Beynəlxalq media təşkilatı “Azadlıq”ın problemindən yazdı

Mərkəzi qərargahı Londonda yerləşən beynəlxalq media təşkilatı “İnstitute for War and Peace Reporting” (İWPR) “Azadlıq” qəzetinin üzləşdiyi maliyyə çətinliyinə diqqət ayırıb. Təşkilatın internet saytında yayımlanan məqalədə “Azadlıq”ın fəaliyyətini dayanrımaq ərəfəsində olduğu bildirilir və qəzetin 31 min dollar borcu yarandığı vurğulanır.

Müstəqil jurnalist Seymur Kazımovun qələmə aldığı məqalədə “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Haclyevin fikirlərinə yer verilib. Rahim Hacıyev qəzetin üzləşdiyi çətinliklərə görə hökumətin məsuliyyət daşıdığını deyib. Onun sözlərinə görə, hökumətin son addımları qəzeti bağlanmaq təhlükəsiylə üz-üzə qoyub. Rahim Hacıyev qəzetin satışına maneələrin yaradıldığını, əl yayımına icazə verilmədiyini diqqətə çatdırıb.

Daha sonra Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun və nəqliyyat naziri Ziya Məmədovun oğlu Anar Məmmədovun “Azadlıq”a qarşı məhkəmə iddialarından da bəhs olunur. Qəzetin redaktoru Rövşən Hacıbəyli bildirib ki, “Azadlıq” hakimiyyəti ifşa edən məqalələr yayımlayır. Hökumət bütün qəzetləri ələ almağı bacarsa da, “Azadlıq”a təsir edə bilmir.
“Yeni Müsavat” qəzetinin üzləşdiyi maliyyə çətinliyi barədə isə baş redaktor Rauf Arifoğlu danışıb. Baş redaktor rəhbərlik etdiyi qəzetin tez-tez təzyiqlərə məruz qaldığını deyib.

İnformasiya şöbəsi