İranın Rusiyadakı səfiri Rza Secadi srağagün gitara ilə bağlı sosial şəbəkədə izah verməli olub. Səfir yazır ki, bəzilərinin Iranın obrazını qaralamasından narahatdır və məcbur olub gitara məsələsinə aydınlıq gətirib. Məsələ belədir, Aleksandr Kozlovski adlı bir nəfər il yarım ərzində Çeçenistanı, Azərbaycanı, Özbəkistanı və Iranı gəzib, bundan sonra kitablar yazıb. Iran barədə olan “Unudulmaz ölkə” adlı kitabda isə gitaranın orada qadağan edildiyini qeyd edib. Daha doğrusu yazıb ki, Iranda gitara ilə ifa edib oxusaydı, həbsə düşə bilərmiş.
Bu yerdə adamın yadına iki gənc azərbaycanlının həbsi düşür, hansılar ki, dünən azad edildilər. Amma bilirsiniz ki, onlar gitarada ifa etdikləri üçün tutulmayıblar. Bu gənc şairlər iki avtoritar ölkə arasında yaşanan münasibətlərin qurbanı idi. Azərbaycan Irana yaxın saydığı insanları burada şərləyib tuturdu, onlar da orda bu iki gənci şərləyib həbs etmişdilər. Gerçəkdə nə baş verdiyini isə heç kim bilmir. Iki qeyri-şəffaf hakimiyyətdir, heç birinə də inanmaq olmur. Nəhayət, hər iki rejim yenidən dil tapdılar, onlar da, bunlar da iki nəfər buraxdılar. Onsuz da hər iki tərəfdə tutulanlar bizim vətəndaşlar idi. Bütün hallarda yaxşı qurtardı bu məsələnin sonu, şairlər Vətənə döndülər və indi rahatca öz şeirlərini yaza bilərlər…
Qayıdaq gitara söhbətinə. Səfir öz izahında Iranda musiqinin necə yüksək inkişaf etməsindən danışıb, yazısında əlində gitara olan bir qadın şəkli də yerləşdirib. Açığı, o yazını oxuyandan sonra mən də gitaranın Iranda qadağan olunduğuna inanmadım. Təbii ki, baxır ifa etdiyin musiqiyə, oxuduğun mahnının sözlərinə. Bu istiqamətdə qadağaları isə heç səfir də inkar etməz. Ümumilikdə isə o, ölkəsində gitaranın bir alət kimi qadağan olunmadığına məni də inandıra bildi.
Amma deyəsən səfirin özü də bir həqiqəti görmək istəmir. Nədir bu həqiqət? Görün Iran qadağalarla necə ad çıxarıbsa, ən absurd qadağalar bu dövlətin adına uyğun sayılır. Zatən az qadağa yoxdur bu ölkədə, amma həm də olmayanı da onun adına düşünür və güman edirlər. Ilk baxışdan mənə də təəccüblü gəlmədi gitara qadağası. Heç kimə təəccüblü gəlməz. Iran üçün təəccüblü deyil hansısa qadağa. Gəlincik kuklasının qadağan edildiyi ölkədir bu. Səfir bunu düşünməli idi. Iranın adını kimsə qaralamır, Iran özü-özünü qara fikirlərə yazdırıb. Böyük tarixi olan, böyük mədəniyyəti olan bir ölkənin adı indi qadağalarla bir yerdə təsəvvür edilir. Iranın gitara problemi bundan ibarətdir…
İlham Əliyev dənizi satsa, yaxud alsa…
Oxşar bir olay. Dünən Ilham Əliyev də korrupsiya ilə bağlı yeni sərəncam imzalayıb, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib.ÿIlham Əliyev bundan əvvəl də belə bir planı təsdiq etmişdi. Deyəsən beşillik bir plan idi. Amma korrupsiya ölkədə çiçəkləndi. Görünməmiş bir sürət qazandı. Korrupsiyasız sahə qalmadı. Indi korrupsiyasız hansısa işi təsəvvür etmək olmur. Ilham Əliyevin ailəsinə bağlı böyük-böyük şirkətlərin, bankların olduğu ortaya çıxdı. Indi bizim ölkədə hansı binanı, şirkəti, ərazini göstərib desələr ki, bu prezidentə, yaxud onun nazirlərinə məxsusdur, kimsə etiraz etməz. Hətta desələr ki, bunlardan biri filan dənizi, digəri filan dağı alıb, yaxud satıb, buna da inanarlar. Necə ki, Iran haqda “yəqin gitara da qadağandır” fikirləşirlər, burda da elə. Çünki hər şeyi alıb-sata bilirlər…

Doğrudanmı İranda gitara qadağan olunub?
•