“Hökumət cəhd edir, amma vəziyyəti düzəltməyə yox, pisləşdirməyə”
“Qəzet yayımı ilə bağlı məsələlər dövlətin diqqət mərkəzindədir. Bəzi qəzet redaktorlarının qaldırdığı bu məsələyə biganə deyilik, bunu araşdırırıq”. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Media forum” saytına belə deyib. Ə.Həsənov qeyd edib ki, son zamanlar paytaxt Bakıda qəzet köşklərinin sayı azalmayıb, artıb:
“Hesab edirik ki, mətbuat yayımının vəziyyəti pis olmamalıdır. Mətbuat yayımında təşkilati boşluqlar, narazılıqlar məsələsini də araşdırırıq. Bəzi qəzetlərin, xüsusən də müxalif qəzetlərin tirajının azalması məsələsi də diqqətimizdədir. Müxalif qəzetlərin tiracının düşməsi yay fəsli, Azərbaycanda müxalif fikrə marağın azalması, bu qəzetlərin eyni məsələləri, eyni nazirlər haqda eyni ittihamları hər gün səsləndirməsi ilə bağlı ola bilər. Tirajın düşməsini yalnızÿ hakimiyyət və mətbuat yayımı strukturları ilə bağlamaq düz deyil. Bəzi redaktorların açıqlamalarında subyektivlik var. Hazırda kompleks araşdırma gedir və nəticəsi barədə cəmiyyətə məlumat veriləcək”.
Şöbə müdiri bildirib ki, Bakıdakı yeni köşklərdə qəzet satışının dayandırılması haqda deyilənlər doğru deyil: “Həmin köşklərdə qəzet satılır. Sadəcə, informasiyalar bir qədər ziddiyyətlidir, hərəsi bir strukturdan gəlir. Ola bilər ki, köşklər əvvəl qəzeti bir mənbədən alırdılar, indi başqa mənbədən alırlar. Hər halda bunlarla bağlı lazımi işlər görülür”.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirir ki, hökumətin mətbuat üçün cəhdlər göstərməsi danılmaz faktdır. Sadəcə olaraq bu cəhdlər mətbuatın durumunu yaxşılaşdırmağa yox, azad mətbuatı daha da ağır vəziyyətə salmağa yönəlib: “Artıq neçə aydır ki, Əli Həsənov hansısa araşdırmaların aparılmasından danışır. Son aylarda vəziyyət faciəvi həddə çatıb. Məqsədli şəkildə azad mətbuatın sıradan çıxarılması siyasəti aparılır. Tirajı ”Azadlıq”ın tirajından dəfələrlə az olan qəzetlərə reklam verilir. Bu, hökumətin bizə olan münasibətinin göstəricisidir. Yeni köşklərdə qəzet satışı yox dərəcəsindədir. Bir neçə gün əvvəl jurnalistlərin iştirakı ilə aparılmış monitorinq bunu açıq-aydın ortaya qoydu. Qəzet köşkündə işləyən siyasət müəyyənləşdirmir. Məhz hökumətin səyləri nəticəsində yayım şəbəkəsi iflic vəziyyətə salınıb. Məsələn, şəhərin mərkəzi küçəsində pomidor, qarğıdalı satmaq olar, qəzet satmaq omaz. Bir faktı xüsusi vurğulamaq gərəkdir ki, hər il hakimiyyət telekanallardan tutmuş, qəzetlərə qədər nəzarətində olan bütün KIV-lərə yüzmilyonlarla vəsait ayırır. Sonra da bəlli olur ki, ictmai rəyə “Azadlıq” qəzetinin daha böyük təsiri var”.
Müxalifət qəzetlərinin oxucu probleminə gəlincə, R.Hacıyev Ə.Həsənovun bu məsələdə də qeyri-səmimi olduğunu deyir: “Bizim belə bir problemimiz qətiyyən yoxdur. Başlıca problemimiz hakimiyyətin qəzet yayımı ilə bağlı yaratdığı problemdir”.