“Azadlıq” radiosu facebookda, Əhməd Muxtara aid bir foto yayıb. Təsvir eləyirəm:
Kadrın arxa planında qocaman küknar ağacları, onlardan öndə isə üç avtomobil. Birinci avtomobil ehtimal ki, benzindaşıyandı, yalnız çəni görünür. Ikinci “Zil” markalı əski zibildaşıyan maşındı. Ön şüşəsinin yuxarı üfüqü boyu “Höküm tək Allahındır” kəlməsi yazılıb. Üçüncü – xarici minik avtomobilidi, ön şüşəsinin düz yuxarı mərkəzindən A4 formatlı bir portret sancılıb – Heydər Əliyevin. Onu da əlavə eləyim ki, benzindaşıyan maşın qalan iki maşından xeyli böyük və hündürdü.
Nə bilim, bəlkə də təsadüf deyilən şeyə inananlar üçün burda qəribə heç nə yoxdu. Maşınlardı da, qırmızı işıqda dayanıblar. Indi nə olsun ki, birinin sürücüsü Allahın, o birininki isə Heydər Əliyevin ətəyindən yapışıb. “Əliyev” “Allah”dan 3 dəfə hündürdüsə də, “Allah” bütün üfüqü tutub.
Təsadüfə yox, semiotikaya inananlar burda başqa şeyi düşünə bilərlər. Küknarlar, neft maşını, şüşəsinə “Allah” yazılmış zibildaşıyan maşın və şüşəsindən “Əliyev” asılmış xarici avtomobil.
Hərə də bir cür izah eləyə bilər bu şəkli. Yəni bu yan-yana düzülmüş işarələr, bu dördlük çarmıx nə deyir bizə. Məsələn, indi fərqinə vardım ki, mən sıralayarkən birinci küknarlardan başlamışam. Ancaq ilk gördüyüm “Hökm tək Allahındır” firkini daşıyan maşın olub. Sırlamamda dördüncü “Heydər Əliyev”in maşını gəlir. Ancaq bu maşın şəkildə gördüyüm ikinci obyektdi. Bəlkə başqa biri ayrı cür sıralama verərdi: birinci minik maşını, ikinci “Zil”, üçüncü neft. Bəlkə heç küknarları görməzdi. Gözü də birinci Heydər Əliyevin portretini, sonra Quran kəlamını görərdi. Bu, nə demək olacaqdı? O olacaqdı ki, kiminsə gözünə birinci Allah görünür, kiminsə gözünə Heydər. Başqa heç nə.
Ancaq bir məsələ var ki, “Allah”ın maşını hər bir halda ortadadı – neftlə Heydərin ortasında. Bu isə bu fotoda danılmaz faktdı: Allahımı, Heydərimi, hansını birinci görürsən gör, üçüncü mütləq neft maşınını görməlisən. Süjet maşınların üstündə qurulduğundan küknarlar çətin görünə.
Maşınlar yoldadı. Biri neft daşıyır. Biri zibildaşıyandı, şüşəsinə Allah yazılıb. Biri isə sürətli minik maşınıdı – Heydər Əliyevdən mədəd umur. Yəni yol polisi çox böyük ehtimalla onu dayandırmayacaq. Çünki maşınının ön şüşəsindən şəxsən ümummilli lider Heydər Əliyev cənabları özü baxır.
“Zil” markalı maşının sürücüsü isə Əliyevdən də, onun oğlundan da əlini üzüb, onlardan gözlədiyi yaxşı bir şey yoxdu və özünü buraxıb Allahın umuduna. Yəni onun bu dünyada ümidi ancaq tək Allaha qalıb. Onu incidirlər. Yol polisləri tez-tez avtomobilini saxlayırlar, sorğu-suala çəkir, sonunda rüşvətlərini alıb buraxırlar. Bu maşının yiyəsinin ruzisi zibildən çıxır. Söhbət rəsmi zibildaşıyan maşınlardan getmir. Bu kişi başqa zibil daşıyır. O zibildən həm öz ruzisini çıxarır, həm də polisləri dolandırır. Ancaq hər bir halda fikirləşir ki, Allah özü onun balalarını saxlayacaq.
Neft daşıyan maşın isə o biri ikisindən yüksəkdədi. O maşın, daha doğrusu, onun daşıdığı maddə olmasa, o biri ikisi yerindən tərpənə bilməz.
Bu fotoda onların üçü də dayanıb. Yox, şəkil çəkdirmək üçün yox. Sadəcə, qırmızı işıq yanıb və dayanıblar. Yaşıl işıq yanandan sonra süjet belə davam eləyəcək: “Əliyev” sürətlə şütüyüb gözdən itəcək. Ola bilsin ki, qarşıda onu qəza da gözləsin. Aşırı sürət, polisdən arxayınlıq bu ehtimalı çox artırır. Neft maşını yenidi, cağbacağdı, benzini çatdıracağı ünvana tələsir, hələ ola da bilsin ki, oğurluq benzindi. Beləcə, o da yoxa çıxacaq. Geriyə qalan “Allah”ın maşını olacaq. Ancaq sonunda o da gözdən itəcək. Şəklin çəkildiyi yerdə həmişəlik qalan təkcə küknarlar olacaq. Dim-dik…

“Allah”, “Əliyev”, neft, küknarlar…
•
•