Abutalıbov 800 milyonu nələrə xərclədi?

“Böyük vəsaitlərin sərf olunduğu layihələrin heç biri barədə cəmiyyətə məlumat verilmir”

2006-cı ildən bəri Bakıda abadlıq və yenidənqurma işlərinə 800 milyon manatdan artıq vəsait xərclənib. Bu günlərdə eyni məqsədlər üçün prezidentin ehtiyat fondundan daha 20 mln. manat ayrılıb. Ancaq bu pulun konkret hansı işlərə xərclənəcəyi barədə heç bir söz deyilmir.
Xatırladaq ki, Bakı şəhərin abadlaşdırılmasına 2006-2007-cı illərdə 25 milyon manat, 2008-ci ildə 14 milyon manat, 2009-cu ildə 15 milyon manat, həmçinin Prezidentin ehtiyat fondundan 20 milyon manat, 2010-cu ildə 25 milyon manat, 2011-ci ildə 350 milyon manat, Prezidentin ehtiyat fondundan 10 milyon manat, 2012-ci ildə isə 327 milyon manat, Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Bu da ümumilikdə 806 milyon manat edir. Paytaxta ayrılan pullar təkcə bununla bitmir. Ancaq hesabatlılığın olmaması vəsaitlərin hansı məqsədlər üçün sərf edildiyini müəyyən etməyə imkan vermir. Lakin paytaxtda eyni işlərin təkrar həyata keçirilməsi onu deməyə əsas verir ki, ayrılan vəsaitlər təyinatına uyğun xərclənmir. Hesabatlılığın olmaması isə korrupsiya meylləri üçün şərait yaradır.
Əslində Bakıda görülən işlər 806 mln. manata cavab verirmi?

Iqtisadçı-ekspert Azər Mehtiyev Bakı şəhərində son illər abadlaşma adı altında daha böyük vəsaitlərin sərf olunduğunu deyir. Hətta bəzi hallarda böyük vəsaitlər xərclənib təmir edilən binalar daha sonra sökülüb. Lakin Azərbaycanda sistem elə qurulub ki, böyük vəsaitlərin sərf olunduğu layihələrin heç biri barədə cəmiyyətə məlumat verilmir. Bu da onların dəyərinin şişirdilməsinə imkan verir.
Ekspertin sözlərinə görə, 806 mln. manat Bakı şəhərinə ayrılan vəsaitləri tam əhatə etmir. Bundan əlavə “Təmiz şəhər” ASC-yə, Bulvar Idarəsinə, Dövlət Bayrağı Meydanının idarə olunmasına xərclənən vəsaitlər bu məbləğə daxil deyil. Söhbət milyardlarla manatdan gedir.
Ekspert görülən işlərin keyfiyyətsizliyinə də toxundu: “Işlər yarımçıq görülür. Təmir edilən binalar sonra köçürülür. Bir neçə on illiklər üçün nəzərdə tutulan yol və körpülər istifadəyə veriləndən qısa müddət sonra təmirə dayanır. Bununla da minlyonlarla manat göyə sovrulur. Çünki heç bir hesabatlılıq yoxdur”.
Ekspert layihələrin təhvil verilməsindən sonra sənədlərin arxivləşdirilməsinin həyata keçirilmədiyini də qeyd etdi. Bu da gələcəkdə vəsaitlərin necə istifadə edildiyini müəyyənləşdirməyə çətinlik yaradacaq.

Fizzə