Komitə sədrinin səlahiyyəti azaldıldı
Prezident Ilham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin əsasnaməsi təsdiq edilib.
Fərmana əsasən bir sıra dövlət qurumlarının göstərdiyi xidmət növləri “ASAN xidmət”in səlahiyyətinə verilib. Ekspertlərin fikrincə, xidmətin vahid mərkəzdə cəmləşdirilməsi vətəndaşlar üçün sərfəli olsa da, bəzi dövlət qurumlarının xeyrinə deyil. Çünki bir sıra dövlət qurumları bununla gəlir mənbələrinin bir qismini itirmiş oldular. Sənədə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin də bəzi səlahiyyətləri yeni quruma verilib. Konkret olaraq, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, yaşayış evləri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi və sair kimi xidmətləri “ASAN xidmət” göstərəcək. “ASAN xidmət” mərkəzində həyata keçirilən xidmətlərə görə dövlət rüsumu ödəniləcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin müxtəlif strukturları tərəfindən belə xidmətlərə görə dövlət rüsumundan əlavə nə qədər vəsaitin alınması barədə kifayət qədər məlumatlar mövcuddur. Belə bir şəraitdə Komitənin bazarının bağlanacağı heç kimdə şübhə yaratmır(Olaylar).