin olduğu bir dönəmdə Bakıda daha nələr müzakirə oluna bilər?
Politoloq Vəfa Quluzadə Rasmussenin Bakıda Suriya məsələsini geniş müzakirə etməyəcəyini deyir. Çünki Azərbaycan Suriya ilə həmsərhəd deyil və tərəflərin heç birinə yardım etmir. NATO-nun baş katibi Azərbaycanda daha vacib məsələləri gündəmə gətirə bilər. Bu, ölkənin şimal sərhəddində baş verən proseslərdi: “Şimalı Qafqazda müharibə qızışa bilər. Çeçenistanla Inquşetiya arasında ərazi məsələləri qalxıb. Dağıstanda artıq güclü müharibə gedir. Ancaq Rusiyanın KIV-i bunu gizlədir. Bu da bizim şimal sərhəddimizdir. Rasmussen üçün əsas məsələ Azərbaycanın təhlükəsizliyi və Rusiyanın Azərbaycana zərbə vurması ola bilər”.
Ekspertin sözlərinə görə, Rasmussenin Gürcüstanda olarkən bu ölkənin NATO-ya üzv olacağı ilə bağlı dedikləri Rusiyaya mesajdır. Rusiya bunun əvəzini Azərbaycandan çıxa bilər: “Rusiya Azərbaycanla Ermənistan arasında müharibəni qızışdıra, yaxud şimaldan bizim ölkəyə təhlükə yarada bilər. Bunu düşünmək lazımdır. Əsas məsələlər budur. Rusiya Gürcüstanın heyfini bizdən alacaq. Rusiyanın 100 minlik qoşunu Azərbaycanın şimal sərhəddindədir. Biz Rasmussen üçün Gürcüstan qədər vacib bir ölkəyik. Ancaq Suriyanın bizə dəxli yoxdu”.
Ekspertin fikrincə, Azərbaycanın Suriya ilə bağlı tutduğu mövqe sivolik xarakter daşıyır. Hətta Azərbaycan Bəşər Əsədə kömək etmək istəsə də, buna nail ola bilməz. Çünki artıq Bəşər Əsədin yaxın müttəfiqi olan Rusiya da onu dəstəkləmir.

Fizzə