Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli evdə partlayış baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, partlayış beşotaqlı evin 1-ci mərtəbəsindəki mətbəxdə baş verib.
Nəticədə mətbəxin pəncərə çərçivələri, 1 otağın qapısı, 2-ci mərtəbədə 1 otaq və dəhlizin pəncərə çərçivələri, tavanı dağılıb. Evin girişində yerləşən pilləkən qəfəsində lambirdən ibarət tavan yüksək temperaturdan 2 kv.m sahədə əriyib.
Hadisə nəticəsində 2 nəfər ev sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.