Keçmiş nazirlər siyasətə qayıdacaqmı?

“Hər ikisi siyasi mübarizədə ciddi fiqura çevriləcək”

Keçmiş nazirlər Əli Insanov və Fərhad Əliyevin yaxın vaxtlarda azadlığa çıxacağı ilə bağlı xəbərlər gündəmdən düşmür. Indi hər kəsi maraqlandıran əsas məsələ həbsdən azad olunandan sonra onların fəal siyasətlə məşğul olub-olmayacağıdır. Bu gözləntilər səbəbsiz deyil. Çünki həm Ə.Insanov, həm də F.Əliyev həbs olunmamışdan əvvəl siyasi iddiaları olan məmurlar hesab edilirdilər.
Hüquq müdafiəçisi Eynulla Fətullayev bir müddət əvvəl ayrı-ayrılıqda hər iki nazirlə görüşüb geniş söhbət aparmışdı. Bu baxımdan E.Fətullayev həm Ə.Insanovun, həm də F.Əliyevin məsələ ilə bağlı mövqeyindən xəbərdardır.
E.Fətullayevin sözlərinə görə, hər iki nazir fəal siyasətə can atmasa belə, artıq ciddi siyasi fiqura çevriliblər: “Istər-istəməz siyasi həyatda, siyasi mübarizədə, siyasi sistemdə ciddi amilə çevriliblər və çevriləcəklər. Həbsdən əvvəl Fərhad Əliyev daha çox qərbyönümlü, islahatçı, Azərbaycanda dəyişikliklər etmək istəyən nazir kimi tanınırdı. O, özü ilə bağlı belə bir obraz yaratmışdı. Şübhəsiz ki, hökumət də bunu hiss etdiyini büruzə verərək onun həbsinə nail oldu. Düzdür, Fərhad Əliyevin əməllərində korrupsiya var idi. Əgər ölkədə korrupsiya varsa, təbii ki, onun iqtisadi siyasətini həyata keçirən insan da buna bulaşacaq. Fərhad Əliyevin Azərbaycan siyasətində öz fikri var. Hətta siyasətə gəlməsə və bu sahədə fəallıq etməsə belə. Ona görə də, Ukraynada Timaşenkonu azad etmədikləri kimi, Azərbaycanda da Fərhad Əliyevi azad etmirlər və etməyəcəklər. Fərhad Əliyevin həbsdən çıxmağının bir yolu var, o da üzərinə Mütəllibovun götürdüyü missiyanı götürməkdir. Amma inanmıram ki, Fərhad Əliyev bu yola gedəcək”.  
Əli Insanova gəlincə, E.Fətullayev hesab edir ki, keçmiş səhiyyə naziri hakimiyyət üçün Fərhad Əliyevdən daha təhlükəli fiqurdur: “Əli Həsənov hakimiyyətdən siyasi baxımdan qopmuş böyük bir tayfanın ağsaqqalıdır. Fərhad Əliyevlə müqayisədə daha radikaldır, barış niyyəti də yoxdur. Bununla yanaşı, xarizmatik, iradəli və mübarizə meyllidir. Yaxın Şərq təcrübəsi göstərdi ki, siyasi mübarizədə uğur qazanmaq üçün Qərbin dəstəyi heç də prinsipial əhəmiyyət daşımır. Çox vaxt daxili-siyasi mübarizədə xarici amil şişirdilir. Ona görə də, Əli Insanovu Timoşenko kimi həbsdə saxlayacaqlar. Bu, Ayaz Mütəllibovun yolu ilə gedənə qədər belə olacaq”.

Gültəkin